"Münaqişənin həlli istiqamətində dinamikanın olduğunu deyə bilərik"
“Paşinyan 2019-cu ilin Ermənistan üçün iqtisadi inqilab ili olacağını bəyan edib. Belə olan halda, Ermənistanın bir yolu var. O da Azərbaycanla işğala son qoyub, torpaqlarımızı işğaldan azad etmək və bir sıra layihələrə qoşulmaqdır”. Bunu politoloq, sabiq diplomat Fikrət Sadıqov deyib.
25 Yanvar 2019 15:46 Siyasət"Paşinyan 2019-cu ilin Ermənistan üçün iqtisadi inqilab ili olacağını bəyan edib. Belə olan halda, Ermənistanın bir yolu var. O da Azərbaycanla işğala son qoyub, torpaqlarımızı işğaldan azad etmək və bir sıra layihələrə qoşulmaqdır". Bunu politoloq, sabiq diplomat Fikrət Sadıqov deyib.
O bildirib ki, Ermənistan Azərbaycanla danışıqlar formatına getməkdə maraqlı olmalıdır: "İstənilən görüş Ermənistanın məsələni dərk etməsi və sülh yolundan başqa çıxış yolu olmadığını anlaması baxımından əhəmiyyət kəsb edir. Onlar bilməlidir ki, problem həll olunmasa Ermənistanda heç bir iqtisadi inqilabdan söz gedə bilməz".
F.Sadıqov söyləyib ki, Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında istər Düşənbə, istər Sankt-Peterburq, istərsə də İsveçrədə qeyri-rəsmi görüşlərin ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı olmadan keçirilməsi müsbət haldır: "Çünki, bir çox hallarda həmsədrlər bu görüşlərdə ümumi ifadələr səsləndirmək, nələrisə ört-basdır etməyə çalışır, ölkəmizin maraqlarına uyğun olmayan bəyanatlar səsləndirirlər. Hesab edirəm ki, bu formatın davam etməsi Azərbaycanın maraqlarına cavab verə bilər".
Azərbaycan və Ermənistan XİN başçılarının fevral ayında keçirilməsi nəzərdə tutulan görüşə toxunan politoloq vurğulayıb ki, son dövrlərdə məsələ ilə bağlı verilən bəyanatlara nəzər salaq, o zaman münaqişənin həlli istiqamətində dinamikanın olduğunu deyə bilərik: " Bu da əlbəttə ki, keçirilən görüşlər nəticəsində mümkün olub. Amma ümumilikdə məsələ ilə bağlı konkret olaraq pozitiv nəsə söyləmək tez olar. Lakin mövcud dinamika davam edərsə o zaman erməni tərəfinin müəyyən maraq göstərdiyini söyləmək olar".
Qeyri-rəsmi görüşdən sonra Paşinyanın Moskvaya səfərinə gəlincə, sabiq diplomat qeyd edib ki, burada məqsəd Avrasiya İttifaqının yığıncağında iştirak etməkdir: "Lakin burada əsas məsələ Rusiya prezidentinin onunla görüşməməsidir. Bunu hətta erməni mətbuatı da ciddi nöqsan kimi yazaraq Paşinyanı tənqid edir. Putinin iş cədvəlində Paşinyanla görüşün nəzərdə tutulmağını açıqlayıb. Moskva bununla Paşinyana Qərb yönümlü siyasətdən əl çəkməsi ilə bağlı bir mesajdır".
SİA