Bələdiyyələrin İnkişafına Yardım İctimai Birliyinin Avropa Parlamentinə müraciəti
Hörmətli Avropa Parlamentinin nümayəndələri!
29 Yanvar 2019 11:46 SiyasətHörmətli Avropa Parlamentinin nümayəndələri!
Ermənistan Respublikasının "Nubarasen" təcridxanasında saxlanılan Haynews.am saytının rəhbəri və "Erməni Qartalları: Vahid Ermənistan" partiyasının sədr müavini, siyasi məhbus Mger Yegiazaryan 52 günlük açlıq aksiyasından sonra vəfat edib. Xatırladaq ki, bu şəxs siyasi fəaliyyətinə görə qondarma ittihamlarla həbs edilib və buna etiraz olaraq keçən il dekabrın 5-də aclıq aksiyasına başlayıb. Ermənistanda siyasi hakimiyyət dəyişəndən dərhal sonra yüzlərlə siyasi fəal, partiya üzvləri, keçmiş hərbiçilər həbs olunub. Ölkənin keçmiş prezidenti Robert Koçaryan hal-hazırda həbsdədir. Ermənistanda yaşanan proseslər Avropa Parlamenti (AP) kimi qurumların diqqətindən kənarda qala bilməz. Demokratik ənənələri, insan hüquqlarını əsas meyar tutan Avropa Parlamenti baş verən hadisəni sükutla qarşılamamalıdır. Xatırlatmaq istərdik ki, Avropa Parlamenti yanvar ayının 17-də təcili qaydada azərbaycanlı bloqçu Mehman Hüseynovun işi ilə bağlı qətnamə qəbul etmişdi. Orada Mehman Hüseynovun guya açlıq elan etdiyinə, bu şəxsə qarşı guya yenidən ittiham irəli sürüldüyünə etiraz ifadə olunurdu. Halbuki, bu iddiaların heç biri tam təsdiqini tapmadı və Mehman Hüseynova qarşı da heç bir yeni ittiham irəli sürülmədi. Təcridxanada mübahisə etdiyi şəxslə barışdı və məsələ müsbət həll olundu. Avropa Parlamenti Mehman Hüseynov məsələsini araşdırmadan dərhal Azərbaycan qarşı qətnamə qəbul etdi. Bu gün Azərbayan ictimaiyyəti, vətəndaş cəmiyyəti institutları Ermənistanda aclıqdan ölən siyasi məhbusla bağlı Avropa Parlamentinin analoji addımı ataraq obyektivlik naminə Ermənistana qarşı dərhal qətnamə qəbul edəcəyini gözləyir. Əks halda Azərbaycan xalqı Avropa Parlamentinin qərəzli, demokratik prinsiplərdən uzaqlaşmış, ikili standartlarla fəalliyyət göstərən qurum kimi qəbul edəcək. Parlamentarilər Ermənistanda siyasi məhbusun ölümünü sıradan bir hadisə kimi qiymətləndirməməlidir. Sizə sual edirik: Niyə susursunuz?! Azərbaycanı olmayan hadisələrdə ittiham edən, hədəf seçən və ona qarşı yubanmadan qətnamə çıxaran Avropa Parlamenti Ermənistanda baş verən daha ağır hadisəni niyə görməməzliyə vurur?
Hörmətlə, Bələdiyyələrin İnkişafına Yardım İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı