“Əsl müharibənin başlanğıcı”: Lavrovun açıqlamasının arxasında nə dayanır? - ÖZƏL
19:44 SiyasətRusiya XİN rəhbəri Sergey Lavrov Leypsiq hava limanındakı dron hadisəsinin "əsl müharibənin başlanmasının siqnalı" olduğunu bildirib. O, Rusiyaya qarşı ittihamların araşdırılmadan qəbul edildiyini deyib və Almaniyanın Rusiyaya qarşı addımlarının Moskva ilə qarşıdurmanı dərinləşdirdiyini vurğulayıb.
Mövzu ilə bağlı politoloq Tural İsmayılov Olaylar.az-a açıqlama verib:
" Lavrovun "əsl müharibənin başlanğıcı" ifadəsi kifayət qədər ciddi siyasi mesajdır. Lakin bunu birbaşa Rusiya ilə Almaniya arasında hərbi müharibənin başlayacağı barədə xəbərdarlıq kimi qəbul etmək doğru olmaz. Daha çox bu ifadə Moskvanın Berlinin son addımlarını hansı təhlükəsizlik çərçivəsində qiymətləndirdiyini göstərir.
Burada üç ayrı məsələni bir-birindən fərqləndirmək lazımdır: Leipzig hava limanındakı dron hadisəsi, Almaniyanın Rusiyaya qarşı diplomatik tədbirləri və Berlinin hərbi potensialını gücləndirmək siyasəti. Lavrov bu üç istiqaməti vahid proses kimi təqdim edir və bununla da Almaniyanın siyasətini Rusiyaya qarşı kompleks strateji xətt kimi xarakterizə edir.
Əslində, Moskvanın narahatlığı konkret bir drondan daha böyükdür. Rusiya Almaniyanın hərbi imkanlarının genişlənməsini və Berlinin Avropada daha böyük təhlükəsizlik roluna iddia etməsini öz təhlükəsizliyi baxımından risk hesab edir.
Rusiya-Almaniya münasibətlərində yeni mərhələ yaranırmı?
Məncə, bəli. Amma bunu "müharibəyə doğru gedən münasibətlər" kimi deyil, uzunmüddətli strateji qarşıdurmanın dərinləşməsi kimi ifadə etmək daha düzgündür.
Rusiya ilə Almaniya arasında əvvəlki dövrlərdə ciddi siyasi fikir ayrılıqları olsa da, iqtisadi və diplomatik əlaqələr müəyyən balans yaradırdı. İndi həmin balans faktiki olaraq dağılıb. Ukrayna müharibəsi, qarşılıqlı sanksiyalar, diplomatik nümayəndəliklərlə bağlı qərarlar, casusluq və sabotaj ittihamları, hibrid təhdidlər və hərbi xərclərin artırılması münasibətləri tamam başqa müstəviyə keçirib.
Ən diqqətçəkən məqam isə tərəflərin bir-birinin addımlarını artıq müdafiə tədbiri kimi deyil, hücum potensialının göstəricisi kimi qəbul etməsidir.
Berlin deyir ki, Rusiyanın yaratdığı təhlükələr fonunda müdafiə qabiliyyətini gücləndirir. Moskva isə bunu Rusiyaya qarşı hərbi hazırlığın gücləndirilməsi kimi görür.
Eyni zamanda Rusiya öz hərbi və təhlükəsizlik siyasətini NATO-nun təzyiqinə cavab kimi izah edir. Avropa isə bunu Rusiyanın yaratdığı təhlükəyə cavab hesab edir.
Bu, klassik təhlükəsizlik dilemmasıdır: bir tərəfin təhlükəsizlik məqsədilə atdığı addım qarşı tərəfdə təhlükə hissini artırır və həmin tərəfi daha çox silahlanmağa sövq edir".
Zeynəb Mustafazadə