“Bir nəfər mənə göstərsin ki, bu iqtidarın xeyrini görməyib”
Milli Məclisin aprelin 3-də keçirilən plenar iclasında cari məsələlər üçün ayrılan vaxt ərzində millət vəkilləri müxtəlif məsələlərdən danışıblar. Millət vəkili, Vəhdət partiyasının sədri Tahir Kərimli müxalifəti tənqid edib: “Burada mənim o vaxtki hakimiyyət yoldaşlarımdan var.
3 Aprel 2018 15:12 SiyasətDeputat: "İqtidardan qovulandan sonra olublar qəhrəman, radikal müxalifət"
Milli Məclisin aprelin 3-də keçirilən plenar iclasında cari məsələlər üçün ayrılan vaxt ərzində millət vəkilləri müxtəlif məsələlərdən danışıblar. Millət vəkili, Vəhdət partiyasının sədri Tahir Kərimli müxalifəti tənqid edib: "Burada mənim o vaxtki hakimiyyət yoldaşlarımdan var. Mən o vaxtki iqtidara da, bugünkü müxalifətə də həmişə müxalif olmuşam. Başqa cür olmuşamsa kimsə desin. Heç kim deyə bilməz ki, nə vaxtsa qanundan, əxlaqdan kənar söz söyləmişəm". Deput əlavə edib ki, radikal müxalifətə ona görə müxalif olub ki, onlar məhz bugünkü iqtidarın yanında olublar: "Gizli və açıq şəkildə. Bir nəfər mənə göstərsin ki, bu iqtidarın xeyrini görməyib. Parlamentində də oturublar, xeyirini də görüblər. İndi isə iqtidardan qovulandan sonra olublar qəhrəman, radikal müxalifət. Kim inanar sizə? Hansı partiya və onun sədri deyə bilər ki, Azərbaycanda sabitliyi təmin edə bilərəm. Heç biri cürət edib bəyan edə bilməz. Dursun desin ki, gələrəm hakimiyyətə və Azərbaycan Suriyanın halına düşə bilməz. Bunu heç kim deyə bilmir. Ancaq söyürlər, təhqir edirlər. Yaxşı dağıdaq, bəs əvəzində nə olsun? Ona görə biz də öz növbəmizdə bunu edənləri pisləyirik". Deputat Fazil Mustafa icbari tibbi sığortanın tətbiqi ilə bağlı narahatçılığını ifadə edib: "Tibbi sığorta ilə bağlı bir çox məsələ insanları narahat edir. Əmək müqaviləsi ilə bağlı məsələ hüquqi müstəvidə çözülməzsə, tibbi sığorta ilə bağlı məsələnin həllini gözləmək real deyil. İki rayonda icbari tibbi sığorta ilə pilot layihənin nə zaman bitəcəyi ilə bağlı müddət bəlli deyil. Pilot layihənin də bir müddəti olmalıdır. Bu gün bir binanı sanki 5-10 nəfər tikir, digərləri ilə əmək müqaviləsi imzalanmır". Millət vəkili Tibb Universitetinə alternativ müəssisənin yaradılmasını təklif edib: "Ölkədəki tibb təhsilinin vəziyyəti xeyli aşağıdır, özümüzü aldatmayaq. Təklif edirəm ki, ayrıca bir təhsil müəssisəsi açılsın. Türkiyədən gələn mütəxəssislər həkim yetişdirsin. Rəqabət mühiti yaransın ki, tibb təhsili inkişaf etsin". F.Mustafa icbari tibbi sığortanın bütün Azərbaycan ərazisində tətbiq edilməli olduğunu deyib: "Başa düşürəm ki, sahibkarların problemləri var. Lakin dövlət də bu məsələyə dəstək göstərməlidir. Bayaq mən medallar haqqında çıxış edərkən millət vəkilləri etiraz etdi, lakin bir sıra filmlərdə rol almış Ənvər Həsənov da əməkdar artistdir, bütün toy müğənniləri də əməkdar və ya xalq artistidir. Bu gün Azərbaycan kinosunun korifeyinin heç bir titulu yoxdur, məcburi tibbi sığortası da yoxdursa, o, müalicə ala bilmir. Bizə bu mövzuda müraciətlər olur. İcbari tibbi sığorta ilə bağlı məsələni bütün ölkədə tətbiq etməliyik ki, vətəndaş bu sıxıntıların içərisində ən azından bir az gec ölsün. Bu gün qurumlar anlamalıdır ki, vətəndaş tibb xərclərini ödəmək iqtidarında deyil. İmklanı olanlar Türkiyəyə, İrana gedir. Gedə bilməyənlər evində sakitcə ölür. Hər yanda dərmanların pulsuz olduğu yazılır, bir çox tibb müəssisələrində dərman tapılmır. Bu tək nazirliyin günahı deyil. Bu məsələni həll etmək lazımdır". Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deputat həmkarının tibb təhsili ilə bağlı fikirlərinə cavab verib: "Fazil müəllim, bu fikirləri söyləyəndə bunu əsaslandırmağa çalışın.Tibb təhsilində alternativ müəssisə var. Bilmirsinizsə öyrənin. Bir dəfə Tibb Universitetinə gedib kadr potensialı ilə maraqlanın. Bilmədiyiniz mövzuda xahiş edirəm ehtiyatla danışın. Bu il Ağdaş rayonunda da icbari tibbi sığorta ilə bağlı pilot layihə həyata keçiriləcək. Bu işlərin aparılması heç də ləng həyata keçirilmir".
