Avropa erməniləri necə aldatdı?- SUALLARA CAVABLAR
"Ermənilər Avropa Birliyinə qatıldılar!", "Onlar artıq Avropadadır, bizsə yox...", "Ermənistan Avropa Birliyinə inteqrasiya olunur və bu, onların inkişafını göstərir"...
27 Noyabr 2017 16:31 Siyasət"Ermənilər Avropa Birliyinə qatıldılar!", "Onlar artıq Avropadadır, bizsə yox...", "Ermənistan Avropa Birliyinə inteqrasiya olunur və bu, onların inkişafını göstərir"...
Ermənistan mediası ilə yanaşı, yerli müxalifətçilərimizin sosial şəbəkələrdəki profillərində yer alan bu emosional açıqlamalar, eyforiya kəlmələri az deyil.
Ermənistan gerçəkdənmi artıq Avropa ölkəsidir və ya İrəvan Avropa Birliyi ilə sıx əməkdaşlığa başlayıb? Bu əməkdaşlıq Ermənistanın Avropa Birliyinə qısa müddətdə üzv seçilməsi ilə başa çata bilərmi?
Suallar ilk baxışdan çətin və mürəkkəb təsir bağışlaya bilər.
Onları cavablandırmağa çalışaq.

Nədir "Şərq tərəfdaşlığı" proqramı?
Avropa Birliyinin postsovet məkanı ölkələri olan Ukrayna, Moldova, Azərbaycan, Gürcüstan, Belarus və Ermənistanla inteqrasiya əlaqələrinin inkişafı üçün 2009-cu ildə "Şərq tərəfdaşlığı" proqramı işə salınıb. Proqram reallaşmağa başlayandan bəri AB 6 ölkə ilə əlaqələrin inkişafı sahəsində bir sıra anlaşmalar imzalayıb. Məsələn, Ukrayna, Moldova və Gürcüstanla AB turistlər üçün vizasız rejim tətbiq olunub.
Nə baş verib?
Noyabrın 24-də Belçikanın paytaxtı Brüsseldə Avropa Birliyinin 29 ölkəsinin və postsovet məkanının 6 ölkəsinin rəhbərlərinin iştirakı ilə "Şərq tərəfdaşlığı" proqramının zirvə toplantısı başa çatdı. Sammitin sonucu olaraq yekun bəyannamə qəbul olundu. Sənəddə AB "Şərq tərəfdaşlığı" proqramının iştirakçılarının niyyətlərini bəyəndilər və bütün münaqişələri dinc yolla çözməyə çağırdılar.
Dağlıq Qarabağ münaqişəsi, Krım məsələsi və Ukraynanın Donetsk vilayətindəki situasiya ilə bağlı sənəddə heç nə yazılmasa da, Avropa Birliyi ölkələrin sərhəd toxunulmazlığı ilə ərazi bütövlüklərinin toxunulmazlığının ən mühüm məsələlərdən biri olduğunu vurğuladı.
Digər məqam Ermənistanın Avropa Birliyi ilə genişmiqyaslı əməkdaşlıq barədə anlaşma imzalaması oldu.

