İblislə işbirliyinə gedənlər
Radikal müxalifət partiyaları və dairələri Azərbaycan dövlətinin, millətinin maraqlarına dair məsələlərdə pozucu mövqedən çıxış edir, öz ənənəsinə sadiq qalaraq yenə antiazərbaycançı mövqe nümayiş etdirirlər.
3 Aprel 2018 13:54 SiyasətOnların ölkədə xaos yaratmaq arzusu iflasa məhkumdur
Radikal müxalifət partiyaları və dairələri Azərbaycan dövlətinin, millətinin maraqlarına dair məsələlərdə pozucu mövqedən çıxış edir, öz ənənəsinə sadiq qalaraq yenə antiazərbaycançı mövqe nümayiş etdirirlər. Lakin ölkənin içtimai-siyasi xadimləri bu qənaətdədirlər ki, onların Azərbaycanda xaos, anarxiya, hərc-mərclik yaratmaq arzusu iflasa məhkumdur. Elə vəkil Rövşən Qasımov da hesab edir ki, mövcud ictimai-siyasi vəziyyət, real faktlar deməyə əsas verir ki, demokratiya ilə heç bir əlaqəsi olmayan qaragüruhun bu istəyinə nail olması qətiyyən mümkün deyil. Məsələ burasındadır ki, son illərdə Azərbaycan müxalifətinin cilddən-cildə girərək dəyişdiyini, öz sosial bazasının 90-95 faizini itirdiyini, siyasi partiyaların kommersiya mərkəzinə çevrildiyini öz gözləri ilə görən hansı azərbaycanlı bu dəstənin dalınca gedər? Məgər insanlar görmürlərmi ki, adı müxalifət olan bu dəstədə son illərdə nəinki bir irəliləyiş və ya inkişaf yoxdur, hətta, 1993-cü il səviyyəsindən də qat-qat aşağı səviyyəyə düşüblər: "Bugünkü Azərbaycan müxalifətinin "aparıcı simalarını" yada salmağa, təqdim etməyə ehtiyac yoxdur. Xalq AXCP-çilərin də, müsavatçıların da rəhbərlərini çox yaxşı tanıyır. Mövcud olduqları 15-20 ildə dəfələrlə parçalanıb bir o qədər də birləşən bu partiyaların "dəyanəti" də, "mətanəti" də, "siyasi prinsipiallığı" da hamıya çox yaxşı məlumdur. Əslində, AXCP-ni və ya Müsavatı qınamaq doğru deyil. Çünki bu siyasi təşkilatların rəhbərliyində lider yoxdur və heç zaman olmayıb. Vaxtilə Müsavat Partiyası rəhbərliyində təmsil olunan divan-kreslo üzvlərinin 90 faizi ayağını bir başmağa dirədilər ki, İsa Qəmbər, istefa ver, çıx get ki, bəlkə bu partiyanı kimsə bir az dirçəldə bilsin. İsa Qəmbər isə Qəddafi kimi dirəndi ki, yox, bəylər, sizin hamınızı güdaza verərəm, amma istefa vermərəm. Hakimiyyət hərisliyi kimi iyrənc bir xüsusiyyətə malik olan belə "lider"lərin arxasınca kim gedər? Təbii ki, ağlı başında olan heç kəs. Bu, həmin İsa Qəmbərdir ki, vaxtilə parlamentin sədri olarkən, prezident Əbülfəz Elçibəydən xəbərsiz dövlət başçısının səlahiyyətlərinin bir hissəsinin parlament sədrinə verilməsi haqqında qərar qəbul edilməsinə nail olmuşdu.Yəni, faktiki olaraq prezidentə tələ qurmuş, ölkə ərazisində istədiyi kimi fəaliyyət göstərmək üçün dövlət başçısının səlahiyyətlərinin bir hissəsini oğurlamışdı. Oğurluq və bu kimi başqa əməlləri isə o qədər də çox gizlətmək olmur".
