"Davos həm də siyasi məsələlərin müzakirəsi üçün əhəmiyyətli platformadır"

"Davos İqtisadi Forumu yarandığı ilk illərdə tədbirlərə yalnız iqtisadçılar toplaşırdısa, son illər bura dövlət başçıları, baş nazirlər, siyasətçilər və jurnalistlərin gəlib mühüm məsələləri müzakirə etdiklərini görürük". Bu fikirləri politoloq, keçmiş diplomat Fikrət Sadıqov deyib.

Azərbaycan Prezidenti İlham Əliyevin forum çərçivəsində siyasi şəxslərlə görüşdüyünü xatırladan politoloq söyləyib ki, ölkə başçısının forum çərçivəsində keçirilən "Bir kəmər, bir yol" təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı" mövzusunda sessiyada iştirakı zamanı mühüm siyasi sualları cavablandırdığını dilə gətirib.

O bildirib ki, Azərbaycan prezidenti bu mühüm platformadan istifadə edərək, keçirdiyi görüşlərdə Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirərək, Ermənistan-Azərbaycan münasibətlərini açıqlayıb, geniş şəkildə təhlil edib: "Eyni zamanda Prezident İlham Əliyev Çin və Rusiya mətbuat orqanların müsahibə verərək, ciddi siyasi məsələləri qaldıraraq siyasətlə bağlı problemlər üzə çıxarmış oldu. Bütün bunlar önəmli məsələlərdir".

F.Sadıqov qeyd edib ki, forumda iqtisadi məsələlərlə yanaşı siyasi proseslərin müzakirə edilməsi normal haldır: "Çünki, siyasətlə iqtisadiyyat bir-biri ilə sıx bağlıdır. Əgər hansısa ölkəyə iqtisadi sanksiyalar tətbiq olunursa, bu həmin ölkənin siyasi güzəştlərdən məhrum olması deməkdir. Bu baxımdan son illər siyasi amillərin Davos Forumunda geniş şəkildə müzakirə olunmasını müşahidə edirik. Bütün bunları nəzərə alaq, deyə bilərik ki, Davos Forumu təkcə iqtisadi deyil, eləcə də siyasi məsələlərin müzakirəsi baxımından əhəmiyyətli və önəmli platformadır".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31