Sonra millət vəkilləri bir sıra qanun layihələrinin müzakirəsini aparıblar. Əvvəlcə "Banklar haqqənda" qanuna dəyişikliklə bağlı qanun lahihəsi müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyi ki, banklar hər bir borcalan haqqında məlumatı maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydada maliyyə bazarlarına nəzarət orqanında yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməlidir. Mərkəzləşdirilmiş kredit reyestrində toplanan məlumatlara bank sirrinin "Banklar haqqında" Qanunla müəyyən olunmuş qorunması qaydaları şamil edilir. Komitə sədri bildirib ki, banklar tərəfindən borcalanlar barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası "Kredit büroları haqqında" Qanunla tənzimlənir. "Banklar haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi "Kredit büroları haqqında" 2016-cı il 28 oktyabr tarixli Qanunun tətbiqi ilə əlaqədar hazırlanıb. Layihə banklar tərəfindən borcalanlar haqqında məlumatın mərkəzləşdirilmiş kredit reyestrinə verilməsi mexanizmini dəqiqləşdirmək, eləcə də reyestrdə toplanan məlumatların qorunmasını təmin etmək məqsədi daşıyır. Ardınca "Kredit büroları haqqında" qanuna dəyişikliklər müzakirə olunaraq təsdiqlənib. Dəyişikliyə əsasən, borcalanlar barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Mərkəzləşdirilmiş Kredit Reyestrində (MKR) olan bütün məlumatlar bu sənədin qüvvəyə mindiyi gündən 3 il müddətində fəaliyyətə başlayan istənilən kredit bürosuna onun müraciəti əsasında birdəfəlik və ödənişsiz veriləcək. Hazırki qanunda sözügedən müddət 2 ildir. Həmçinin mövcud qanunun 23.3-cü maddəsinə edilməsi planlaşdırılan əlavəyə əsasən, MKR-dən istifadəçilərə məlumat verilməsi bu il aprelin 1-dən dayandırılıb. Həmçinin kredit təşkilatları, aralarında hüquq münasibətləri bu ayın sonuna qədər yaranmış cari borcalanlar olan kredit tarixçəsi subyektlərinin kredit hesabatını onların razılığı alınmadan əldə edə bilər. Hazırkı qanunda kredit tarixçələrinin məlumat bazasından istifadəyə görə xidmət haqqının məbləği müvafiq informasiyanın hazırlanması və təqdim edilməsi üçün çəkilən xərcdən artıq ola bilməz. Dəyişikliklə bu tələb qanundan silinir. Qeyd edək ki, "Kredit büroları haqqında" qanuna dəyişiklik kredit bürosunun fəaliyyətə başlaması ilə əlaqədar qüvvədə olan qanunun tətbiqi zamanı meydana çıxan boşluqların aradan qaldırılması, habelə qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, insanların İnsanların daha çox qaldırdığı məsələ kreditlərlə bağlıdır. Bu məsələni ciddi araşdırılmalıdır: "Bu məsələ araşdırılsın və bir gün burada hesabat verilsin ki, nə qədər insan maşın almaq üçün götürüb? Nə qədər insan krediti fermer təsərrüfatı üçün götürüb? Bunlar araşdırılmalıdır.Biri özünə maşın almaq üçün götürübsə, gedib kreditini ödəsin. Bəziləri hüzür vermək üçün kredit götürüb. Bu insanlar nəzərə alınmalıdır. Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı, problemlərin həlli ilə bağlı bir iş yoxdur. Qərar qəbul olundu ki, valyutadəyişmə məntəqələrinin fəaliyyəti bərpa edilsin. 9 minə yaxın insan bu sahədən evinə çörək aparırdı. Bu sahə kiminsə inhisarına çevrilib". Deputat Fəzail Ağamalı da qeyd edib ki, bu gün ən ciddi problemlərdən biri vətəndaşlarla kommersiya bankları arasında yaranmış problemdir. Deputatın sözlərinə görə, vaxtında banklar aşağı faizlə vətəndaşlarlardan əmanəti alaraq ikiqat artıq faizlə kredit verəndə bilməli idilər ki, bu, bumeranq kimi üzlərinə qayıdacaq: "İndi böhranlı vəziyyət yaranıb və bu dövlətin üzərinə atılıb. Əgər anlamırdılarsa, nəyə görə bankda oturub bank işi ilə məşğul olurdular? Bu məsələ dəfələrlə müzakirə olunub, lakin nəticə yoxdur. Biz Maliyyə Bazarlarına Nəzarət Palatası yaratdıq. Palata 2 ildən artıq fəaliyyət göstərsə də, nəticəsi yoxdur. Hanı onların fəaliyyəti nəticələri? Bununla bağlı seçicilər müraciət edir. Biz sözümüzü, deyirik nəticəsi yoxdur. Seçkilərdən sonra bu istiqamətdə konkret addımlar atılsın".
Alim