Deputatımız ATƏT seminarında bir müqayisəyə etiraz etdi: Ən azı 4 fərqə görə...
19 Aprel 2016 13:57 SiyasətATƏT Parlament Assambleyası Almaniyanın Lansvayler şəhərində "ATƏT-in münaqişə dövrünün kəsilməsi istiqamətindəki tədbirlərinə ATƏT PA və onun üzvlərinin geniş töhfə vermək imkanları - həlli uzadılmış münaqişələrə xüsusi diqqət" mövzusunda seminar təşkil edib. Seminarın ilk günündə Fransa - Almaniya arasında Saar bölgəsi, İtaliya-Almaniya arasında isə Tirol bölgəsində vaxtilə mövcud olan münaqişələrin həlli yolları və mezanizmləri haqqında nümunəvi təqdimatlar olmuşdur. Tədbirdə Azərbaycan nümayəndə heyəti də iştirak edib. ATƏT Parlament Assambleyasının sədri İlkka Kanerva bildirib ki, toplantının əsas məqsədi həlli uzadılan münaqişələr barədə müzakirələr aparmaqdır. O qeyd edib ki, ATƏT regionunda fikir ayrılıqlarını aradan qaldırmaq üçün siyasi iradə tapmaq hələlik böhranlı məsələ olaraq qalır. Tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, ölkəmizin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib ki, Azərbaycan münaqişənin beynəlxalq hüququn prinsipləri çərçivəsində həllinə tərəfdardır. Azərbaycan bu məsələnin həllində öz qətiyyətli mövqeyini heç kimə güzəştə getməyəcək, özünün haqq işini sona qədər davam etdirəcək. Bizim mövqeyimizin əsas aparıcı istiqaməti ondan ibarətdir ki, əgər bölgənin və onun vasitəsilə ATƏT regionunun yenidən müharibə zolağına girməməsini istəyiriksə, yaranmış kövrək atəşkəs rejimindən istifadə edərək münaqişənin həllini sürətləndirməliyik. Münaqişənin həllinə cavabdeh olan Minsk qrupu, onun müəyyən institutlarının, o cümlədən Parlament Assambleyasının bu prosesə töhfə verməsi üçün mövcud mexanizmlərin işə salınması vacibdir. Milli Məclisin deputatı Tahir Mirkişili bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində bir milyondan artıq azərbaycanlı doğma yurd-yuvalarından zorla qovulub. ATƏT Parlament Assambleyasının siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyev qeyd edib ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. O vurğulayıb ki, nəinki Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri, həmçinin mülki yaşayış məntəqələri də Ermənistan tərəfinin hücumuna məruz qalır. Ona görə də hazırkı vəziyyət ATƏT tərəfindən qətiyyətli addımların atılmasını tələb edir. Sonra gətirilən nümunələrin ATƏT ərazisində mövcud olan münaqişələrə tətbiq olunma imkanları müzakirə edilmişdir. Müzakurələrdə yaxından iştirak edən ATƏT PA-nın siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, büro üzvü Azay Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı vəziyyət və Ermənistanının məsələyə yanaşması ilə Fransa, İtaliya və Almaniyanın o zamankı yanaşması ilə əlaqədər müqayisələr apararaq 4 vacib fərqi qeyd etmişdir: "Siz burada münaqişənin həlli variantı kimi Saar və ya Triolu misal çəkdiniz. Biz bunu başa düşürük. Ancaq istərdim biləsiniz ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə sizin modeli müqayisə etsək burada 4 ciddi fərqi görə bilərik". Birincisi, Fransa, Almaniya və İtaliyadan fərqli olaraq Ermənistan Dağlıq Qarabağda etnik təmizləmə siyasəti həyata keçirərək orada yaşayan bütün azərbaycanlıları qovubdur. İkincisi, yuxarıda adları çəkilən ölkələrdən fərqli olaraq Ermənistan Dağlıq Qarabağa aidiyyatı olmayan ətraf 7 rayonu işğal edib və oradakı yüz minlərlə əhalinin didərgin salıbdır.
Üçüncüsü, yuxarıda adları çəkilən ölkələrdən fərqli olaraq Ermənistan işğal etdiyi Dağlıq Qarabağa və ətraf rayonlara qanunsuz olaraq Ermənistandan və xaricdən erməniləri gətirərərk məskunlaşdırıb, işğal olunmuş ərazilərdə Azərbaycana məxsus bütün tarixi və mədəni abidələri məhv edib və ya özününküləşdirib, işğal etdiyi ərazidə beynəlxalq hüquqa zidd olaraq iqtisadi, maliyyə və digər qanunsuz fəaliyyət həyata keçirir. Dördüncüsü, yuxarıda adları çəkilən dövlətlərdən fəqrqli olaraq Dağlıq Qarabağda birtərəfli qaydada qanunsuz referendum keçirtməklə regionun hüquqi statusunu müəyyənləşdirməyə çalışır. A.Quliyev daha sonra deyib: "Gördüyünüz kimi, Ermənistan tarixdə indiyə kimi olmayan bir presedentə əl ataraq ilk növbədə ərazini işğal edir, oradakı azərbaycanlı əhalini etnik təmizləməyə məruz qoyur və sonra da saxta referendum keçirtməklə Dağlıq Qarabağın siyasi taleyini həll etmək istəyir. Mən bu təkzib olunmaz faktları ona görə gətrirdim ki, hər kəs Ermənistanın bölgədə törətdiyi cinayət əməllərini bir daha görsün. Mən istərdim ki, Ermənistan öz işğalçılıq siyasətindən əl çəkərək qonşu Azərbaycanla Almaniyanın , Fransanın və İtalyanın öz aralarında qurduğu dosluq və əməkdaşlıq mühitində yaşamağı bacarsın". Seminarda xüsusi qonaq qismində iştirak edən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Asəf Hacıyev beynəlxalq təşkilatların qərarlarının dərhal icra olunmasının, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmək üçün Ermənistana təzyiq göstərilməsinin vacibliyini vurğulayıb.
Alim