Politoloq: "Avropa Parlamentinin bu addımı riyakarlıqdır"

"Avropa Parlamentinin Ermənistanda baş verənlərə susması çox təəccüblüdür. Çünki, bu ölkədə həbsxanada ölən şəxs sosial şəbəkənin fəalı, siyasi partiyalardan birinin sədr müavinidir. Onun həbsxanaya atılmasının ciddi səbəbinin olmaması barədə məlumatlar dolaşmaqdadır. Xüsusilə gənc və kifayət qədər sağlam olan bir şəxsin həbsxanada öldürülməsi, ona qarşı işgəncə buna bənzər hadisələrin olduğunu göstərir. Baş verənlər həqiqətən də hakimiyyət tərəfindən işlədilən suç kimi qəbul edilə bilər". Bu fikirləri  politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, ən azından baş verən hadisələrin araşdırılması üçün beynəlxalq təşkilatlar, Avropa tərəfindən bəyanat formasında fikir ifadə edilməli idi: "Çünki burada söhbət insan həyatından və bu şəxsə qarşı şübhəli davranışlardan gedir. Bəzən Avropanın ikili standartlardan yaxa qurtardığını, dünyada baş verən bütün hadisələrə eyni mövqedən yanaşdığını düşünmək istəsək də, Ermənistanda baş verənlərə göz yumulmasına gəldikdə burada fərqli mənzərənin şahidi oluruq".

Onun sözlərinə görə, Ermənistanda siyasi fəalın öldürülməsi ciddi qanun pozuntusu olmaqla yanaşı, hakimiyyət üçün siyasi məsuliyyət yaradan faktdır: "Bu fakta Avropa ölkələri, digər beynəlxalq təşkilatların, BMT-nin insan haqları ilə bağlı komitəsinin münasibət göstərməməsi ciddi təəssüf hissi doğurur".

Q. Hüseynli söyləyib ki, Avropa Parlamentinin Mehman Hüseynovla bağlı əsası olmayan məsələni şişirtsə də, Ermənistanda ölümlə nəticələnən hadisəyə reaksiya verməməsi riyakarlığın göstəricisidir: "Ermənistanın hüquq mühafizə təşkilatları da məsələyə zəif formada reaksiya verdilər. Zənnimcə, beynəlxalq təşkilatlar bu işə müdaxilə etməsə, siyasi şəxsə qarşı işgəncə faktlarının, buna bənzər zorakılıq hallarına siyasi qiymət verməzsə, bu, Avropanın ayıbı olaraq yaddaşlarda qalacaq".

Politoloq vurğulayıb ki, Avropa Parlamenti Ermənistana qarşı münasibətdə həddindən artıq riyakarlıq nümayiş etdirməsini xristian təəssübkeşliyi, kimi qiymətləndirməkdən başqa əlacı qalmır: "Ermənistan işğalçı, təcavüzkar ölkədir. Nədənsə bəzi təşkilatların bunu söyləməyə cəsarəti çatmır. Ermənistan Azərbaycana külli miqdarda ziyan vurub, işğal olunan ərazilərdə tarixi və mədəni abidələri dağıdıb, ekologiyaya, yer quruluşuna ciddi zərbə vurub, toponimləri dəyişdirib. Bəzi ərazilərdə məskunlaşma siyasəti aparır, azərbaycanlıların tarixən yaşadığı ərazilərə uzaq Suriyadan ermənilər köçürülür. Bütün bunlar beynəlxalq səviyyədə cəzalandırılmalı, ciddi siyasi mövqe ortaya qoyulmalıdır. Amma təəssüf ki, nə siyasi aktivin öldürülməsi, nə də digər məsələlərə münasibət bildirilmir. İkili standartlılıq Avropa dəyərlərinə etinasızlıq, tarixən mədəniyyətlərin daşıyıcısı olan Avropanın gözdən salınması siyasətidir".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31