Separatçıların lideri ilə Paşinyan arasında münasibətlər gərginləşir
Saakyan Nikol üçün real təhlükə mənbəyinə çevrilir
29 Yanvar 2019 15:48 SiyasətSaakyan Nikol üçün real təhlükə mənbəyinə çevrilir
İnqilabçı Nikol Paşinyan son parlament seçkilərində Qarabağ klanını tamamilə zərərsizləşdirib hakimiyyətə tam nəzarəti ələ keçirsə də, lakin baş nazirin hələ də bu klandan tam sığortalanmadığını deyə bilərik. Çünki Qarabağ klanı hə nə qədər parlamentdən və hökumətdən kənarda qalsa da, lakin bu klanın əsas özəyi olan qondarma Dağlıq Qarabağ Respublikasının separatçı rəhbərliyi Paşinyan hakimiyyəti üçün real təhlükə mənbəyi olara qalır. Özü də Paşinyan üçün Dağlıq Qarabağ separatçıları 3 istiqamətli təhlükə sayılır. Birincisi, hər an Qarabağda situasiya dəyişə, qondarma rejimin rəhbərliyi mərkəzi İrəvana itaətsizlik nümayiş etdirərək ona qarşı açıq şəkildə mübarizəyə qalxa bilər. İkincisi, qondarma rejimin rəhbərliyinin Rusiya ilə isti münasibətləri Paşinyan üçün təhlükəni artıra bilər. Yəni, Paşinyan hakimiyyətini yola gətirə bilməyən Moskva Qarabağ klanına, daha dəqiq desək separatçıların lideri Bako Saakyana stavka edərək onu Paşinyana qarşı qaldıra bilər. Nəhayət üçüncü amil separatçıların liderinin Qərb, Birləşmiş Ştatlarla da isti münasibətlərə malik olmasıdır. Belə ki, hazırda Bako Saakyanın okeanın o tayında, eləcə də Avropada olan reytinqi Paşinyanın reytinqindən dəfələrlə çoxdur. Bir müddət əvvəl separatçıların liderinin Birləşmiş Ştatlar Konqresi, Fransada, Rusiyada keçirdiyi görüşlərin fonunda bunu aydın görmək mümkündür. Elə bütün bu amilləri nəzərə alaraq ekspertlər də hesab edirlər ki, qondarma Dağlıq Qarabağ Respublikasının rəhbərliyi hazırda Ermənistanın baş naziri Nikol Paşinyan üçün ciddi təhlükə mənbəyi rolunu oynayır. Hətta Paşinyanın Dağlıq Qarabağ probleminin həlli məqsədilə rəsmi Bakı ilə apardığı danışıqlar da separatçı rejim tərəfindən ciddi tənqid olunur. Artıq qondarma rejimdə belə bir rəy formalaşdırılır ki, Nikol Paşinyan Azərbaycanın işğal edilmiş rayonlarını Bakıya qaytarmağa hazırdır. Öz növbəsində Nikol Paşinyan da separatçıların liderinə qarşı əks hücuma keçmək barədə düşünür. Məlumat üçün qeyd edək ki, baş nazir Nikol Paşinyan bir neçə dəfə qondarma rejimin rəhbəri Nikol Paşinyana öz xəbərdarlığını edib ki, Ermənistanın daxili işlərinə qarışmasın. Göründüyü kimi tərəflər arasında münasibətlər düşündüyümüzdən də gərgindir. Elə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da bu qənaətdədir. Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan bir dəfə Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanı xəbərdar etmişdi ki, onlar Ermənistanın daxili işlərinə qarışmasınlar, baş nazirə ağıl öyrətməsinlər: "Hətta Nikol Paşinyan bu məqsədlə Bako Saakyanı təcili İrəvana da çağırmışdı. Ancaq deyəsən separatçılar Nikol Paşinyanın xəbərdarlığını qulaqardına vururlar. Məsələn, "Dağlıq Qarabağ Respublikasının Təhlükəsizlik Şurasının katibi" Vitaliy Balasanyan erməni saytlarından birinə müsahibəsində deyib ki, eks-prezident Robert Köçəryanın hakimiyyəti devirmək maddəsiylə ittiham olunması onda gülüş doğururur: "Hakimiyyətdə olan şəxs hakimiyyəti necə devirə bilər?" Balasanyan baş nazir Nikol Paşinyanı misal gətirərək, "bu ona bənzəyir ki, Paşinyan hakimiyyətdə qalmaq üçün hakimiyyətə qarşı çıxır". Göründüyü kimi separatçıların təmsilçisi Nikol Paşinyana meydan sulayır, baş naziri aşağılayır, onun həbsxanadakı rəqibinə açıq dəstək verir. Vitaliy Balasanyan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə imzaladıqları bəyanatda "xalqları sülhə hazırlamaq lazımdır" müddəasını da anlamadığını bu sözlərlə ifadə edib: "Sülh sazişi olmadan xalqları barışa necə hazırlamaq olar?". Başqa sözlə Xankəndi danışıqların hazırki gedişindən də narazıdır".
Politoloq deyib ki, əslində Balasanyan lideri Bako Saakyanın düşündüyünü deyir: "Cavab vermək növbəsi Nikol Paşinyanınıdır. Nikol Paşinyan Xankəndidən ona qarşı uzanan ittihamlara sussa separatçılar onu zəif bilib daha çox üstünə gedəcəklər. Biz isə Xankəndi ilə İrəvan arasındakı bu "mesajlaşmanı" diqqətlə izləməli və öz faydamız üçün istifadə etməyi bacarmalıyıq. Ancaq bunu bacarmaq üçün usta gedişlər və gərəkli informasiyaların kənara yayılmasını təmin etmək lazımdır".
Məhəmməd