"Sammit iştirakçıları Ermənistanla AB arasındakı anlaşmanı təqdir edirlər. Bununla yanaşı, sammit iştirakçıları Avropa Birliy ilə Azərbaycan arasında genişlənmiş əməkdaşlıq barədə anlaşma üzərində iş sahəsində ciddi irəliləyişi bəyənir və təqdir edirlər", - sammitin yekun bəyannaməsində deyilir.
Ermənistan mediasında yer alan xəbərlərə və erməni siyasətçilərin, məmurların dediklərinə görə, Avropa Birliyi ilə imzalanmış anlaşma İrəvana AB ilə birlikdə təhsil, ətraf mühitin mühafizəsi və texniki sahələrdəki birgə layihələri inkişaf etdirməyə imkan verəcək.
Ermənistan prezidenti Serj Sarkisyan isə ümumiyyətlə, az qala ekstaza düşərək söyləyib: "Bu anlaşma sayəsində ölkəmiz Avropanın ən müasir, ən müxtəlif texnologiyalarından yararlana biləcək. Alimlərimiz AB ölkələrinə yollanaraq elmi-tədqiqat proqramlarında iştirak edəcəklər".
Sammitin yekun bəyannaməsində o da vurğulanır ki, "Avropa Birliyi ölkələri Ermənistanla viza rejiminin liberallaşdırılmasına yönəlmiş dialoqun başlanmasına istiqamətlənən kursa riayət edirlər".
Bu sənəd heç də Ermənistan vətəndaşları üçün Avropa Birliyinə səfərlər zamanı vizaların ləğvi anlamına gəlmir. Sadəcə, ermənilərə vəd olunur ki, nə zamansa, uzaq gələcəkdə müqavilə imzalanıb razılaşma əldə olunarsa, Ermənistan vətəndaşları üçün vizalar ləğv oluna bilər.
Nə zamansa, mümkündür, ehtimal olunur.
Avropa Birliyi Rusiyaya meydan oxuyur?
Rusiyanın Cənubi Qafqazdakı forpostu və əslində, quberniyasının Ermənistan olduğunu nəzərə alsaq, İrəvanın Brüssellə anlaşma imzalamasını Moskvadan uzaqlaşması, Brüsselinsə Moskavaya meydan oxuması kimi dəyərləndirənlər də var.
Brüssel sammitində Belarusun da iştirak etdiyini nəzərə alsaq, belə iddialar xüsusilə ucadan səslənir və Avropa Birliyinin postsovet məkanında Rusiyanın təsir imkanlarını minimuma endirmək üçün aktivləşdiyi vurğulanır.
Belədirmi?
Əsla. Daha doğrusu, hər şey əksinədir.
Sammitdə Belarusu prezident Aleksandr Lukaşenko yox, XİN başçısı Vladimir Makey təmsil edib.

O deyib: "Heç kim Avropa Birliyinə daxil olmağa qaçmır. Amma əminəm ki, Belarusla Avropa Birliyi arasında gec-tez əməkdaşlıq sazişi imzalanacaq. Bu istiqamətdə avropalı tərəfdaşlarımızla çalışırıq. Tədricən irəliləməliyik, tərəflərdən hər biri öz payına düşən addımları atmalıdır. Məncə, qarşı tərəf də belə anlaşmanın imzalanmasının vacibliyini anlayır".
XİN başçısı onu da vurğuladı ki, Belarusla Avropa Birliyi arasında viza rejimi gələn il ləğv oluna bilər.
Avropa Birliyinin "Rusiyaya meydan oxuması"na gəldikdə isə, nə sammitin gedişatında, nə də yekun bəyannaməsində belə nəticə hasil etməyə əsas verən bir məqam (!) da olmayıb. Əksinə, yekun bəyannamədə deyilir: "Bəyan edirik ki, "Şərq tərəfdaşlığı" proqramı hər hansı dövlətə qarşı yönəlməyib və sabiq sovet respublikaları ilə Avropa Birliyi arasında münasibətlərin inkişafına xidmət edir".
Bu səbəbdən Rusiyanın MDB məkanındakı yeni mərkəzəqaçma layihəsi kimi reallaşdırdığı və postsovet ölkələrini də sıralarına qatılmağa sövq etmək üçün ən müxtəlif yollara əl atdığı Avrasiya İqtisadi Birliyinin üzvləri Ermənistanla Belarusun Brüssel sammitindəki duruşları heç bir halda Moskvadan uzaqlaşmaq təki dəyərləndirilə bilməz.
Brüssel sammiti Ermənistanı razı saldı?
Çətin. Çünki sammitin yekun bəyannaməsi rəsmi İrəvan üçün "soyuq duş" effekti verdi.
Ermənistan diplomatiyasının və ölkə rəhbərliyinin bütün cəhdlərinə, uzun aylardan bəri davam edən kuluar kampaniyalarına rəğmən Brüssel sammitinin yekun bəyannaməsi Dağlıq Qarabağ münaqişəsi barədə birbaşa olmasa da, üstüörtülü mesaja çevrildi.
"Avropa Birliyi bir daha bəyan edir ki, "Şərq tərəfdaşlığı" ölkələrinin ərazi bütövlüyü, müstəqilliyi və sərhəd toxunulmazlıqlarına ən ciddi şəkildə riayət olunmalıdır. Sammit iştirakçıları regionda davam edən münaqişələri beynəlxalq hüququqn norma və prinsipləri əsasında, dinc yolla həllinə yönəlmiş səyləri davam etdirməyə çağırır", - sənəddə deyilir.
Ermənistan Avropa Birliyinə üzv olacaq?