Onun sözlərinə görə, radikal müxalifət yenə də böyük təşviş keçirir. Dərin bir narahatlıq içində vurnuxmaları özünü getdikcə daha qabarıq formada büruzə verir. Çünki illər uzunu müstəqil Azərbaycana qarşı hazırlanan planlarının icrası daim fiaskoya uğrayır. İstəklərinin əksinə olaraq Azərbaycan daha qüdrətli dövlətə çevrilir, günü-gündən inkişaf edir, təkcə mövcud olduğu regionda yox, onun hüdudlarından kənarda belə böyük nüfuz sahibi kimi çıxış edir. Azərbaycanın qazandığı uğurların miqyası artdıqca antiazərbaycançı şəbəkənin qəddi daha çox əyilir, müvəffəqiyyətsizliyindən doğan əsəbi daha çox tarıma çəkilir. Bundan narahat olanlar təkcə həmin şəbəkə yox, həm də müxtəlif maddi təkliflər, vədlər müqabilində Azərbaycanda "siyasi təşkilat", "hüquq müdafiəçisi" adı ilə fəaliyyət göstərib, əslində isə bu antimilli şəbəkənin xidmətində duranlardır. Belələrinin dövlət, dövlətçilik, milli maraqların əleyhinə yönələn mövqeyinə ən tutarlı cavab elə həmişə xalq tərəfindən gəlib. Elə də böyük zaman kəsiyini əhatə etməyən yeni müstəqillik tariximizə nəzər yetirdikdə bunun real mənzərəsini aydın nümayiş etdirən, bir çoxumuzun canlı şahidi olduğu xeyli faktlar görmək mümkündür: "Xalq da radikal müxalifətin kim olduğunu, nəyə qadir olduğunu yaxşı bilir. 1988-1992-ci illərdə məhz bu radikal qüvvələrin təmsilçiləri müxalifət olduqları dönəmlə Azərbaycan xalqının üzləşdiyi faciələrin yaşanmasında, siyasi alver predmeti olaraq ərazilərimizin hərraca qoyulmasında az rol oynamadılar. İnsanların kortəbii inamı dalğasında isə hakimiyyətə yiyələndikdən sonra radikalların nəyə qadir olduğu özünü daha yaxşı büruzə verdi. Bu qüvvələrin antimilli fəaliyyəti sayəsində Azərbaycan xaos, anarxiya girdabına, cinayətkarlığın meydan suladığı məkana çevrildi, dövlət, xalq əmlakı talan edildi. Həmişə tolerantlığı və dözümlülüyü ilə digər millətlərə nümunə olmuş çoxmillətli Azərbaycanda yaşayan xalqlar arasında nifaq toxumu səpildi. Xarici qüvvələr Azərbaycana öz şərtlərini diktə etməyə başladı. Lakin xalq bunun davam etməsinə yol verməyərək radikaların hakimiyyətinə son qoydu, öz xilaskarını istək və iradəsi əsasında hakimiyyətə gətirərək nəhayət, sabitliyə, intibaha qovuşdu".
Hazırda baş verənlər növbəti dəfə göstərir ki, müxalifətin radikal qanadının əməllərində, təfəkküründə hələ də dəyişiklik baş verməyib. Əli Kərimli, Arif Hacılı və digər radikal müxalifət təmsilçiləri yenə də ötən əsrin 90-cı illərinin əvvəllərindəki fəaliyyətlərini davam etdirməkdədirlər. Nəticə isə onu göstərir ki, xalqın birmənalı şəkildə rədd etdiyi bu şəxslər, bütövlükdə radikal müxalifət hakimiyyət və mənsəb naminə hər yola baş vurmağa, hətta iblislə işbirliyinə getməyə hazırdırlar. Elə bu səbəbdəndir ki, formal mövcudluqlarını çoxdan xaricdəki bədxah qüvvələrin qəpik-quruşlarından asılı etmiş radikal müxalifət və onların səhnə dekorasiyası kimi dəyişməz liderləri antiazərbaycançı mənafelərindən əl çəkmək istəmirlər. Xalqın nifrətinə tuş gəldikləri üçün isə bütün ümidlərini xaricdə olan, müstəqil Azərbaycanın varlığına qarşı çıxan qüvvələrə bağlayıblar. Özgələrinin baltalarına sap olduqularından isə indi sosial bazadan məhrum olan radikal müxalifət partiyaları ölkə cəmiyyətində haqlı olaraq partiya yox, kiçik bir qrupun yığışdığı zərərli dərnək adlanır və bu formada qəbul edilir. Bunun nəticəsidir ki, müxalifətin radikal hissəsi ilə Azərbaycan cəmiyyəti arasında uçurum getdikcə dərinləşir. Azərbaycan vətəndaşlarının böyük əksəriyyətində sabitliyin, dincliyin ən yüksək dəyər kimi qiymətləndirilməsi fonunda meydana çıxan ifrat aqressivləşmiş müxalifətlə cəmiyyət arasında yaranan uçurumun həddən artıq dərinləşməsi əslində tamam təbii xarakter daşıyır. Belə bir məqamda radikal müxalifətin Azərbaycanın yeni inkişaf yoluna qarşı çıxmaq kimi məkrli cəhdi iflasa məhkumdur.
Zəka