“Yaşadığımız bu dövr hələ ki, nə köhnə, nə də yeni dünya düzəni deyil”- ÖZƏL

Azər Qasımov: " Yeni dünya düzəninin formalaşması tarixən qanlı olub, indi də belə olur"

"Tarixən dünyada qurulan düzənlərin müəyyən dövrdən sonra yıxılır və yeni düzənin yaranışı dövrün tələbi ilə başlayıb. Dünya inkişaf etdikcə köhnə quruluşlar bu inkişafın önündə maneəyə çevrilib. Bundan sonra isə yeniliklə köhnə arasında qarşıdurma başlayıb. Xatırlatmaq istəyirəm ki, tarixən heç vaxt köhnə düzən yeni düzənlə mübarizədə öz varlığını qoruyub saxlaya bilməyib, çünki bu proseslər həmişə qarşı-qarşıya dayanan güclərin ambisiyalarının mahiyyəti fərqli olub. Yeni dünya köhnə düzəndə yaşamaq istəməyib. Öz düzənini qurmaq istəyib, köhnə də öz düzənini itirmək istəməyib. Amma məsələnin  ondadır ki, yeni düzən köhnə düzənin xarabalıqları üzərində qurulur. Bu zaman köhnə düzənin məğlub olan tərəfləri yox olmur. Ondan geriyə qalanlar yeni düzəndə müəyyən yer tutur, rol alır. Bu da gələcəkdə yeni qarşıdurmalara zəmin hazırlayır. Hal-hazırda davam edən proseslərdə də bu məsələnin  qarşıdurması gedir". Bunu "Olaylar"a açıqlamasında deyən ƏHD Partiyası İdarə Heyətinin üzvü Azər Qasımovun sözlərinə görə, İkinci Dünya Müharibəsindən sonra yaranan düzən keçmiş imperiya qalıqlarını əhatə edən ölkələrin müharibəsindən sonra yaranan dövlətlərin yaratdığı düzən idi: "Burda yüksələn güc Amerika oldu. Yaranmış bloklar bir-biri ilə ikinci dünya müharibəsindən sonra on illər ərzində soyuq mübarizə apardılar. Nəticədə iqtisadiyyat qələbə qazandı və iqtisadiyyatı zəif olan Sovet İttifaqı məğlub olaraq tarixin sırasından çıxdı. Yaranmış yeni və bloklardan məhrum qalmış dövlətlər öz gələcəklərini qurmağa başladılar. Postsovet ölkələri inkişaf etməklə yanaşı bəziləri aralarındakı problemləri müharibə yolu ilə belə həll etmək yolunu tutsalar da nəticədə problem həll olundu. Şərqi Avropa ölkələri isə öz təhlükəsizliklərini NATO-ya daxil olmaqda gördülər. Bunların hamısı yeni dünya düzəninə hazırlıq idi və bu prosesin əsası Rusiyanın ilk öncə 2008-ci ildə Gürcüstana hücumu, Abxaziya və Osetiyanın, sonra isə Ukrayna ərazisi olan Krımı 2014-cü ildə ilhaqları ilə başladı. Hər iki halda məsələnin bəhanəsi Gürcüstan və Ukraynanın NATO-ya daxil olmaq istəklərinin olması idi. Son olaraq 2022-ci ilin 22 fevralında Rusiya Ukraynaya geniş miqyaslı hərbi müdaxilə edərək işğal hərəkətlərinə başlamaqla köhnə dünya düzəninin yox olmasını labüd etdi. Köhnə düzənin dağılmasında maraqlı olan dövlətlər də ilk vaxtdan buna şərait yaratdılar. Çin, Hindistan, İran kimi dövlətlər Rusiyanın mövqeyini açıq və gizli dəstəklədilər. Rusiyaya müxtəlif yardım etdilər. Bunlar məsələnin xronoloji tərəfi olmaqla yanaşı yeni dünya düzıninin konturlarını da cızdı. Bir tərəfdə həmin ölkələr, digər tərəfdə ABŞ və Avropa İttifaqı olmaqla Kanada, Yaponiya, Avstraliya. Türkiyə və Ərəb ölkələri də hələlik bu düzəndə öz yerlərini tutmaq üçün  vargəl edirlər. Amma demək olar ki, ən əlverişli məqamda Türkiyə dövlətinin yeridir. Türkiyə bu dövrə bütün ölkələrdən tez hazırlaşıb və daha böyük real uğurlar əldə edib". 

