"Ermənistan rəhbərliyi xalqını sülhə hazırlamalıdır"
28 Yanvar 2019 14:27 Siyasət"Xalqları sülhə hazırlamaq prosesində atılan addımlar Ermənistanda müəyyən diskusiyaların aparılması ilə başlamalıdır. Belə ki, atılan addımlar fonunda işğal altında olan torpaqların onlara məxsus olmadığını və qaytarılmasının vacib olduğunu, köhnə hakimiyyətin işğal siyasətinin nəticəsi olaraq bir qisminin hal-hazırda həbsdə olmasını və onlara qarşı cinayət işi qaldırıldığını və indiki hakimiyyətin onların davranışına görə məsuliyyət daşımadığını Ermənistan xalqına aşılamaq lazımdır. Ermənistan cəmiyyətində prosesə baxışın dəyişdiyini görsək, bu halda bizdə də hansısa proseslər gedə bilər". Bu fikirləri politoloq İlqar Vəlizadə deyib.
Sonuncu dəfə Ermənistan İctimai Televiziyası tərəfindən bu istiqamətdə süjetin hazırlandığını deyən politoloq söyləyib ki, süjetdə münaqişədən öncə azərbaycanlılarla ermənilərin yaşayış vəziyyətindən bəhs edilirdi və müsbət tərəfləri göstərilirdi: "Əslində bunu yaxşı əlamət kimi qəbul etmək olar. 20 ildən artıqdır ki, Ermənistan cəmiyyətində Azərbaycan başqa cür tanıdılırdı, azərbaycanlılar isə vəhşi, başkəsən, quldur kimi təqdim olunurdu. Lakin indi vəziyyət dəyişib. Bütün hallarda indiki müsbət dəyişikliyin konkret nəticələri olmalıdır".
İ.Vəlizadə qeyd edib ki, Ermənistanın hazırkı hakimiyyəti nədənsə bir qədər ehtiyatla davranır və danışıqlarda gedən məsələlərlə bağlı geniş açıqlama vermir.
Ermənistanın yeni hakimiyyətinin Ter-Petrosyan dövründəki platformaya qayıtmaq ehtimalına toxunan politoloq vurğulayıb ki, baş verənlər sanki indiki hakimiyyət yenidən o platformaya qayıtmasına dəlalət edir: "Çünki, hazırkı şəraitdə Ermənistan üçün iqtisadi vəziyyətinin yaxşılaşdırması üçün yeganə reallıq Azərbaycanla sülhə getməkdir. Burada əlbəttə ki, Madrid prinsipləri əsas götürülməlidir. Söhbət ondan gedir ki, ermənilər 5 rayonu azad etməlidir".
SİA