Almaniyadakı soydaşlarımızdan “Azadlıq” qəzetinə etiraz

Bielefeld Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti bəyanat yayıb. "OLAYLAR"-a daxil olan bəyanatda qeyd olunur ki, aprelin 17-də cəmiyyətin təşkilatçılığı ilə Almaniyanın Düsseldorf şəhərində bu ayın ilk günlərində Ermənistan Ordusunun Azərbaycanla təmas xəttində törətdiyi hərbi təxribatlara etiraz etmək məqsədi ilə aksiya keçirilib. Aksiyada bu ölkədə yaşayan azərbaycanlı və türklər iştirak edib.  Etiraz mitinqində "Qarabağ Azərbaycanındır!", "Xocalı Soyqırımını unutmayaq!", "Dünya birliyi Ermənistanın təcavüzkarlığını qınamalıdır" kimi şüarlar səsləndiriblər. Aksiyada çıxış edənlər son günlər Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasını, Azərbaycanla təmas xəttində  təxribatçı cəhdlərin törədilməsini və dinc əhalinin qətlə yetirilməsini kəskin şəkildə pisləyiblər. İştirakçılar, eyni zamanda,   qəhrəmancasına vuruşan əsgərlərə dəstək verdiklərini ifadə edib, Ermənistan silahlılarının Azərbaycan torpaqlarından qeyri-şərtsiz çıxarılmasını tələb ediblər. Lakin, Azərbaycanda fəaliyyət göstərən müxalif yönümlü  "Azadlıq" qəzetinin 18 aprel buraxılışında və qəzetin  internet  səhifəsi www.azadliq.info -da yayılan informasiyada sözügedən aksiyanın məzmun və məqsədi yalnış şəkildə təqdim edilib, aksiya ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar qeyd olunub. Bielefeld Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti olaraq belə həssas mövzuların siyasiləşdirilməsinin yolverilməz olduğunu nəzərinizə çatdıraraq bildiririk ki, bu cür  əsassız, həqiqətə uyğun olmayan  məlumatların yayılması Azərbaycanın milli və dövlətçilik maraqlarına zidddir. Həmçinin, Düsseldorfda yaşayan və sözügüdən aksiyada iştirak edən azərbaycanlılar da Azərbaycanda fəaliyyət göstərən  bəzi KİV-lərinin bu cür yalnış məlumatlar yaymasından dərin narahatlığını bildirir, Azərbaycan dövləti və xalqı üçün xüsusi əhəmiyyət kəsb edən həssas mövzularda birlik və həmrəylik göstərmək əvəzinə, baş verənlərin əsassız şəkildə siyasiləşdirilməsini qəti şəkildə qınayır. Bielefeld Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti  olaraq  Düsseldorfda yaşayan və aksiyada iştirak edən azərbaycanlılar adından sözügedən KİV-lərə kəskin şəkildə etiraz edir, yayılan yalnış məlumatlarla bağlı təcili olaraq təkzib verilməsini tələb edirik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31