Fariz İsmayılzadə türk dövlətləri üçün ekologiya üzrə magistr proqramının yaradılması imkanının nəzərdən keçirilməsini təklif edib
18:28 SosialTürk dünyası ekoloji və texnoloji çağırışlarla, həmçinin mədəniyyət abidələrinin dağıdılması problemi ilə üzləşir.
Bunu Azərbaycan Milli Məclisinin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Bakı İqlim Fəaliyyətləri Həftəsi çərçivəsində deyib.
Onun sözlərinə görə, türk dünyasının bu məsələlərlə bağlı əməkdaşlığa ehtiyacı var.
F.İsmayılzadə türk dövlətləri arasında ekoloji məsələlərə və müasir çağırışlara diqqət yetirən birgə magistr proqramının yaradılması imkanının nəzərdən keçirilməsini təklif edib. Onun sözlərinə görə, belə bir proqramda su ehtiyatlarının idarə olunması və bərpaolunan enerji məsələlərinə də daha geniş yer verilə bilər.
F.İsmayılzadə digər təklif kimi birgə tədqiqatların gücləndirilməsini qeyd edib.
"Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti hörmətli Muxtar Babayevlə su ehtiyatları, ekoloji məsələlər və transsərhəd su ehtiyatlarının idarə olunması məsələləri ilə məşğul olacaq Birgə Xəzər Mərkəzinin yaradılması imkanlarını müzakirə etmişik", - deyə o bildirib.
Deputat region ölkələri arasında əməkdaşlığın zəruriliyini vurğulayıb.
"Bu məsələləri, o cümlədən Azərbaycanda belə, təkbaşına həll edə bilmərik. Buna görə də Xəzər dənizinin o tayında yerləşən Qazaxıstandakı həmkarlarımızla işləməliyik", - deyə F.İsmayılzadə bildirib.
O qeyd edib ki, Azərbaycan hazırda qonşu ölkələrlə münasibətlərə daha çox diqqət yetirir: "Bizim bilavasitə qonşuluğumuz böyük potensiala, çoxsaylı istedadlara və imkanlara malikdir".
Deputatın sözlərinə görə, Mərkəzi Asiya ölkələri inkişaf edir, türk dünyasının birliyi möhkəmlənir, Türk Dövlətləri Təşkilatı isə güclənir.