"Azərbaycan Davos İqtisadi Forumunda diqqət mərkəzində oldu"

"Davos İqtisdi Forumu çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ətrafında müəyyən müzakirələrin aparılması ümumilikdə münaqişənin tənzimlənməsi istiqamətində müəyyən irəliləyişlərə gətirib çıxara bilər". Bu fikirləri  Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Forum vasitəsilə Azərbaycanın iqtisadi inkişafı, eləcə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından geniş imkanlar yaratdığını deyən deputat söyləyib ki, platforma münaqişə tərəfləri arasında ən yüksək səviyyədə təmasların yaranması problemin həlli ilə bağlı Azərbaycanın maraqlarına cavab verə biləcək qərarın qəbulu üçün şərait yaradır.

T.Rzayev Forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla qeyri-rəsmi görüşünə diqqəti çəkərək qeyd edib ki, görüş zamanı Prezident İlham Əliyev tərəfindən Azərbaycanın qəti mövqeyinin səsləndirilməsi bütövlükdə danışıqlar prosesinin xarakterinə ciddi təsir göstərir: "Bu baxımdan Davosdakı görüş münaqişənin tənzimlənməsi istiqamətində ali səviyyədə təmasların davam etdirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilməlidir".

Deputat vurğulayıb ki, Davos İqtisadi Forumunda xüsusilə diqqət mərkəzində olan iştirakçılardan biri də məhz Azərbaycan olub: "Azərbaycan bu gün regionun nəqliyyat, kommunikasiyasını müəyyənləşdirən bir dövlətdir. Azərbaycan Böyük İpək Yolunun bərpasına ən ciddi töhfə verən bir ölkədir. Halbuki Ermənistanın bu istiqamətdə hər hansı bir fəaliyyətini qeyd etmək mümkün deyildir. Hesab edirəm ki, bütün bunlar işğalçı dövlətin də diqqətindən kənarda qalmayıb".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31