Dünya birliyinin Azərbaycana marağı ildən ilə artır

Davosda ölkəmizlə bağlı geniş məlumatın verilməsi investisiya cəlbi baxımından mühüm əhəmiyyət kəsb edir

Davosda ölkəmizlə bağlı geniş məlumatın verilməsi investisiya cəlbi baxımından mühüm əhəmiyyət kəsb edir

Davosda təşkil olunan 49-cu Dünya İqtisadi Forumu başa çatdı. 110 ölkədən 3000-dən çox iştirakçı qatılan Forumda 350-dən artıq paneldə müxtəlif məsələlər müzakirə olunub. Azərbaycan prezidenti ilə yanaşı foruma 60-dan çox ölkənin rəhbəri qatılıb. Bunlar arasında Yaponiyanın Baş naziri Sindzo Abe, Almaniya kansleri Angela Merkel, Çin rəhbərinin müavini Van Tsişan, Braziliyanın yeni prezidenti Jair Bolsonaru, İtaliyanın baş naziri Cuzeppe Konte, İspaniyanın baş naziri Pedro Sançes, Əfqanıstanın prezidenti Əşrəf Qani, İraq prezidenti Barxam Saleh, Ermənistanın baş naziri Nikol Paşinyan və digərləri də yer alır. Həmçinin BMT və onun təşkilatlarının, Beynəlxalq Valyuta Fondu, NATO, Ümumdünya Bankı, Ümumdünya Ticarət Təşkilatı kimi iri beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı təmin edilib. Bütün bunlar imkan verir ki, Azərbaycan ümumilli problemi olan Dağlıq Qarabağla yanaşı, mövcud potensialını da dünyaya bəyan etsin. Məhz bu imkandan yararlanan prezident İlham Əliyev ölkəmizin əldə etdiyi uğurlar, gözlənilən nəticələr və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi barədə ətraflı məlumat verib, sadalanan məsələlərlə bağlı ölkəmizin mövqeyini açıqlayıb. "Bir kəmər, bir yol" təşəbbüsünün tərəqqisi. Çinin trilyon dollarlıq baxışı" mövzusunda təşkil edilən paneldə dövlət başçısı bildirib ki, Azərbaycan yeni yaradılan infrastrukturu əsasən öz dövlət büdcəsindən maliyyəşdirir: "Müasir infrastrukturun yaradılması bizim hökumətin ən əsas məqsədlərindən biridir. Düşünürəm ki, biz coğrafi vəziyyətimizdən faydalanaraq əsasən infrastruktura, yəni, daxili infrastruktura və Azərbaycanın beynəlxalq hablardan birinə çevrilməsinə imkan verəcək infrastruktura sərmayə yatırmaqla doğru iş görmüşük. Biz yolların, magistralların, hava limanlarının tikintisi, qazlaşdırmanın aparılması, elektrik enerjisinin generasiyası üçün ölkə daxilində infrastruktura sərmayə yatırırıq. Biz, həmçinin nəqliyyat infrastrukturuna da sərmayə yatırmışıq. Bu da bizə yüklərin Şərqdən Qərbə, Şimaldan Cənuba və Cənubdan Şimala nəqlinə imkan verəcək". Dövlət başçısı əlavə edib ki, infrastruktura gəlincə, biz onu əsasən dövlət büdcəsindən maliyyəşdirmişik: "Hesab edirəm ki, infrastruktura investisiya qoymaq üçün neft və qaz satışından əldə etdiyimiz gəlirləri düzgün istiqamətə yönəltməyə müvəffəq olmuşuq və indi biz bununla fərəhlənə bilərik. Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən yolların keyfiyyətinə gəlincə, Azərbaycan dünyada 34-cü yerdə qərarlaşıb. Bunu biz neft və qaz satışlarından əldə etdiyimiz vəsaitlə etdik. Sonra əlbəttə ki, bu, biznes mühitinin yaradılmasına gətirib çıxardı. Çünki sizin müasir infrastrukturunuz, qazlaşdırmanız, elektrik enerjiniz, yaxşı yollarınız və magistrallarınız olduqda onda bizneslər üçün də investisiya yatırmaq daha asan olacaq. Biz bu istiqamət üzrə də işlər görmüşük. Dünya Bankının ən son "Doing Business" hesabatına əsasən Azərbaycan dünya üzrə 25-ci pillədədir və mövqeyimizi rekord göstərici olan 32 pillə yaxşılaşdırmışıq. Biz Dünya Bankının bu proqramında on ən çox islahatçı ölkələr arasındayıq".

