“Ərdoğanın addımı anlaşılmazdır” – Politoloq

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Maduroya "Dik dayan, qardaşım, yanındayıq" çağırışına xeyli təəccübləndim. Venesuelada baş verənlər bu ölkənin daxili işidir, xalq ayağa qalxıb və seçimini etmək istəyir. Öz demokratik siyasi sistemi, müsəlman aləmində nümunəvi idarəçiliyi, insan haqlarına hörmətilə seçilən Türkiyənin Maduro kimi öz ölkəsində nüfuzunu itirmiş bir şəxsi müdafiə etməsi anlaşılmazdır".

Bu sözləri politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, dünyanın əksər dövlətləri parlamentin spikeri Xuan Quaidonu dəstəkləyir:

"Hələki Rusiya, Meksika və Türkiyə Nikolas Maduroya dəstək verir. Artıq Tvitterdə türkiyəlilərin Maduroya dəstək həştəqləri yaradılıb. Buna baxmayaraq, Türkiyə xalqının böyük hissəsi Ərdoğanın seçimi ilə həmrəydir".

Politoloq qeyd edib ki, Venesueladakı hadisələrə Birləşmiş Ştatların təsirini inkar etmək olmaz:

"Amma bu ölkədə hər şeyin qaydada olduğunu da söyləmək çətindir. Madurodan əvvəlki prezident Uqo Çaves də bir zaman xalqın çıxışları nəticəsində ölkəni tərk etmişdi. Sonradan ordunun köməyi ilə qayıtdı. Ordunun ölkədə böyük təsir gücü var və müəyyən imtiyazlara sahibdir, cəmiyyətin digər təbəqələrindən seçilir. İndiki prezident də Uqo Çavesin yetirməsidir, bir növ onun siyasi varisidir. ABŞ iddia edir ki, Venesueladakı prezident seçkiləri saxtalaşdırılıb, istər Çavesin, istərsə də Maduronun dövründə keçirilən seçkilərdə saxtakarlıq edilib və buna görə də onlar Nikolas Maduronun legitimliyini tanımırlar. Siyasi müxalifət isə Maduro ilə mübarizə aparır. Müşahidələrimə görə, bu mübarizədə xalq siyasi müxalifətə dəstək verir. Bu gün Venesuelanın paytaxtı Karakasda əliyalın xalqın iştirakı ilə baş verən küçə döyüşləri artıq 16-dan çox insanın həyatına son qoyub. Bu hadisələrin cərəyan etdiyi dövrdə daha yeni qurbanlar olacaq".

Siyasi şərhçi Nikolas Maduronun bu cür dirəniş göstərməsini mənasız hesab edir:

"Venesuela dünyanın zəngin neft ehtiyatlarına malik ölkə olsa da əhalinin əksəriyyəti ehtiyac içərisindədir. Buna görə də ölkədə sosial etirazlar periodik olaraq baş qaldırır və amansızlıqla yatırılır. İndi isə siyasi müxalifət birləşib və parlament seçkilərində ciddi nəzarətin hesabına xalqın dəstəyi ilə parlamentdə xeyli yer qazanıb, spiker müxalifətin nümayəndəsidir. O da ölkədə siyasi gərginliyin artdığı bir dövrdə özünü prezident səlahiyyətlərini ifadə edən şəxs elan edib. ABŞ, Gürcüstan, Venesuelanın qonşuları bu seçimə hörmətlə yanaşdıqlarını və yeni prezidenti tanıdıqlarını bəyan ediblər".

Qabil Hüseynli qeyd edib ki, Nikolas Maduronun ABŞ səfirliyini bağlamasını və oradan şəxsi personalın 72 saat ərzində çıxarılmasını bəyan etməsi əhəmiyyətsiz qərara oxşayır:

"Çünki ABŞ öz diplomatik heyətinə oradan çıxmamaq göstərişi verib və diplomatik heyətə hər hansı xətər toxunulacağı təqdirdə onların təhlükəsizliyini təmin etmək üçün ən zəruri addımları atacağını bəyan edib. Maduro bunu diqqətə alacaqsa, bu, çox təhlükəli bəyanatdır və arxasında uzağa gedən məqsədlər dayanır".

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31