“Azərbaycan balanslı siyasətdən əl çəkməyəcək” – Politoloq

"Azərbaycanın xarici siyasəti oturuşmuş siyasətdir. Bizim hökumətin bu gün həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət ən optimalıdır".

Bu fikirləri  Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov Azərbaycanın geosiyasət labirintindəki istiqamətləri barədə danışarkən deyib. 

O bildirib ki, Azərbaycan çox gərgin və çətin bir geocoğrafi mövqedə yerləşir: "İran, Rusiya, İsrail, Türkiyə, Səudiyyə Ərəbistanı, ABŞ, Avropa İttifaqı və Çin kimi maraqları bir-biri ilə uzlaşmayan ölkələrin dairəsində yerləşir. Belə olan təqdirdə onların hər biri bizdən vektor seçməyimizi, bəzən özlərinin lehinə görə balanslı siyasətdən əl çəkməyimizin də tərəfdarıdırlar. Düşünmürəm ki, Azərbaycan bunu edəcək. Balanslaşdırılmış siyasət mütləq şəkildə davam etməlidir. Rusiya bizim ən yaxın və güclü qonşularımızdan biridir. Rusiya-Azərbaycan münasibətləri son zamanlar artan xətt üzrə inkişaf edir. Amma, eyni zamanda Rusiyada müəyyən qüvvələr var ki, onlar bu münasibətə zərbə vurmaqda maraqlıdırlar və tez-tez bunu vəd edirlər. Həmin qüvvələrin Rusiyada hansılar olduğu da bizə yaxşı məlumdur. İran bizim qonşumuzdur və Azərbaycanı İrana tarixi bağlar bağlayır. İrandakı sabitlik bu gün Azərbaycan üçün çox vacibdir və təsadüfi deyil ki, Bakı dəfələrlə bildirib, İrana qarşı Qərb ölkələrinin hər hansı bir əməliyyatlarında Azərbaycan iştirak etmir". 

Politoloq əlavə edib ki, Azərbaycan-İsrail münasibətləri strateji, hərbi və iqtisadi sahədə qurulub: "Bu münasibətlərin güclü olması Azərbaycanın dünyadakı imicinə, həmçinin ABŞ-Azərbaycan münasibətlərinin inkişafına gətirən məsələlərdən biridir. Regionun təhlükəsizliyi üçün İsrailin Azərbaycanla hərbi müstəvidə əməkdaşlığı çox vacibdir. Azərbaycan-İsrail münasibətlərinə qısqanclıqla yanaşan qüvvələr də çoxdur. Azərbaycan enerji resurslarının əksər hissəsi Avropaya nəql olunur. Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-ABŞ arasında münasibətlərdə böyük problemlər yoxdur. Zaman-zaman müxtəlif lobbilər tərəfindən idarə olunan avropalı deputat və siyasətçilərdən Azərbaycana və onun hökumətinə qarşı ikili standartlar müşahidə olunmaqdadır. Lakin ümumilikdə Qərblə Azərbaycan münasibətlərinə geostrateji mövqedən yanaşdıqda hər iki tərəf bu münasibətlərin inkişafında maraqlıdır. Son zamanlar Amerika tərəfindən istər münaqişə, istərsə də Cənubi Qafqaz ilə bağlı bəyanatlarında daha çox obyektivlik və beynəlxalq hüququn qorunması nəzərə alınır".

Z. Məmmədov vurğulayıb ki, müəyyən vektorlar istiqamətində ara-sıra soyuqlaşma, mülayimləşmə kimi tendensiyalar müşahidə edə bilərik: "Lakin ümumi götürdükdə bütün vektorlarla münasibətlər əvvəlki xətt üzrə inkişafını davam etdirəcəkdir. Baxmayaraq ki, ayrı-ayrı vektorlar bir-birinə qısqanclıqla yanaşır və zamanla Azərbaycan ilə digər vektor münasibətləri pozmağa cəhd edirlər. Ümumi götürdükdə isə bu hədəf onlara əlverişli olmayacaq, çünki Azərbaycan xarici siyasəti hər şeyin fərqindədir".

Azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31