Bahar Muradovadan anons: "Qarşısı alınmayan proseslər baş verə bilər"

"Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü iyun ayında baş tutsa belə, o görüş bütövlükdə məsələnin həlli demək olmayacaq". Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin sədrinin müavini Bahar Muradova deyib. Onun sözlərinə görə, bu, Qarabağ münaqişəsində yeni xarakterli danışıqlar mərhələsidir: "Biz bu danışıqlar prosesini yeni bir mərhələnin başalanğıcı kimi dəyərləndiririk. Əgər əvvələr bu formatda keçrilən görüşlərdə yalnız bəyanatlar verib məsələnin uzanmasından narahatlıq ifadə, tərəfləri qarşılıqlı güzəştə getmək təklif olunurdusa, indi artıq məsələnin həlli ilə bağlı ciddi çağırışlar olmalıdır". Deputat bildirib ki, prezidentlərin iyun görüşü istənilən nəticəni verməsə Azərbaycan öz qəti qərarını verəcək: "Bu görüşlərdə görsək ki, məsələnin həlli ilə bağlı həm vasitəçilər ciddi mövqeyə malikdir, həm də Ermənistan tərəfi bu ciddi mövqeləri qəbul edərək konstruktiv mövqe istiqamətində fəaliyyət göstərə bilir, o zaman biz bu danışıqların perspektivinə inana bilərik. Onun davamlı şəkildə getməsində iştirak edə bilərik.Yox əgər görsək ki, növbəti dəfə söhbət baş aldatmaqdan, məsələni növbəti on illər boyu uzatmaqdan gedirsə, əlbəttə, Azərbaycan öz qəti sözünü söyləyəcək". Vitse-spiker deyib ki, Azərbaycan yalnız atəşkəs rejiminə və insidentlərin araşdırılması mexanizminin müəyyənləşməsinə razılıq verib: "Hansısa öhdəlik və ya sənəd imzalamayıb. Ona görə də düşünürəm ki, Azərbaycanın qətiyyətli mövqeyi hamıya bəllidir. Və elə o mövqe yeni reallığı yaradıb. Bu reallıq dəyərləndirilməyəcəksə, o zaman hesab edirəm ki, qarşısı alınmayan proseslər baş verə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31