Putinin Paşinyanı qəbul etməməsi ondan xəbər verir ki... – Şərh

Rusiya ilə Ermənistan arasında əsən soyuq rüzgarlar fonunda rəsmi İrəvanın Bakı ilə birbaşa təmasları artır. Rusiya ictimai-siyasi dairələrinin Davosda Azərbaycan və Ermənistan liderlərinin görüşündən özlərinə uyğun nəticələr çıxarması əsasən, onların narahatlığından irəli gəlir. Çünki iki ölkə arasında birbaşa təmas Moskvanın iştirakı olmadan reallaşdığına görə Kremldə qıcıq yaradır.

Bunu  siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.

O qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçiliyini qəbul etmir. Məhz Paşinyanın Davosdan birbaşa Moskvaya getməsi, Putin tərəfindən qəbul edilməməsi Kremlin indiki hakmiyyəti ilə kəskin fikir ayrılıqlarının təzahürüdür:

"Bu fikir ayrılıqlarına Qarabağ münaqişəsinin həll variantları da daxildir. Paşinyan "Lavrov planı"nı qəbul etmir, Vaşinqtonla əlaqələrə üstünlük verir. Çünki bu onun hakmiyyəti üçün Moskva tərəfdən təhdid və təhlükədir. Zənnimcə, bir məsələni xüsusi olaraq qeyd etmək lazımdır. Kremlin ideoloqu sayılan, politoloq Aleksandr Duqin qeyd edir ki, Paşinyan Sərkisyanın vaxtilə qaytarılmasına razılaşdığı beş rayondan imtina edir. Amma Duqin bilərəkdən beş rayon əvəzində şərtləri açıqlamır. Ona görə ki, beş rayonun əvəzində Kremlin şərti ölkəmizin əleyhinədir. Duqin vurğulayır ki, Paşinyan 2016-cı ilin aprel döyüşlərindən sonra Qarabağla bağlı razılaşmaları pozur. Göründüyü kimi, Duqin Sərkisyanı müdafiə edir, Paşinyana nifrətini gizlətmir. Çünki məsələyə Rusiyanın geosiyasi maraqları kontekstindən yanaşır, Ermənistanda inqilabı ölkəsinin geostrateji maraqlarına təhlükə sayır".

M.Əsədullazadə onu da bildib ki, A.Duqinin qeyd etdikləri Azərbaycanın milli maraqlarına təhdiddir:

"O, dolayısıyla Qarabağ klanını dəstəkləyir. Yaxşı olardı ki, Duqin Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun qaytarılacağını və ümumiyyətlə, Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyini dilinə gətirsin. Amma bunu deməkdən hər vəchlə yayınır. Ümumiyyətlə, Sergey Markov, Maksim Şevçenko və Aleksandr Duqin özlərini Azərbaycana yaxın sayırlarsa, ilk növbədə nala-mıxa vurmamalıdırlar. Ədalətli mövqe tutmalıdırlar. Bu ədalətli mövqenin kökündə isə BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinə əməl etmək dayanmalıdır".

Siyasi şərhçi, həmçinin qeyd edib ki, hazırda Vaşinqtondan verilən mesajlar yeddi rayonun qaytarılması ilə bərabər münaqişənin ərazi bütövlüyü çərçivəsində həllini özündə ehtiva edir. Kremlə yaxın dairələrin canfəşanlığı, Paşinyanın Sərkisyanın "konstruktiv" razılaşmasını pozması kimi absurd bəyanatlar da yalnız Rusiyanın maraqlarının qorunmasına xidmət kimi qiymətləndirilməlidir.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31