Onun sözlərinə görə, yeni dünya düzəninə ehtiyac məcburiyyətdən yaranır: "Köhnə düzəndə məğlub olmuş ölkələrin itirdiklərini geri almaq istəyinin həmişə olduğunu nəzərə almaq lazımdır. İndiki yeni düzən uğrunda mübarizə də bunun nəticəsidir. Rusiya Sovet İttifaqının dağılmasından sonra itirdiyi ərazilərə iddia edir, Almaniyanın Rusiya tərəfindən əlindən alınmış Köninqsberq (Kalininqrad) və Dansinsk məsələləri - Dansinsk məsələsi (tarixdə daha çox Dansiq məsələsi və ya Dansiq koridoru problemi kimi tanınır), Birinci Dünya Müharibəsindən sonra Almaniya ilə Polşa arasında yaranmış və İkinci Dünya Müharibəsinin başlamasına birbaşa bəhanə olmuş ən böyük geosiyasi böhranlardan biridir. Məsələnin mahiyyəti, bu gün Polşanın Qdansk adlanan liman şəhəri və onun ətrafındakı ərazilərin statusu ilə bağlı idi.

Türkiyənin Osmanlı imperiyası dövründə itirdiyi ərazilər, Adalar dənizindəki adaların bir hissəsi (12 ada), Yaponiyanın ikinci dünya müharibəsindən sonra Rusiya tərəfindən əlindən alınan adalar, Argentina və İngiltərə arasında Folkland adaları məsələsi, Pakistan və Hindistan arasında Kəşmir məsələsi, Çinin Tayvan adası məsələsi, Fransanın dəniz aşırı koloniyal əraziləri və Afrikada mövcudiyyəti, hansı ki, buna böyük ölçüdə son verilib və s. Göründüyü kimi dünyada bir çox problemli məsələr vardır ki, bunların həll olunmasını gözləyən dövlətlər yeni düzəndə maraqlıdırlar.   Mahiyyət etibarilə yeni dünya düzəni anlayışının konturları ölkələrin bir-biri ilə müttəfiqliklər yaratması ilə cızılmağa başlayıb. Köhnə müttəfiqliklər dağılır, özünü doğrultmur və ya bunun hansısa maraqların qorunması üçün sadəcə görüntü olduğu aydınlaşır. Məsələn, Ermənistan üçün KTMT, Ərəb ölkələri üçün ABŞ müttəfiqliyinin sadəcə ABŞ və İsrailin maraqlarını qorumaq, Ərəb ölkələrinin maliyyəsinin mənimsənilməsi kimi. 

Yaradılan yeni müttəfiqliklərin mahiyyəti artıq hansısa zəif ölkənin güclü ölkənin yanına sığınması xarakteri daşımır. Bu müttəfiqliklər artıq tarixi yaxınlıq və qardaşlıq bağları olan ölkələr arasında qurulur. Türkiyə-Pakistan-Səudiyyə Ərəbistanı və ya Türkiyə-Azərbaycan-Pakistan arasında qurulan müttəfiqliklər kimi. Avropa İttifaqını da bu qəbildən hesab etmək olar. BRİKS, Şanxay Əməkdaşlıq Təşkilatı və ya AUKUS (anqlosaks dilli ölkələrin birliyi)  kimi daha böyük təşkilatları da bu qəbildən hesab etmək olar. NATO daha böyük təşkilat kimi yeni dünya düzənində öz yerini qorumaqla yanaşı görünür ki, bir sıra dəyişikliklərə məruz qalır, xüsusən də, maliyyələşmə məsələsində. İqtisadi olaraq yeni dünya düzəni ticarət yollarının yeni dəhlizlər yaradılması üzərindən davam edir. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində gərgin siyasi və texniki lojistik işlər gedir". 

