Dövlət Proqramlarının uğurlu icrası qeyri-neft sektorunun inkişafına təkan verdi

Dünyada neft böhranı, bu yeraltı təbii sərvətin qiymətinin kəskin şəkildə aşağı düşməsin fonunda neft ixrac edən ölkələrin iqtisadiyyatında müşahidə edilən gerilmə gəlirlərinin böyük bir qismi neftdən olan ölkələrdə son bir neçə il ərzində qeyri-neft sektorunun inkişafını prioritetə çevirsə də, Azərbaycanda isə bu sahənin hələ 2004-cü ildən diqqətdə idi.

Bu sırada turizmin inkişafı diqqət çəkir

Dünyada neft böhranı, bu yeraltı təbii sərvətin qiymətinin kəskin şəkildə aşağı düşməsin fonunda neft ixrac edən ölkələrin iqtisadiyyatında müşahidə edilən gerilmə gəlirlərinin böyük bir qismi neftdən olan ölkələrdə son bir neçə il ərzində qeyri-neft sektorunun inkişafını prioritetə çevirsə də, Azərbaycanda isə bu sahənin hələ 2004-cü ildən diqqətdə idi. Və artır 14 ildir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı dövlətin qarşısında dayanan əsas prioritet vəzifələrdəndir. Açıq şəkildə etiraf etmək lazımdır ki, ötən 14 il ərzində qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində ciddi nəticələr əldə edilib. Əgər qeyri-neft sektorunda əsas istiqamətlərdən birinin kənd təsərrüfatı və turizm sektorunun inkişafının olduğunu nəzərə alsaq və hər iki istiqamət üzrə Azərbaycanın mövcud durumuna diqqət yetirsək, aydın şəkildə deyə bilərik ki, hər iki istiqamət üzrə vəziyyət qaneedici, uğurludur. Təbii ki, həm kənd təsərrüfatı, həm də turizm, bütövlükdə qeyri-neft sektorunun inkişaf etdirilməsi, bu sahədə istənilən  nəticələrin əldə edilməsinin kökündə bu illər ərzində həyata keçirilən uğurlu islahatlar, məqsədyönlü işlər və həyata keçirilən tədbirlər dayanır. Belə tədbirlərdən biri də 2004-cü ildən mərhələli şəkildə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarıdır. Məlumat üçün qeyd edək ki, bu vaxta qədər Regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramı həyata keçirilib. Hər üç Dövlət Proqramında da kənd təsərrüfatı və turizm sektorunun inkişaf etdirilməsi qarşıya başlıca vəzifə kimi qoyulub. Açıq şəkildə etiraf etmək lazımdır ki, Dövlət Proqramlarının icrasının 14 ili ərzində qeyd edilən istiqamətlərdə regionlarda kifayət qədər işlər görülüb və bu işlərin nəticəsi olaraq müsbət nəticələr əldə olunub. Belə ki, uzun illər ayrı-ayrı regionlarda baxımsız vəziyyətdə qalan turizm istirahət mərkəzləri istifadəyə verilib,  yeni-yeni mərkəzlər, mehmanxana kompleksləri, otellər tikilib. Naxçıvan Muxtar Respublikasından tutmuş ölkənin hım şimal, həm cənub, həm də qərb və şərq bölgələrində Dövlət Proqramlarının icrasının 14 ili ərzində çoxlu sayda otellər, turizm istirahət mərkəzləri istifadəyə verilib ki, bu da Azərbaycana xarici turistlərin marağını aha da artırıb və ildən-ilə ölkəmizə səfər edən xarici turistlərin sayında artım dinamikası müşahidə edilib. Bu gün ölkədə Naftalan Sağlamlıq Mərkəzi, Şahdağ Qış Turizmi Mərkəzi, Qəbələdə bir neçə turizm istirahət mərkəzi, Qalaaltı Sağlamlıq Turizmi, eləcə də Altıağac və bu kimi brend turizm istirahət mərkəzləri fəaliyyət göstərir ki, hər il minlərlə xarici turist həmin turizm mərkəzlərinin imkanlarından  yararlanmaq üçün Azərbaycana səər edir.  

Eyni zamanda Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası nəticəsində həm paytaxt, həm də regionlarda, ucqar dağ rayonlarında belə otellər şəbəkəsi yaradılaraq fəaliyyətə başlayıb ki, bu da xarici turistləri ölkəmizin füsünkar təbiətinə daha çox cəlb edir. Sevindirici hal ondan ibarətdir ki, regionlarda təkcə turuzm istirahət mərkəzləri, yaxud otellər .şəbəkəsi yaradılmır, eyni zamanda həmin ərazilərdə nəqliyyat infrastrukturu da müasir tələblərə uyğunlaşdırılır, turistlərin həmin ərazilərə səfərlərinin daha səmərəli təşkili üçün yeni yollar çəkilir. Bu baxımdan Qəbələyə çəkilən kanat yolu, qədim yaşayış məskəni kimi tanınan Xınalığa gedən yolun tam asfaltlaşdırılması, Şahdağ Qış Turizmi Mərkəzində yol infrastrukturunun yenidən  qurulması bütün deyilənlərə əyani sübutudur. Qeyd etdiyimiz kimi məhz həyata keçirilən bu kimi məqsədyönlü tədbirlər ötən illər ərzində Azərbaycana səfər edən xarici turistlərin sayının artmasına səbəb olub. Bunu Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı hesabatlardan da aydın görmək mümkündür.  Belə ki, 2016-cı illə müqayisədə 2017-ci ildə ölkəmizə gələn xarici vətəndaşların sayı 449 215 nəfər, yəni 20 faiz artaraq 2 691 998 nəfər olub ki, bu da indiyə qədər müşahidə edilmiş ən yüksək göstəricidir. Onlardan 853 082 Rusiya Federasiyası, 537 710 Gürcüstan, 362 597 İran, 301 553 Türkiyə, 102 360 Birləşmiş Ərəb Əmirlikləri,  62 454 İraq, 57 756 Ukrayna, 33 273 Səudiyyə Ərəbistanı, 381 213 nəfəri isə digər ölkələrin vətəndaşları olub. Azərbaycana xarici vətəndaşlar daha çox iyul ayında gəlib ki, bu da 313 515 nəfər olub.