Milli Məclisin deputatı, iqtisadçı Rüfət Quliyev deyib ki, Azərbaycan Davos İqtisadi Forumunda  yüksək səviyyədə təmsil olunub. Bu is o deməkdir ki, beynəlxalq təşkilatların Azərbaycana münasibət ildən ilə müsbət məcrada dəyişir və dövlətlərin ölkəmizə maraqları daha da artır. Deputat bildirib ki, bu gün Azərbaycan Davosda iqtisadi məsələlərlə bağlı geniş nailiyyətlər əldə edən, güclü bir dövlət kimi iştirak edir. Forumda 60 ölkənin rəhbərliyi və ümumilikdə 3000 qonağın qatıldığını xatırladan deputat söyləyib ki, foruma qatılanlar Azərbaycan haqqında məlumatları birinci şəxs yəni Azərbaycan Prezidenti İlham Əliyevin dilindən əldə etmək imkanı qazanırlar. Millət vəkili vurğulayıb ki, dünya ölkələrinin və, orada təmsil olunan biznes nümayəndələrinin Azərbaycanla bağlı geniş məlumat əldə etməsi ölkəmizə investisiya cəlbi baxımından mühüm əhəmiyyət kəsb edir: "Biz forum vasitəsilə xarici iş adamları Azərbaycanda iş qurmağa, ölkəmizin əldə etdiyi nailiyyətləri öz gözləri ilə görməyə dəvət edirik. Bu bizə investisiya cəlbi məsələsində mühüm uğurlar əldə etmək üçün geniş şərait yaradır. Hesab edirəm ki bu forumdan sonra da xarici şirkətlər Azərbaycanın dəstəklədiyi layihələrə investisiya qoymaqda maraqlı olacaqlar". Dünyada ölkəmizə olan inam və etibarın getdikcə daha da çoxaldığını dilə gətirən R. Quliyev qeyd edib ki, Azərbaycan bu inamdan istifadə edərək iqtisadiyyatını daha da gücləndirir: " Artıq Azərbaycan forumda və görüşlərdə qeyd edildiyi kimi donor ölkəyə çevrilib və digər ölkələrə investisiya qoyur. Ölkəmizin bu istiqamətdə əldə etdiyi ən böyük uğur dünyanın Azərbaycanı tanıması və hesablaşmasıdır". Deputat əlavə edib ki, Davos İqtisadi Forumu Azərbaycan üçün əhəmiyyət kəsb etdiyi kimi, ölkəmiz də bu forum vacib ölkələrdən biridir. Çünki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələsində önəmli mövqeyə sahibdir". Millət vəkili Elşən Musayev deyib ki, Davosda düzənlənən Dünya İqtisadi Forumu hər zaman öz əhatə dairəsi və qloballığı ilə diqqət cəlb edib. Deputatın sözlərinə görə, bu illik toplantını ən çox iqtisadi spektrda səciyyələndirsələr də Forumun ciddi siyasi əhəmiyyəti də vardır: "Bu səbəbdəndir ki, ölkə Prezidenti, cənab İlham Əliyev uzun illərdir məlum forumun tədbirlərində iştirak edir, orada öz dəyərli fikirlərini söyləyir, dünya liderlərinə, toplantı iştirakçılarına Azərbaycan həqiqətləri barədə səhih, təfsilatlı məlumatlar verir. Bilirsiniz, bu qurum həm də ədalətli hesabatları ilə məşhurdur. Ötən il - Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycan makroiqtisadi mühitə görə dünya miqyasında 39-cu, MDB məkanında isə 1-ci yeri tutub. Bu il isə güman ki, miqyas, göstərici daha da üst pillədə olacaq. Bu nə deməkdir? Bu o deməkdir ki, həm də dünyanın biznes hegemonlarının toplandığı məclisdə Azərbaycanla əməkdaşlığa maraq artacaq, ölkəyə kapital axını güclənəcək. Sabit siyasi durumu olan ölkələrdə iqtisadiyyat hər zaman güclü olur və hamının dostluq eləmək istədiyi, sərmayə qoymaq istədiyi ölkələr də məhz sabit siyasi durumu olan ölkələrdir. Üstəlik, bildiyiniz kimi cənab Prezidentin hər forum çərçivəsində fərdi görüşləri də olur və bu görüşlərdə təbii ki, ölkəmiz üçün faydalı müzakrələr aparılır. Davos Forumu Dağlıq Qarabağ həqiqətlərinin də dolayı və birbaşa yolla dünya ictimaiyətinə çatdırılması üçün yaxşı fürsətdir və bu fürsət də hər zaman gərəkli, lazımlı formada dəyərləndirilir. Ümid edirəm ki, 2019-cu il forumu öz səmərəliliyi və aktuallığı ilə yaddaşlarda qalacaq".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31