Ölkənin Ana Qanununun qəbulundan 22 il keçir
Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Azərbaycan Konstitusiyasının qəbul edilməsindən 22 il keçir. Hər il 12 noyabr tarixi Azərbaycanda Konstutusiya Günü kimi qeyd edilir. 1995-ci ildə qəbul edilən ölkə konstitusiyasına ötən illər ərzində müasir dövrün, günün tələblərinə uyğun olaraq bir sıra dəyişiklik və əlavələr edilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov deyir ki, Konstitusiya hər bir cəmiyyətin hansı idarəçilik formasını, insan hüquq və azadlıqlarına yanaşmasını, dövlətin müxtəlif sahələrdə, iqtisadi və sosial inkişafda, beynəlxalq münasibətlərdə rəhbər tutduğu başlanğıc prinsipləri bəyan etdiyi ana qanundur. Onun sözlərinə görə, hər bir dövlətin konstitusiyası onun milli məqsədlərini müəyyən edir, onları əks etdirir: “Bir qayda olaraq, konstitusiyaların məqsədləri, məramları qısa olaraq onların preambulalarında öz əksini tapır.
12 Noyabr 2017 09:00 SiyasətAzərbaycan dövlətinin bu günkü gücündə, beynəlxalq nüfuzunda, sosial-iqtisadi inkişaf səviyyəsində Konstitusiyanın rolu çox əhəmiyyətlidir
Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Azərbaycan Konstitusiyasının qəbul edilməsindən 22 il keçir. Hər il 12 noyabr tarixi Azərbaycanda Konstutusiya Günü kimi qeyd edilir. 1995-ci ildə qəbul edilən ölkə konstitusiyasına ötən illər ərzində müasir dövrün, günün tələblərinə uyğun olaraq bir sıra dəyişiklik və əlavələr edilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov deyir ki, Konstitusiya hər bir cəmiyyətin hansı idarəçilik formasını, insan hüquq və azadlıqlarına yanaşmasını, dövlətin müxtəlif sahələrdə, iqtisadi və sosial inkişafda, beynəlxalq münasibətlərdə rəhbər tutduğu başlanğıc prinsipləri bəyan etdiyi ana qanundur. Onun sözlərinə görə, hər bir dövlətin konstitusiyası onun milli məqsədlərini müəyyən edir, onları əks etdirir: "Bir qayda olaraq, konstitusiyaların məqsədləri, məramları qısa olaraq onların preambulalarında öz əksini tapır. Bizim konstitusiyamızın da məqsədlərini aydın şəkildə konstitusiyamızın preambulasında görmək olar. Azərbaycan Respublikasının ən yüksək hüquqi qüvvəyə malik olan Ana Qanununda dövlətçiliyin möhkəmləndirilməsi və sivil cəmiyyətin formalaşması xalqın niyyəti kimi bəyan edilmişdir. Yəni, konstitusiyamızın hər bir müddəası bu niyyətlərin reallaşdırılmasına xidmət edir. Konstitusiyanın məzmunu, keyfiyyəti, ictimaiyyətin maraqları ilə uzlaşma səviyyəsi ilə dövlətin gücü və davamlı inkişafı arasında birbaşa əlaqə mövcuddur. Azərbaycan dövlətinin də bu günkü gücündə, beynəlxalq nüfuzunda, sosial-iqtisadi inkişaf səviyyəsində Konstitusiyanın rolu çox əhəmiyyətlidir". Millət vəkili deyib ki, bu gün yaşadığımız güclü Azərbaycan həm də illər öncə ortaya qoyulmuş müdrik, uzaqgörən yanaşmanın və cəmiyyətin inkişafını şərtləndirən Konstitusiyanın nəticəsidir: "Konstitusiyamız nəinki sivil cəmiyyətin möhkəmlənməsi və inkişafı üçün tam çərçivəni müəyyən edir, həm də onun formalaşmasında hüquqi əsas kimi çıxış edir. Dövlətin hüquqi və demokratik təsisat kimi formalaşması üçün eyni qaydada fəal vətəndaş iştirakçılığı zəruridir. Vətəndaş iştirakçılığı isə məhz konstitusiyanın müəyyən etdiyi hüquq və azadlıqlar vasitəsilə tanınır və həyata keçirilir. Nəticədə, sivil cəmiyyətin formalaşması prosesi öz başlanğıcını məhz konstitusiyanın müddəalarından götürür". Vüsal Hüseynov deyib ki, müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyası çox mürəkkəb bir tarixi dövrdə və gərgin proseslərin getdiyi bir zamanda qəbul edilmişdir: "Belə bir şəraitdə həm həmin dövr üçün cəmiyyətin ehtiyac və tələblərinə uyğun, eyni zamanda dövlətin gələcək inkişafı üçün çərçivəni müəyyən edən Konstitusiya sənədinin qəbul edilməsi Azərbaycanın dövlətçilik tarixi üçün əhəmiyyətli hadisə idi və Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin gələcəyinə baxışının ifadəsi idi. Dövlətin inkişafında Konstitusiyanın rolunu dəyərləndirmək üçün Ümummilli lider Heydər Əliyev Konstitusiyanın hazırlanmasını həyata keçirmək üçün onun Sərəncamı ilə yaradılan komissiyanın iclasında olan nitqindən bir neçə tövsiyəsini xatırlatmaq istərdim. O qeyd etmişdir: "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasında demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun". Həqiqətən, Azərbaycan dövlətinin sonrakı inkişafı sübüt etmişdir ki, Azərbaycan Konstitusiyası bu baxışı özündə əks etdirmiş və bütün istiqamətlərdə olan dinamik inkişafı və insan hüquq və azadlıqlarının qorunmasını prioritet olaraq müəyyən etməklə zəruri çərçivəni təmin etmişdir. 12 Noyabr Konstitusiya Gününün xüsusi əhəmiyyəti həm də bununla bağlıdır". Millət vəkili bildirib ki, Konstitusiyamızın qəbul edilməsində əsas məqsədlərdən biri ali qanun səviyyəsində demokratik quruluşa təminat verməkdir. Demokratik quruluş xalqın iradəsi ilə müəyyən edilən və insan hüquq və azadlıqlarına zidd olmayan quruluş modelidir: "Yəni, xalq öz nümayəndələrini- prezident, millət vəkilləri və bələdiyyə üzvlərini dövri olaraq seçərək dövlət və yerli özünüidarəetməni həyata keçirir. Xalq seçdiyi nümayəndələrinin fəaliyyətinə hər dəfə növbəti seçkidə qiymət verir, başqa sözlə, seçkilər vasitəsilə onların fəaliyyətini təftiş etmiş olur. Konstitusiyamızda bu prinsiplər ətraflı olaraq təsbit olunmuş və qorunmuşdur. Konstitusiyamızda, həmçinin, hüquqi dövlət modeli əsas götürülüb. Hüquqi dövlət qanunun aliliyinin qorunduğu, yəni heç bir şəxsin, qurum və ya quruluşun qanundan üstün olmadığı və qanun qarşısında hər kəsin bərabər olduğu, insan hüquq və azadlıqlarının qorunduğu, hakimiyyətin bölünməsi prinsipinin qorunub-saxlanıldığı dövlətdir. Konstitusiya mətninə diqqət yetirdikdə dövlət hakimiyyətinin qanunverici, icra və məhkəmə hakimiyyətləri arasında bölündüyünü və bir hakimiyyət qolunun digərinə təsir imkanlarının qarşısını almaq üçün "qırmızı xətlər" olduğunu anlayırıq. Azərbaycanın dünyəvi dövlət olması dinin dövlətdən ayrılması, hüquqi olaraq bütün dini etiqadlara bərabər yanaşmanın olması, təhsilin və ümumiyyətlə, bütün dövlət və bələdiyyə idarəçilik sisteminin dünyəvi xarakter daşıması deməkdir. Konstitusiyada belə bir normanın mövcudluğu əslində cəmiyyətin yaşayış xüsusiyyətlərindən irəli gəlir. Azərbaycanda tarixən bütün dinlərə qarşı tolerantlıq qorunub saxlanılıb və bütün dinlərə hörmətlə yanaşılıb. Bu səbəbdəndir ki, bu gün ölkəmiz multikultiralizm və tolerantlığın ən yaxşı nümunəsi kimi təqdim edilir. Konstitusiya da bu mənada cəmiyyətin tələbinə cavab olaraq dünyəvi respublika modelini mənimsəyib.
Müqayisəli konstitusionalizm mövqeyindən yanaşsaq təbii ki, Konstitusiyamızın insan hüquq və azadlıqlarına olan müsbət yanaşması, iqtisadi münasibətlərin təmini və sair müddəları üzrə səciyyəvi xüsusiyyətləri çoxdur. Konstitusiyamızda insan hüquqları və azadlıqları ilə bağlı maddələrə baxsaq görərik ki, təsbit olunan maddələr bu gün Avropada və ümumiyyətlə, dünyada ən əsas insan hüquqları instrumentləri sayılan Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və Avropa İnsan Hüquqları Konvensiyasının ruhuna tam uyğundur".
S.İsmayılbəyli