CECECO ölkələrə "təmiz" texnologiyaların tətbiqini sürətləndirməyə kömək edə bilər - Muxtar Babayev

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzi - CECECO ölkələrə "təmiz" texnologiyaların tətbiqini sürətləndirməyə kömək edə bilər.

bunu Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev Bakı İqlim Fəaliyyətləri Həftəsi çərçivəsində deyib.

Onun sözlərinə görə, ölkələr enerji təhlükəsizliyini, enerjiyə əlçatanlığı və onun münasib qiymətə olmasını eyni vaxtda təmin etməlidirlər.

"Hər yerdə keçərli vahid yanaşma mövcud deyil. Regionumuz müxtəlif enerji sistemlərinə, iqtisadi strukturlara və inkişaf ehtiyaclarına malik ölkələri əhatə edir. Məhz buna görə regional əməkdaşlıq mühüm əhəmiyyət daşıyır. Ölkələrin üzləşdiyi bir çox problemlər, o cümlədən texnologiya və maliyyələşmədəki boşluqlar, eləcə də standartlar, bacarıqlar və institusional potensialla bağlı məsələlər oxşardır. Dayanıqlı enerji mərkəzləri ölkələrə bu problemləri ayrı-ayrılıqda deyil, birgə həll etməyə kömək edə bilər. Bir ölkədə hazırlanmış həll yolu digər ölkənin şəraitinə uyğunlaşdırılaraq orada da tətbiq oluna bilər. Standartlaşdırma və tənzimləmə sahəsində ümumi yanaşmalar daha böyük və cəlbedici bazarların yaradılmasına imkan verə bilər", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, regional əməkdaşlıq həmçinin daha genişmiqyaslı və yüksək investisiya potensialına malik çoxmillətli imkanların və layihələrin yaradılmasına şərait yarada bilər.

Enerji səmərəliliyinə toxunan M.Babayev qeyd edib ki, temperaturun və şəhər əhalisinin artması soyutmaya tələbatın yüksəlməsinə səbəb olacaq və bu da elektrik enerjisi sistemlərinə əlavə yük yaradacaq.

Onun sözlərinə görə, dünya əhalisinin 55 faizindən çoxu şəhərlərdə yaşayır və 2050-ci ilə qədər planet əhalisinin təxminən 70 faizi şəhər ərazilərində məskunlaşacaq. Bununla yanaşı, şəhərlərin payına dünya üzrə enerji istehlakının təxminən 75 faizi düşür.

"Dünyada elektrik şəbəkələrinə illik investisiyalar təxminən 400 milyard dollardan 600 milyard dollara qədər artırılmalıdır. Azərbaycan CECECO-nun Bakıda yerləşməsindən və UNIDO-nun qlobal şəbəkəsinin bir hissəsi olmasından məmnundur. Biz CECECO-nun güclü regional platformaya çevrildiyini görmək istərdik. Bu platforma ölkələrə ümumi problemləri müəyyənləşdirməyə, birgə təşəbbüslər hazırlamağa, layihələri maliyyələşmə ilə əlaqələndirməyə və regionda təmiz texnologiyaların tətbiqini sürətləndirməyə kömək edə bilər", - deyə Prezidentin nümayəndəsi bildirib.

M.Babayev qeyd edib ki, regional əməkdaşlığın səmərəliliyi son nəticədə onun əldə etməyə imkan verdiyi nəticələrlə qiymətləndirilməlidir.

"Biz bu əməkdaşlığı konkret layihələrə və nəticələrə çevirmək üçün UNIDO, CECECO və regional tərəfdaşlarımızla işləməyə hazırıq", - deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31