Bahar Muradova Ermənistan deputatlarını susdurdu

Erməni generallarına istinadla

Aprelin 15- 18-i Milli Məclisin vitse-spikeri, ATƏT-in Parlament Assambleyasında (PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova başda olmaqla deputat qrupu Almaniyanın Lansvayler şəhərində qurumun "ATƏT-in münaqişələrin dayandırılmasına yönəlmiş tədbirlərinə ATƏT PA-nın və onun üzvlərinin töhfə vermək imkanları - həlli uzanan münaqişələrə xüsusi diqqət" mövzusunda seminarda iştirak edib. Seminarda Ermənistan tərəfi bu nüfuzlu meydandan Azərbaycan tərəfinin dəfələrlə nokaut etdiyi erməni təbliğatının tezislərini səsləndirməyə çalışıb. Ermənistan nümayəndə heyəti Azərbaycanı özünə qarşı "təcavüzdə" ittiham edib. Dağlıq Qarabağın, ümumiyyətlə, elə Azərbaycan olduğunu nəzərə alaraq, özünə hücum etmək barədə ittiham xüsusilə absurd görünür.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, vitse-spiker Bahar Muradova Yerevanın bu cür cəfəng ittihamını ifşa edib, bu ölkənin müdafiə nazirinin müavini David Tanoyanın fevral bəyanatında ağzından qaçırdığı Ermənistan silahlı qüvvələri baş qərargahının əsl məqsədlərinin üstünü açıb. Xatırladaq ki, başıbəlalı erməni döyüşçünün ehtiyatsız etirafı onun ordusunun tezliklə yeni konseptual hərbi doktrinaya keçməsi zərurəti təşkil edirdi. Ermənistanın hərbi quruculuqda Azərbaycandan ciddi şəkildə geri qalmasının dərk edilməsindən qaynaqlanan bu doktrina işğalın dağətəyi zonasının şərqə tərəf mümkün qədər genişləndirilməsini və Azərbaycan qüvvələrinin təmas xəttinə toplanmasına cüzi şübhə olarsa, preventiv zərbələr endirməyi nəzərdə tutur. Klassik hərb elmində bu cür taktika "qarşısını almaq" (deterrence) adlanır və hətta burada da erməni "napaleonları" orijinal olmayıb, öz planlarına heç olmasa öz adlarını qoymaq barədə düşünməyiblər. B. Muradova seminar iştirakçılarına izah edib ki, Azərbaycan torpaqlarının işğal edilmiş zonasında hərbi əməliyyatların bu yaxınlarda alovlanması elə erməni generalitetinin bu yeni doktrinasının qabaqlayıcı zərbəsinin sınaqdan keçirilməsi idi. Sonra nə baş verdiyi hamıya yaxşı məlumdur - qəfil zərbə baş tutmadı, bunun əvəzində isə erməni dəstələri nəinki sərt müqavimətlə qarşılaşdı, həm də Azərbaycan Ordusunun məhdud kontingentinin sürətli əks-hücumundan qaçmağa üz tutdular. Nümayəndə heyətinin başçısı seminar iştirakçılarının diqqətini bu fakta çatdırdı ki, Azərbaycan öz şanlı ordusunun nəyə qadir olduğunu nümayiş etdirəndən sonra dünyada münaqişənin sürətlə həll edilməsinin zəruriliyindən danışmağa başladılar. İndiyədək isə yalnız söhbətlər və növbətçi bəyanatlar verilirdi, praktik müstəviyə keçməyə səy göstərilmirdi. B.Muradova bildirib ki, yeni doktrinanın sınaqdan keçirilməsində məğlub olan erməni təbliğatı "B" planına keçdi. Bunun mahiyyəti Azərbaycanı guya atəşkəsi pozmaqda ittiham etməkdir. Bununla belə, Tanoyanın fevral bəyanatı tərəflərdən hansının hücuma gizlin hazırlaşdığını çox aydın göstərir. Nümayəndə heyətinin digər üzvü, ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev isə qeyd edib ki, ATƏT Parlament Assambleyası Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hərəkətə keçməlidir. A. Quliyev bildirib ki, münaqişə ilə bağlı bir çox beynəlxalq təşkilatlar - BMT Təhlükəsizlik Şurası, BMT Baş Assambleyası, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti sənədlər qəbul ediblər: "BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin bütün işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasına çağıran dörd qətnaməsinə Ermənistan hörmət etməlidir". Millət vəkili qeyd edib ki, 3 aprel 2016-cı ildə Avropa Şurası Parlament Assambleyasının prezidenti "Ermənistan silahlı qüvvələrinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması" ilə bağlı çağırış etdi. Avropa Parlamenti münaqişə ilə bağlı özünün mövqeyini bir neçə qətnamə və tələblərlə ifadə edib. Bu mənada, Ermənistan hərbi qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılması və BMT Nizamnaməsinə uyğun olaraq beynəlxalq qüvvələrin regiona yerləşdirilməsi ilə müşayiət olunması ifadə edilib. Aprelin 6-da ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceymis Uorlik Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllinə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və Azərbaycan torpaqlarının Azərbaycana geri qaytarılmasının daxil olduğunu bildirib". A. Quliyev hesab edir ki, indi ATƏT PA bu beynəlxalq təşkilatlara qoşulmalı və Ermənistanın hərbi qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə bağlı müəyyən addımlar atmalıdır: "Bu ilin iyul ayında ATƏT PA-nın Tbilisidə keçiriləcək illik sessiyası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin hesabatı dinlənilməli və indiyə kimi münaqişənin həll olunmasına mane olan səbəblər haqqında deputatlara məlumat verilməlidir. Bundan başqa, Minsk qrupuna üzv olan 11 ölkənin parlamentinin iştirakı ilə ayrıca bir konfransın keçirilməsinə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu formatda parlamentarilər tərəfindən müzakirəsinə ehtiyac var. Yaxşı olar ki, ATƏT PA yaxın zamanda bu təklifi nəzərdən keçirsin və onun icrasını təmin etsin".


Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31