Sarkisyanın yeni “Qarabağ oyunu”
Məlum olduğu kimi Ermənistanda ilk dəfə olaraq dövlət başçısı ümumxalq seçkisi ilə deyl, parlamentdəki səsvermə ilə seçilib. Artıq işğalçı dövlətin yeni prezidenti bu ölkənin Böyük Britaniyadakı 65 yaşlı səfiri Armen Sarkisyandır. 1996-cı ilin noyabrın 8-dən 1997-ci ilin fevralın 28-dək Ermənistanın baş naziri olmuş A.Sarkisyan gizli səsvermənin nəticələrinə görə, düşmən ölkənin 4-cü prezidenti seçilib.
15 Mart 2018 15:28 SiyasətDağlıq Qarabağ münaqişəsi ilə bağlı sənədləri baş nazir qəbul edəcək
Məlum olduğu kimi Ermənistanda ilk dəfə olaraq dövlət başçısı ümumxalq seçkisi ilə deyl, parlamentdəki səsvermə ilə seçilib. Artıq işğalçı dövlətin yeni prezidenti bu ölkənin Böyük Britaniyadakı 65 yaşlı səfiri Armen Sarkisyandır. 1996-cı ilin noyabrın 8-dən 1997-ci ilin fevralın 28-dək Ermənistanın baş naziri olmuş A.Sarkisyan gizli səsvermənin nəticələrinə görə, düşmən ölkənin 4-cü prezidenti seçilib. Yeni seçilmiş prezident vəzifəsinin icrasına aprelin 9-da başlayacaq. Ermənistan konstitusiyasına edilən dəyişiklik və əlavələrdən sonra yeni qaydalar əsasında keçirilən seçkilərin nəticəsinə görə, qalib elan olunan A.Sarkisyan 5 il yox, 7 il prezidentlik kürsüsündə əyləşəcək. Lakin işğalçı ölkədə hakimiyyət əvvəlki kimi prezident kreslosunu baş nazir kreslosuna dəyişməyə hazırlaşan Serj Sarkisyanda olacaq. Maraqlıdır, Ermənistanda baş verən hakimiyyət dəyişikliyi Dağlıq Qarabağ probleminin həllinə hansısa təsir göstərə bilərmi?
Məlumat üçün qeyd edək ki, Serj Sarkisyan baş nazir postuna əyləşmək üçün ciddi şəkildə mübarizəyə qoşulub. Nəzərə almaq lazımdır ki, Sarkisyan elə bu səbədən ölkə konstitusiyasında dəyişiklik edərək bütün səlahiyyətləri baş nazirə həvalə edib. Belə halda onun baş nazir postuna yiyələnəcəyi daha inandırıcı görünür. Siyasi ekspertlər hesab edirlər ki, Serj Sarkisyan bu oyunları Dağlıq Qarabağ münaqişəsiylə bağlı beynəlxalq aləmi çaşdırmaq üçün qurub. Belə ki, Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar sərfedici olanda özü danışıqlara gedəcək, əks hallarda isə yeni prezidenti göndərəcək. O da nəzərə alınmalıdır ki, yeni qaydaya görə, bütün müqavilələri, o cümlədən, Dağlıq Qarabağ münaqişəsiylə bağlı sənədləri baş nazir qəbul edəcək, lakin son mərhələdə prezident təsdiqvermə hüququna malik olacaq.
