"Avropa Parlamenti üçün demokratiya, insan haqları prioritet məsələ deyil"
29 Yanvar 2019 14:37 Siyasət"Ümumiyyətlə Avropa Parlamenti indiyədək bir çox məsələlərə göz yumub və ikili standartlardan çıxış edib. Hətta mən deyərdim ki, bu ikili standartların sayı səkkizlik, doqquzluq standartlara gəlib çıxıb". Bunu Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.
YAP GB sədrinin sözlərinə görə, Avropa Parlamenti üçün demokratiya, insan haqqları və s. heç də prioritet məsələ deyil: "Sadəcə olaraq bu kağız üzərindədir və özlərinə lazım olanda da bundan istifadə edirlər. İkincisi, Ermənistan o qədər zəif, lazımsız bir dövlətdir ki, orada yüz min insan da ölsə, bu, avropalıları maraqlandırmayacaq. Amma Azərbaycan bu gün inkişaf edir və söz sahibidir. Azərbaycan artıq Avropa dövlətləri ilə müqayisə olunacaq bir gücə sahibdir. Onlar istəyirlər ki, beynəlxalq layihələrdə Azərbaycanı sıxışdırıb ölkəmizə təsir göstərə bilsinlər. Onlar neçə ildir ki, bu taktikadan istifadə edirlər və heç bir nəticə əldə edə bilmirlər. Cənab Prezident Azərbaycanın mövqeyini, ölkəmizin qazandığı nailiyyətləri, xalqın mənafeyini daim qoruyub və bundan sonra da qoruyacaq. Bu gün Avropa Parlamenti Ermənistanda əsirlikdə saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı hansı qərarı verib? Əlbəttə, heç bir şey etməyib. Bunlar hamısı siyasi oyunbaz və işbaz adamlardır. Məqsədləri isə bəllidir, belə məsələlərdən siyasi təzyiq kimi istifadə edib beynəlxalq layihələrdə Azərbaycandan daha çox pay qoparmaq, istisadiyyatımıza qeyri-qanuni, qeyri-bərabər rəqabətli investisiya qoymaqla milyardlar qazanmaqdır. Mən buna ikinci bir ad fikirləşmirəm. Çünki burada haqq və ədalətindən söhbət gedə bilməz".
SİA