Sualın cavabı çox sadədir: yox, Rusiya buna imkan verməyəcək. Ermənistan Rusiyanın, sadəcə, bir vilayəti formatında olan ölkədir. Ermənistan iqtisadiyyatının strateji sahələri Moskvanın nəzarətindədir, ermənilərin sərhədləri Rusiya sərhədçilərinin kontrolundadır və Ermənistanın hakimiyyəti Moskvanın razılığı olmadan nə xarici, nə də daxili siyasət müstəvilərində heç bir müstəqil addımlar ataraq qərarlar vermək imkanlarına malik deyil.
Avropa Birliyinə 29 ölkə üzvdür və onların hamısının "Şərq tərəfdaşlığı" proqramına qatılmış 6 dövlətin avroperspektivləri ilə bağlı fərqli mövqelərə, müxtəlif siyasi baxışlara malikdir.
Bu səbəbdən həmin ölkələr "29+6" formatını optimal hesab edirlər.
Eyni zamanda, Avropa Birliyinin əsas məqsədi mal və məhsullarının postsovet məkanında satışlarını artırmaqloa yanaşı, Brüsselin təsir imkanlarını gücləndirməkdir.
Baltikyanı dövlətlərdə də belə olmuşdu. Latviya, Litva və Estoniyanın AB-yə qəbulu sürətli yox, uzunmüddətli və tədricən oldu.
AB Ermənistanı öz sıralarına qatmağa tələsməyib, tələsən də deyil. Brüsseli yalnız mənfəət maraqlandırır.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prosesində Avropa Birliyi konkret, qəti addımlar atan deyil.
Avropa Birliyi ilə genişmiqyaslı əməkdaşlıq barədə anlaşmanın imzalanması Ermənistandan daha çox, AB-nin maraqlarına xidmət edir. Ermənilərin sevincləri də tələsikdir.
Bir müddət sonra - anlaşmanın şərtlərinə uyğun olaraq - AB-də istehsal olunan mal və məhsullar Ermənistanda daha geniş çeşiddə, daha böyük miqdarda satılacaq, nəticədə yerli istehsalçılar və müəssisələr sərt rəqabətlə üzləşəcəklər. Ermənistanda çox şirkətin və iş adamının həmin rəqabətə dözməyərək iflasa uğrayacaqları qaçılmazdır.

Vizasız rejimin tətbiqinə gəldikdə isə, Moldova, Ukrayna və Gürcüstanda baş verənlər Ermənistanda da təkrarlanacaq.
Belə rejim Avropa Birliyinə ucuz işçi qüvvəni əldə etmək üçün gərəkdir.
Məsələn, Ukrayna və Moldova vətəndaşları Polşaya, Çexiyaya, Slovakiyaya, Baltikyanı dövlətlərə yollanır, orada ən ağır işlərdə çalışır, yerli sakinlərlə müqayisədə daha az maaş alırlar.
Avropa Birliyi heç vaxt öz maraqlarına tam cavab verməyən, mənafelərini təmin etməyən anlaşma imzalamır.
Ermənistan alacağından çox, verəcəyini hələ anlamır.
Elçin Alıoğlu
Milli.az