2017-ci ildə ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, İran, Türkiyə və BƏƏ vətəndaşlarının xüsusi çəkisi daha çox olub və müvafiq olaraq 31,6 faiz, 19.9 faiz, 13.4  faiz, 11.2 faiz və 3.8 faiz təşkil edib.    2017-ci ildə əsas artım tempi göstərən ölkələr İran, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Səudiyyə Ərəbistanı olub. 2016-cı il ilə müqayisədə 2017-ci ildə Səudiyyə Ərəbistanından 4.5 dəfə, Omandan 7.4 dəfə, BƏƏ-dən 1.9 dəfə, İrandan 1.4 dəfə, Hindistandan 2.3 dəfə çox xarici vətəndaş gəlib. Lakin Türkiyədən Azərbaycana gələnlərin sayında 11 790 nəfər azalma müşahidə edilib.  Sevindirici haldır ki,  Avropa, Körfəz və Yaxın Şərq,  Asiya, Afrika, Amerika regionu üzrə gələnlərin sayında  artım baş verib.

Lakin Azərbaycanın mövcud imkanları daha çox olduğundan və qeyri-neft sektorunda turizmin inkişaf etdirilməsi ölkəmizin qarşısında duran əsas vəzifə hesab edildiyindən dövlət qarşıdakı illərdə də bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirməyi düşünür. Bu mənada Qusar və Qəbələ rayonlarına dəmir yolu xəttinin çəkilməsi təşəbbüsü müsbət qiymətləndirilməlidir. Məlumat üün bildirək ki, hələ bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosil-iqtisadi inkişafnın yekunları və qarşıda duran vəzifələrə dair iclasında çıxışı zamanı bu barədə fikirlərini bildirmişdi. Və bu günlərdə dövlət başçısı Regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illər Dövlət Proqramının icrasının yekunlarına dair keçirilən konfransda da bir daha bu məsələyə diqqət çəkdi: "Turizm sektorunun inkişafını nəzərə alaraq, bu il Qəbələ şəhərinə dəmir yolunun çəkilişi başlanmalıdır. Çünki Qəbələ Bakıdan sonra ölkəmizin ikinci turizm mərkəzidir və beynəlxalq turizm mərkəzinə çevrilir. Vaxtilə biz Qəbələdə beynəlxalq aeroport inşa etdik. Bu gün bu beynəlxalq aeroport müxtəlif ölkələrə uçuşları təşkil etmək imkanı yaradır. Əgər onu vaxtında tikməsəydik, bəlkə Qəbələyə bu qədər turist gəlməzdi. Bakı-Yalama yolunun tikintisi ilə paralel olaraq, Qusar rayonuna da dəmir yolunun çəkilişi planlarımızda var. Eyni zamanda, yeni, müasir vaqonlar, lokomotivlər alınacaq və beləliklə, dəmir yolu infrastrukturu tam müasirləşəcək". Prezident İlham Əliyev çıxışı zamanı  eyni zamanda regionlarda yeni otel və mehmanxanaların tikilib istifadəyə verilməsinin zəruriliyindən də danışıb: "Hesab edirəm ki, turizmin inkişafı ilə bağlı bölgələrdə yeni otellərin tikilməsinə ehtiyac var. Bunu əlbəttə ki, özəl sektor etməlidir. Özəl sektor əlbəttə ki, hər şeyi yaxşı bilir. Bilir ki, haraya, nə vaxt sərmayə qoymaq olar. Ancaq rəqəmlər də kifayət qədər yaxşı mənzərə yaradır. Təkcə keçən il gələn turistlərin sayı beş yüz minə yaxın artmışdır. Əminəm ki, bu il də artım olacaqdır. Ona görə turistlər də gözəl yollardan, aeroportlardan istifadə edirlər. İndi sürətli qatarlarımız olacaq, onlardan istifadə edəcəklər. Bölgələrə daha da çox turist gələcək. Ona görə hesab edirəm ki, bölgələrdə otellərin tikilməsi üçün yaxşı biznes imkanları var və bunu özəl sektor öz üzərinə götürməlidir".

Göründüyü kimi, Regionların sosial-iqtisadi iniişafına dair Dövlət Proqramları Azərbaycanın bir turizm ölkəsi kimi tanınmasına da yol açıb, imkan yaranıb. Ötən illər ərzində görülən işlər və ldə edilən nəticələr, eləcə də qarşıda duran vəzifələr onu deməyə əsas verir ki, Azərbaycan yaxın zamanlarda qeyri-neft sektorunun bu sahəsində daha böyük uğurlar, nailiyyətlərə imza atacaq. Çünki bunun üçün Azərbaycanda həm potensial, həm də imkanlar var. Artıq təkcə yay və qış turizmi deyil, eləcə də sağlamlıq turizmin inkişaf etdirilməsi istiqamətində müvafiq addımlar atılmaqdadır.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31