Azər Badamov: "Avropa Parlamenti ancaq maraqlara xidmət edir"

"Avropa Parlamentinin bugünkü fəaliyyətində qeyri-müəyyənlik, reallıqdan uzaq hadisələr baş verir. Ölkələrə qarşı münasibətlərdə ikili standartlılıq və müəyyən məqsəd və maraqlara xidmət özünü göstərməkdədir". Bu fikirləri  Milli Məclisin deputatı Azər Badamov Avropa Parlamentinin İrəvanda Nubaraşen təcridxanasında saxlanılan sayt rəhbəri və partiya sədrinin ölməsinə göz yummasına münasibətini bildirərkən deyib.

Avropa Parlamentində aparılan siyasətə təəssüfünü bildirən deputat söyləyib ki, burada Azərbaycana qarşı fərqli münasibətin göstərilməsi, Mehman Hüseynovla bağlı əsasız addımlar, ölkəmizdə insan haqları ilə bağlı heç bir həqiqətə uyğun olmayan bəyanatların səsləndirilməsi qarşılığında Ermənistanda, eləcə də Avropanın özündə baş verənlərə susması göstərir ki, Avropa Parlamentinin yürütdüyü siyasi xətt heç də demokratik əsaslara söykənmir: "Bu xətt ancaq müəyyən maraqlara xidmət edir".

A.Badamov deyib ki, Azərbaycan islam dünyasında ən inkişaf edən və Avropanın inkişaf edən ölkələri ilə bir cərgədə gedən ölkədir: "Görünür bu gün ölkəmizin hərbi, iqtisadi gücü, təmin olunan sabitlik bəzi dairələr tərəfindən qəbul edilmir. Buna görə də Azərbaycana qarşı ikili standartlı yanaşma mövcuddur".

Avropa Parlamentinin Ermənistandakı özbaşınalıqları dilə gətirmədiyinə təəssüfünü bildirən deputat qeyd edib ki, düşmən ölkədə insan hüququ, azadlığı deyilən bir məhfum yoxdur: "Orada həm əvvəlki həm də indiki rejim insanlara qarşı çox sərt mövqedə olmaqla yanaşı, xunta rejimi bu gün də davam etməkdədir. Nədənsə Avropa Parlamenti, demokratiyadan dərs keçənlər bu reallıqları görmür. Məhz bunun nəticəsidir ki, dünyada özbaşınalıqlar daha da çoxalır. Avropa Parlamenti yaxşı olardı ki, vəziyyəti düzgün qiymətləndirsin. Harada vicdan, söz azadlığının olub-olmadığını düzgün görüb, reallıqları göstərsinlər. Yalnız bu amillər ölkələrin sivil şəkildə öz müqəddəratını qurması mümkündür. Ancaq çox təəssüf Avropa Parlamenti buna qarşıdır və onların qəbul etdiyi bəyanatlar bunu deməyə imkan verir".

A.Badamov vurğulayıb ki, Milli Məclis tərəfindən Avropa Parlamentinə Ermənistandakı baş verənlərə göz yumması ilə əlaqədar etiraz məktubu göndərməyə ehtiyac yoxdur: "Çünki hər kəs oradakı vəziyyətin necə olduğunu yaxşı bilir".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31