"Azərbaycan Avropa Şurası vasitəsilə həqiqətləri beynəlxalq aləmə çatdıra bilib"
25 Yanvar 2019 18:08 Siyasət"Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasından ötən 18 il ölkə həqiqətlərimizin beynəlxalq aləmə, xüsusilə də Avropa ailəsinə çatdırılmasına geniş imkanlar qazanıb" . Bu fikirləri politoloq İlqar Vəlizadə deyib.
O bildirib ki, Azərbaycanın bu illər ərzində təşkilatda tərəfdaşlar qazanması əldə olunan ən böyük uğurlardan hesab oluna bilər: "Açıq etiraf edək ki, Avropa Şurası səhnəsində hər zaman ermənipərəst mövqedən çıxış edənlər özünəməxsus yer tutublar. Onlar indi də ara-sıra ölkəmizin əleyhinə çıxışlar edir, anti-Azərbaycan mövqelərini nümayiş etdirirlər. Amma buna baxmayaraq, Azərbaycan 18 ildə həqiqətlərimizi, mövqeyimizi geniş şəkildə nümayiş etdirməklə digər ölkələrdən dəstək əldə etməyi bacara bilib".
İ.Vəlizadə söyləyib ki, Azərbaycanın Avropa Şurasına üzvlüyündən sonrakı dövr ərzində ölkəmizin qurum qarşısında götürdüyü öhdəlikləri yüksək səviyyədə yerinə yetirib: "Hazırda Azərbaycan Avropa Şurasının insan haqlarının qorunması, demokratiyanın daha da inkişaf etdirilməsi, qlobal problemlərin həllinə yardım göstərilməsi, beynəlxalq öhdəliklərə vicdanla əməl edilməsi kimi prinsiplərini rəhbər tutaraq bu qurumla əməkdaşlığı dinamik şəkildə inkişaf etdirir. Ümumiyyətlə, Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv seçildikdən sonra bu qurumla əlaqələrin genişləndirilməsi istiqamətində önəmli addımlar atılıb".
Politoloq söyləyib ki, beynəlxalq siyasətdə əldə olunan uğurlar nəticəsində ölkəmiz dünya arenasında öz rolunu təsdiqləyib: "Bunun üçün dəlillər var. Ölkəmiz bur neçə il bundan öncə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdi. Azərbaycan hazırda Qoşulmama Hərəkatının sədridir. Bu da əlbəttə ki, Azərbaycanın nüfuzundan xəbər verir. Ölkəmizin regional təşkilatlarda kifayət qədər böyük nüfuzu var. Bura İslam Əməkdaşlıq Təşkilatı, TÜRKPA, İƏT və digərləri daxildir".
Azərbaycan təkcə siyasi iqtisadi deyil, eləcə də humanitar layihələrdə iştirak etdiyini deyən İ. Vəlizadə qeyd edib ki, inkişaf etmiş ölkələrə Azərbaycanın yardım etməsi xüsusi önəm kəsb edir: "Banqladeş, Fələstin, Pakistan və digər ölkələrə humanitar yardımlar edilib ki, bunun özü Azərbaycanın humanitar layihələrdə uğurundan xəbər verir".
SİA