Ankara-Moskva ittifaqı çat verməyəcək

İki ölkənin əməkdaşlığı üçün yeni imkanlar yaranır

İki ölkənin əməkdaşlığı üçün yeni imkanlar yaranır

Birləşmiş Ştatlar və Qərbin hər nə qədər Rusiya ilə Türkiyəni qarşı-qarşıya qoymaq planları zaman keçdikcə bir-birini əvəz etsə də, öz növbəsində Ankar ilə Moskva da bir-birinə bir o qədər yaxınlaşır. Artıq iki ölkə arasında münasibətlər elə bir mərhələyə qədəm qoyub ki, hər hansı bir qüvvə Kremillə Ankara arasında gərginlik yaratmaq gücündə deyil. Yaxın tarixdə baş verən təyyarə krizi, Türkiyədə rusiyalı səfirin öldürülməsi, Yaxın Şərqdə, əsas etibarilə Suriyada Türkiyə ilə Rusiyanın maraqlarının toqquşdurulmasına cəhdlər kimi manevrlərin heç biri Qərbin, Birləşmiş Ştatların işinə yaramadığından sözügedən güc mərkəzləri iqtisadi sanksiyalarla bu iki ölkəni çökdürməyə çalışdı. Rusiyada rublun, Türkiyədə türk lirəsinin Birləşmiş Ştatlar dolları qarşılığında ciddi dəyər itirməsi məhz Ankara ilə Moskvanı çökdürmək üçün düşünülmüş planılar sırasında idi. Ancaq tarixin, daha dəqiq desək Birləşmiş Ştatlar və Qərbin sınağından üzüağ çıxan Türkiyə və Rusiya iqtisadi sferada da birgə əməkdaşlıq nəticəsində onlara yönəlik təhdidləri aradan qaldıra bildi. Günümüzdə də Türkiyə ilə Rusiya yüksək səviyyədə əməkdaşlıq edərək qarşılarında duran maneələri aradan qaldırmağa çalışırlar. Hazırda Ankara ilə Moskvanın əsas əməkdaşlıq istiqamətlərindən biri Yaxın Şərqdə, daha dəqiq desək Suriyada qurulub ki. elə bu amil də Birləşmiş Ştatları əsas narahat edən məqamlardandır. Və ciddi cəhdlə çalışılır ki, Suriyada Türkiyə və Rusiya faktoru aradan qaldırılsın. Ancaq hələlik Vaşinqtonun buna nail olması qeyri-mümkün görünür. Əksinə hər iki ölkə Suriya məsələsində yaxından əməkdaşlığı daha da inkişaf etdirir. Elə bu günlərdə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Federasiyasına səfəri də bunun bariz nümunəsidir. Rəcəb Tayyib Ərdoğanın Rusiya Federasiyasına səfərinə diqqət çəkən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, qarşılıqlı səfərlərin intensiv xarakter alması Ankara ilə Moskvanı kifayıt qədər yaxınlaşdırıb. Onun sözlərinə görə, hər həyata keçirilən səfər Rusiya ilə Türkiyə üçün yeni əməkdaşlıq imkanları açır: " Moskvada Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüş başa çatdı. Bu iki lider arasında bir il ərzində 26-cı görüş idi, yəni aya 2 görüşdən çox düşür. İki ölkə tarixində ilk yaşanır". Elxan Şahinoğlu bildirb ki, Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında keçirilən görüşdə liderlər Suriyanı müzakirə ediblər: "Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin iki məsələnin üzərində xüsusi dayandılar. Birincisi, İdlib, ikincisi Suriya Konstitusiyasıdır. Əslində Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin hər iki mövzu ətrafında fikir ixtilafı yaşamasalar da, hər iki problem həll olunmayıb. Nə İdlib terrorçulardan azad olunub və Ankara hələ ki, silahlı müxalifəti terrorçulardan ayıra bilməyib, nə də ki, Suriya Konstitusiyasının necə olacağı ətrafında razılaşma var. Digər tərəfdən Vladimir Putin Rəcəb Tayyib Ərdoğandan fərqli olaraq YPG və PYD-ni terrorçu təşkilatlar saymır, onları "kürd qruplar" adlandırır. Demək, Vladimir Putin gələcəkdə onlarla ittifaq qura biləcəyini də istisna etmir".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin sözlərinə görə,  buna baxmayaraq, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin dostluqlarını davam etdirirlər:  "Çünki, Birləşmiş Ştatlar hər ikisinə qənim kəsilib. Nə qədər ki, Vaşinqton həm Rusiya, həm də Türkiyəni sıxışdırmağa çalışır, Ankara-Moskva ikilisi çat verməyəcək, hətta Suriyadakı duruma baxış fərqli olsa belə". Elxan Şahinoğlunun sözlərinə görə,   əslində Rəcəb Tayyib Ərdoğanın Suriyaya baxışı Vladimir Putinin xoşuna gəlmir, ancaq Rusiya prezidenti Suriyaya görə Rəcəb Tayyib Ərdoğanla dostluqdan qopmaq istəmir: "Çünki iki ölkə arasındakı münasibətlərdə pozitiv elementlər - ticarət mübadiləsi, atom elektrik stansiyasının tikintisi, "türk axını" layihəsi və C-400 anlaşması var".

Göründüyü kimi siyasi, iqtisadi və hərbi maraqlar, eləcə də Birləşmiş Ştatların artan təzyiqləri Ankara ilə Moskvanı daha da yaxınlaşdırır.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31