Azərbaycan və Türkiyə arasında hüquqi əlaqələr inkişaf edir
19 Aprel 2016 16:36 SiyasətƏdliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Türkiyənin Ali Məhkəməsinin sədri İsmail Rüştü Ciritin rəhbərlik etdiyi tərkibinə həmçinin, Türkiyənin Baş prokuroru Mehmet Akarçanın və Ədliyyə Akademiyasının rektoru Yılmaz Akçilin daxil olduğu nümayəndə heyəti ilə görüşüb.Nazirlikdən "Olaylar"a verilən məlumata görə, F.Məmmədov zəngin müqavilə bazasına söykənən hüquqi əlaqələrin inkişafından məmnunluğu ifadə edib, iki ölkənin Ədliyyə nazirlikləri və Ədliyyə akademiyaları arasında imzalanmış əməkdaşlığa dair sənədlərin ədliyyə və məhkəmə orqanları arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsinə əlavə şərait yaratdığını bildirib. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ədliyyə və məhkəmə islahatları barədə ətraflı məlumat verilib, hakimlərin Avropada ən şəffaf seçiminə, onların tədrisinə toxunularaq qardaş ölkənin Ədliyyə Akademiyasının dəstəyi ilə bütün hakimliyə namizədlərin Türkiyədə təmənnasız nəzəri və praktiki təlimlər keçdiyi təqdir olunub.
Qonaqlar məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatlara böyük maraq göstərərək qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi arzusunda olduğunu söyləyib, yaxşı təcrübələrin mübadiləsinin hər iki tərəf üçün əhəmiyyətini qeyd ediblər. Türkiyə Ali Məhkəməsinin sədri bir müddət öncə Dağlıq Qarabağda qoşunların təmas xəttində Ermənistanın təxribatının qarşısının alınmasında Azərbaycan Ordusunun zəfərləri münasibətilə təbrik edib, baş vermiş hadisələrdə hərbi qulluqçularımızın həlak olması ilə bağlı başsağlığı verib və bu münaqişənin həllində Türkiyənin dəstəyini ifadə edib. Görüşdə qarşılıqlı fəaliyyətin perspektivləri, o cümlədən elektron məhkəmənin tətbiqi və digər maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.Tədbirdə Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşkun iştirak edib.