ABŞ-ın Maduroya qəzəbinin səbəbi: ordu yeridəcək – Şərh
25 Yanvar 2019 11:40 SiyasətArtıq Maduronun taleyi tükdən asılı vəziyyətdədir.
Bu sözləri politoloq Qabil Hüseynli deyib. O bildirib ki, Venesueladakı indiki rejimin ölkəni idarə etməkdə acizliyi, ən azından fərasətsizliyi, səriştəsizliyi meydana çıxıb:
"Bundan əvvəlki prezident xalqın mənafeyini nəzərə alan siyasət yürütməyə çalışırdı. Doğrudur, xalq həmin prezidentdən də narazı idi. Amma Maduro hökuməti sözün əsl mənasında talançı və yağmalama siyasəti yeritməklə, neft ölkəsi olan Venesuela əhalisinin sosial cəhətdən çox pis vəziyyətdə yaşamasına səbəb olub. Üstəlik də prezidentin legitimliyinə şübhə doğuran məqamlar ortaya çıxıb. Çünki son prezident seçkilərinin, yəni Maduronun seçkiləri saxtalaşdırması və seçkilərin ədalətli keçməməsi ilə bağlı fikirlər də yayılıb".
Politoloq vurğulayıb ki, Venesuela uzun müddətdir Rusiya ilə şübhəli əlaqələr qurmağa çalışır:
"Bundan əvvəlki prezident Uqo Çaves də Rusiyaya meyilli siyasət yürüdürdü. Maduronun dövründə isə Rusiya ABŞ ilə münasibətdə Venesuelanın ərazilərindən geniş istifadə etməyə çalışırdı. Rusiyanın bir müddət əvvəl Venesuelaya 2 ədəd nüvə bombaları daşıya bilən Tu-160 strateji təyyarə göndərməsi də bütün dünyada çox böyük qalmaqala və hay-küyə səbəb olmuşdu. Çünki bu, ABŞ-ın burnunun dibində Rusiyanın nüvə silahları yerləşdirə biləcəyi haqqında müxtəlif fərziyyələrə meydan açmışdı. O zaman ABŞ Maduro hökumətinə hətta nota da vermişdi. Üstəlik də əlavə etmişdilər ki, bu təyyarələr çox köhnəlib, elm və texnikanın inkişaf etdiyi şəraitdə bu təyyarələr ABŞ üçün ciddi bir təhlükə kəsb edə bilməz. Həmin təyyarələrin zibilliyə atılmasının zəruriliyi ilə bağlı müxtəlif fikirlər ortaya çıxmışdı. Hər halda Rusiyanın əzələ, güc nümayişi Maduro haqqında ABŞ-ın niyyətlərinin pisləşməsində əsas rol oynayan amillərdən biri kimi dəyərləndirilə bilər. Vaxtı ilə Sovet İttifaqı Kubaya strateji hücum silahları yerləşdirməklə, Karib dənizi böhranı yaratdığı kimi, indi də Maduro Tu-160 təyyarələrini ölkəyə buraxmaqla buna oxşar vəziyyət yarada bilər".
Politoloq bildirib ki, ABŞ onsuz da çoxdan Venesuelada dəyişiklik etmək istəyirdi:
"İndi Rusiyanın bu addımları, ümumiyyətlə, ölkədə artan narazılıq, son parlament seçkilərində siyasi müxalifətin qələbə çalması və parlamentin spikeri vəzifəsinə müxalifətin nümayəndəsinin gəlməsi buna şərait yaratdı. Ölkədə az qala ikihakimiyyətliliyə oxşar bir vəziyyət yaranmışdı. Maduro ABŞ diplomatik korpusuna ölkəsindən çıxmağa 72 saat versə də, amerikalılar heç yerdən çıxmayacağını və yeni "prezidentlə" işləyəcəklərini bildirib. ABŞ artıq Maduronun hakimiyyətdən getməsi üçün əlində olan bütün imkanlardan istifadə edəcək. Nəinki xüsusi təyinatlılar, hətta lazım gələrsə, quru qoşunlarını da Venesuelaya yeridə bilər. Bu, diplomatların qorunması adı altında baş verəcək. Yəni Maduronun taleyini həll edilmiş hesab etmək olar".
Qeyd edək ki, Rusiya və Çinin Maduronu qəti şəkildə dəstəkləməsindən sonra ABŞ-ın bu ölkəyə ordu yeridə biləcəyi haqda şübhələr yaranıb.
axar.az