A.Qasımov qeyd edib ki, dünyanın yeni düzənə keçməsinin aydın təzahürü kimi dəyərləndirilən "Tramp mərhələsi", əslində bu düzənin necə olacağını bizlərə göstərir. Dünya zatən güc üzərində bərqərar olsa da, bu, arxa planda idi: "Yeni dünya düzəni formalaşması anlayışının dövlətlərin yarımçıq qalmış ambisiyalarını yenidən həyata keçirmək istəyindən başqa bir şey olmadığı görünür. Bu düzən dünyada yeni siyasi konfiqurasiya və ya iqtisadi model olacağı anlamınamı gəlir, yoxsa mövcud sistemin əl dəyişdirəcəyimi anlamına?  Dünya yeni düzənə daxil olub. Öncəki düzən yıxılıb. Bu düzənlərin mahiyyətinin başa düşülməsi maraq doğurur. Yeni dünya düzəninə kimi yaşadığımız dövr barədə aşağı-yuxarı hər kəsdə ümumi məlumat var. Bu dövr nəzəri olaraq beynəlxalq hüququn, insan haqlarının, dövlətlərin ərazi bütövlüyünün, bütün dünya dövlətlərinin bir təşkilat-BMT adı altında cəm olduğu və buna uyğun beynəlxalq təşkilatların vasitəsi ilə dünyanın idarə olunması idi. Amma imperialist maraqların həmişə mövcud olduğu bir dövr idi. İndiki dövrün isə bu imperialist maraqların açıq şəkildə özünü biruzə verdiyi dövr olacağı görünür. Trampın dünyaya sülh gətirmək planları ABŞ-ın imperialist maraqları ilə necə uyğunlaşacağı isə yeni dünya düzəninin mahiyyətini təşkil edəcək. Trampla dünya güc və iqtisadi təzyiq yolu ilə sülhə qovuşacaqda, bura Rusiya-Ukrayna və İran məsələsinin həlli də daxil, bu, çoxqütblü dünyanın yaranacağı anlamına yox, təkqütblü-ABŞ hegemonluğunda bir dünya olacağı anlamına gələcək. 

Dünya birliyinin öz gücünü gözləntisi olan - əvvəlkindən daha yaxşı dövrün - imperialist maraqlara qurban verilməsinin qarşısını almağa yönələcəyini ümid etmək olar. Konspiraloji olaraq populyar mədəniyyətdə və sui-qəsd nəzəriyyələrində "Yeni Dünya Quruluşu" tamamilə fərqli və mənfi bir mənada qəbul edilir: gizli hökumət iddiası, tək dünya dövləti və nəzarət cəmiyyəti. Bura hətta dünyanın sonunu gətirmək üçün "Tanrını qiyamətə məcbur etmək" kimi absurd fikirlər də aiddir. Hesab etmək olar ki, yaşadığımız bu dövr hələ ki, nə köhnə, nə də yeni dünya düzəni deyil. Dünya bunun adını keçid dövrü qoysa da, yeni düzənin tam şəkildə hansı şəkildə olacağı anlayışı mövcud deyil. Yeni düzənə keçid anlayışı dövlətlərin bu məsələyə hansı rakursdan baxması ilə müəyyən ediləcək. Əgər hegemon dövlətlər bu düzəni öz təsir dairələrini genişləndirmək, kimisi keçmişdə itirdiyi əraziləri geri almaq, başqa xalqlara nəzarət etmək üçün istəyirlərsə, bu, həqiqətən də dünyanın sonu kimi bir şey olacaq. Yox, əgər, burda nisbətən ali məqsədlər güdülürsə, onda qismən xoş gələcəkdən danışmaq olar. Hesab edirəm ki, yeni dünya düzəninin formalaşması tarixən qanlı olub, indi də belə olur. Amma hələlik lokal regional şəkildə davam edir. Ümid edək ki, bu, genişmiqyaslı hesablaşma şəklini alıb dünya müharibəsinə çevrilməyəcək".

Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31