Ermənistan danışıqlar prosesinə məcburdur
Regional və beynəlxalq şərtlər İrəvanın ziyanına işləyir
24 Yanvar 2019 14:00 SiyasətRegional və beynəlxalq şərtlər İrəvanın ziyanına işləyir
Dağlıq Qarabağ probleminin həlli istiqamətində diplomatik fəallıq artmaqdadır. Keçən il Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB dövlət başçılarının zirvə görüşü ilə yeni mərhələyə qədəm qoyan danışıqlar prosesində ötən müddət ərzində hər hansı müsbət irəliləyiş əldə edilməsə də, lakin ümumilikdə ikitərəfli formatda görüşlərin, danışıqların aparılması, davam etdirilməsi müsbət tendensiya kimi xarakterizə edilə bilər. Elə bu günlərdə Davos iqtisadi forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş də bunun əyani sübutu sayıla bilər. Məlumat üçün qeyd edək ki, söğzügedən görüş Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin təşəbbüsü ilə keçirilib. Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sözlərinə görə, görüş Düşənbə və Sankt-Peterburqda MDB Zirvə toplantısı çərçivəsində baş tutmuş qeyri-rəsmi görüşlərin davamı kimi qiymətləndirilə bilər. İlham Əliyevlə Nikol Paşinyanın görüşündən əvvəl isə hər iki ölkənin xarici siyasət idarəsi rəhbərlərinin görüşü keçirilmişdi. Fransanın paytaxtı Parisdə keçirilən xarici işlər nazirlərinin görüşündə münaqişənin mövcud vəziyyəti, danışıqlar prosesinin davam etdirilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılmışdı. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşündən sonra Prezident İlham Əliyevlə Nikol Paşinyanın bir araya gəlməsi XİN rəhbərlərinin danışıqlarının səmərəliliyindən də xəbər verir. Əgər xarici işlər nazirləri Parisdə danışıqların davam etdirilməsi barədə razılıq əldə edə bilməsəydilər, heç şübhəsiz ki, Davosda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş də baş tutmazdı. Düzdür, hər nə qədər Davos görüşü Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin dediyi kimi qeyri-rəmsi xarakter daşısa da, hər halda ölkələrin birinci şəxslərinin bir araya gəlməsi müsbət addım kimi dəyərləndirilə bilər. Çünki Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, biz danışıqlar naminə danışıqlar aparmaq niyyətində deyilik. Məsələyə məhz bu prizmadan yanaşsaq, o zaman qeyri-rəsmi formatda belə keçirilən Davos görüşündə belə Dağlıq Qarabağ probleminin həlli istiqamətində danışıqların aparıldığını söyləyə bilərik.
Bir daha qeyd edək ki hazırda danışıqlar prosesi Ermənistan və Azərbaycan xarici işlər nazirləri səviyyəsində aparılır. Belə ki, bu il yanvarın 16-da Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bir araya gəlməsi növbəti görüş üçün zəmin yaradıb. Kütləvi informasiya vasitələrinin yaydığı xəbərə görə, Paris görüşü əslində 2018-ci il dekabrın 3-də isə Milanda baş tutan Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün davamıdır. Qarşıdan gələn dövrdə də xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi nəzərdə tutulub. Heç şübhəsiz ki, xarici işlər nazirləri səviyyəsində problemin həlli istiqamətində bütün detallar müzakirə edilib ortaq mövqe əldə edildikdən sonra Azərbaycan və Ermənistan rəhbərlərinin ATƏT-in Minks qrupunun həmsədrlərinin iştirakı ilə əsas görüşü keçiriləcək. Çünki bir qayda tam formatda dövlət başçıları səviyyəsində görüşATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təşkil olunur.
Ümumiyyətlə götürəndə, hazırkı situasiyada işğalçı Ermənistan daha çox danışıqlar prosesinə maraqlı görünməlidir və təsadüfi deyil ki, son aylarda bu tendensiya İrəvan tərəfindən müşahidə edilməkdədir. Çünki hazırkı situasiyada həm regional, həm də beynəlxalq şərtlər Ermənistanın ziyanına işləyir. Digər tərəfdən keçən ilin aprelində Ermənistanda baş verən inqilabdan sonra ölkə daxilində də ictimai-siyasi sabitliyi tam bərqərar etmək mümkün olmayıb. Hər nə qədər Nikol Paşinyan administrativ üsullardan istifadə edərək rəqiblərini zərərsizləşdirməyə və xalqın etirazının qarşısını almağa çalışsa da, lakin getdikcə sosial problemlərdən ciddi əziyyət çəkən sadə ermənilər Paşinyan hakimiyyətinin də onlara heç nə vermədiyinin fərqindədirlər. Hər tərəfdən ciddi problemlər və sıxıntılarla üzləşən Paşinyan hakimiyyəti üçün Qarabağda yenidən müharibənin başlaması isə heç də arzuedilən olmaz. Çünki rəsmi Bakı dəfərlərlə bəyan edib ki, danışıqlar prosesi nəticə verməyəcəyi təqdirdə Azərbaycanm tərəfi güc amilindən istifadə edərək işğal altında olan ərazilərini azad edəcək. Ona görə də Ermənistan hakimiyyəti hazırda danışıqlar prosesinə meyil göstərməyə məcburdur.
Məhəmməd