Millət vəkili, Azərbaycanın NATO və "Avronest" parlament assambleyalarındakı nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı qeyd edib ki, işğalçı Ermənistana təzyiqlər olmadığı üçün münaqişənin həlli uzanır. Minsk qrupunun həmsədrləri sözdən, vədlərdən kokret addımlara keçməli, ədalətli mövqe tutmalıdırlar. Millət vəkili Qarabağ məsələsinin bütün beynəlxalq qurumlarda, o cümlədən, təmsil olunduğu təşkilatlarda daim gündəmə gətirildiyini, onlardan konkret mövqe tələb olunduğunu xatırladıb: "Qeyd edim ki, prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü xarici siyasət kursunun mühüm strateji istiqamətlərindən birini Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında - ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edir. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə qlobal səviyyədə genişmiqyaslı iş aparır, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir. Müəyyən müddətdir ki, davam edən danışıqlar prosesində ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik sahədə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub. Digər sahələrdə olduğu kimi, ölkənin ərazi bütövlüyü məsələsində də respublika rəhbərliyinin qətiyyətli və birmənalı mövqe sərgiləməsi bəzi xarici ermənipərəst qüvvələrin müxtəlif qərəzli niyyətlərini dəfələrlə iflasa uğradıb. Bununla belə, hesab edirik ki, münaqişənin ədalətli həlli üçün beynəlxalq birlik, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri ədalətli mövqe tutmalıdırlar. Minsk qrupu, həmsədrlər artıq sözdən, bəyanatlardan, quru vədlərdən əmələ, konkret addımlara keçməlidirlər. Onlara olan etimad limiti tükənmək üzrədir. Onlar konkret addımlara keçmədikcə, işğalçı Ermənistana təzyiqlər etmədikcə, münaqişənin həlli uzanır.
Azərbaycan xalqı inanır ki, prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olunacaq".
Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Ermənistanın parlament respublikasına keçidindən sonra ilk dəfə parlament səsverməsi yolu ilə həyata keçirilən prezident seçkisi ilə düşmən ölkədə yeni mərhələ başlayır: "Prezident sıradan fiqura çevrilir, əsas söz sahibi baş nazir olacaq. Böyük ehtimalla, bundan sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Azərbaycan prezidenti ilə keçiriləcək görüşlərə Ermənistanın baş naziri gedəcək". Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli isə bildirib ki, bu prezident seçkiləri Ermənistanın siyasi həyatında bir o qədər rezonans doğurmayacaq: "Çünki bu seçkilər yeni sistem üzrə keçirilir. İşğalçı ölkə prezident idarə üsulundan parlament idarə-üsuluna keçid edir. Əgər dünənə kimi Ermənistan prezident birinci şəxs hesab olunurdusa, bundan sonra baş nazir hakimiyyətin əsas fiquru olacaq". Armen Sarkisyanın Levon Ter-Petrosyanın dövründə bir neçə ay baş nazir olduğunu deyən Q.Hüseynli qeyd edib ki, yeni prezident Serj Sarkisyanın nəzarətində olan adamdır: "Ermənistandakı seçkilərin Dağlıq Qarabağ münaqişəsinin təsirlərindən danışan Q.Hüseynli hesab edir ki, ermənilərlə bağlı proqnoz vermək çox çətindir: "Düşmən ölkənin yeni baş nazirinin müəyyənləşməsindən sonra bu haqda danışmaq daha məqsədəuyğundur. Çünki danışqılar prosesi baş nazirinin səlahiyyət dairəsində olacaq. Bu post uğrunda da amansız mübarizə gedir. Serj Sarkisyan bir dəfə baş nazir postuna iddialı olmadığını bəyan etmişdi. Əhali də bunu asanlıqla qəbul etməyəcək. Hazırkı baş nazir Karen Karapetyan isə Rusiyanın adamıdır. O, Xocalı soyqırımında qanı azərbaycanlıların qanına batan erməni səhra komandirlərindən olmasa da, Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsi barədə təxminən eyni mövqeləri bölüşürlər". Politoloq əlavə edib ki, həm Ermənistan, həm də Azərbaycanda seçki prosesi yekunlaşdıqdan sonra bərpa olunacaq danışıqlar prosesinə ümid bəsləmək olar: "Lakin danışıqların nəticəsi barədə fikir yürütmək tezdir. Çünki Ermənistan dəfələrlə danışıqlar prosesini pozub, qeyri-konstruktiv mövqe nümayiş etdirib. Ona görə, bu dəfə də eyni taktika ilə hərəkət edəcəklərini istisna etmək olmaz".
Alim