Ermənistan Azərbaycanı təxribata çəkir
Sərkisyanın Qarabağa gəlişi də buna hesablanıb
19 Aprel 2016 13:49 SiyasətAprelin əvvəllərində təmas xəttində törətdiyi təxribatlara cavab olaraq aldığı sarsıdıcı zərbələrdən özünə gələ bilməyən Ermənistan ordusuna qarşı yaranmış ümidsizliyi, inamsızlığı aradan qaldırmaq üçün Sərkisyan hakimiyyəti dəridən-qabıqdan çıxır. Ermənistan ordusuna itirilmiş inamı bərpa etmək, cəmiyyətdə ruh yüksəkliyi yaratmaq məqsədilə Serj Sərkisyan işğal altında olan Azərbaycan torpaqlarına səfər etmək məcburiyyətində qalıb. Xəbərlərdən də məlum olduğu kimi ötən gün Xankəndinə gələn Serj Sərkisyan burada qondarma rejimin rəhbərliyi və ordu generalları ilə görüşüb, son vəziyyəti müzakirə edib. Bir çoxları Sərkisyanın bu gəlişindən sonra ermənilərin yenidən cəbhədə təxribatlara əl atacağını iddia edirlər. Bildirilir ki, son günlər işğal altında olan ərazilərə əlavə hərbi qüvvələrin cəlb edilməsi də məhz buna hesablanıb.
"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Ermənistan prezidenti Serj Sərkisyanın Xankəndinə gəlməsində iki məqsədi var: "Onun birinci məqsədi Dağlıq Qarabağ əhalisinə ürək-dirək verməkdir ki, qorxmayın arxanızda Ermənistan və onun ordusu dayanıb. Dolayısıyla bu o deməkdir ki, Sərkisyan da 2-5 aprel döyüşlərindən sonra Dağlıq Qarabağın erməni əhalisinin qorxu içində olduğunu anlayır. Qorxu üçün də ciddi əsas var. Azərbaycan ordusunun sürətli yürüşü kifayət edəcək ki, Xankəndi azərbaycanlı hərbçilərin gözlə görünən məsafəsində olsun". Politoloq bildirib ki, Serj Sərkisyanın Xankəndinə səfərində ikinci məqsədi Azərbaycanı təxribata çəkməkdir: "Yəni Sərkisyan ona ümid edir ki, o Xankləndində olduğu müddətdə cəbhədə vəziyyət gərginləşsin və beynəlxalq aləmə deyə bilsin ki, Azərbaycan ordusu onun Dağlıq Qarabağa səfərini pozmaq üçün atəşkəsi pozur. Ona görə də Sərkisyana bu fürsəti vermək lazım deyil. Görüşlərini keçirib helikopterinə minib Ermənistana qayıtsın. Onsuz da onun Xankəndinə gəlişi nə bölgənin erməni əhalisini, nə də separatçıları ruhlandırmayacaq. Yalandan generallarla bir-iki görüş keçirib, xəritələrin qarşısında poz verib çıxıb gedəcək. Biz isə öz işimizi davam etdirməliyik. Hər gün, hər saat işğalçı snayper və ya minomyot atəşindən itki verməlidir, hərbçilərinin sayı azalmalıdır, dronlarımız əvvəlkitək işğalçıları vahimə içində saxlamalıdır. Bu prosesi Serj Sərkisyanın Xankədinə səfərləri dayandırmaq imkanında deyil. Bunu erməni cəmiyyəti anlamağa başlayır. Sadəcə, elə etməliyik ki, bunu daha tez anlasınlar".
Ədalət Partiyasının Ali Məclisinin sədri Mütəllim Rəhimli deyib ki, Qarabağda aprelin əvvəllərində baş verən 4 günlük müharibədə Azərbaycan ordusu Ermənistanın qalib obrazını alt-üst etdi. Cəbhədə sarsıdıcı zərbələr alaraq çoxsaylı itkilər verən düşmən panikaya düşdü: "Üstəlik, Ermənistan daxilində də hakimiyyətin Qarabağ siyasətinə çox ciddi etirazlar başladı. Hazırda iqtidara inamsızlıq getdikcə artmaqdadır. Təbii ki, belə bir vaxtda Sərkisyan hakimiyyətini
qorumaq üçün addımlar atmalıdır. Əks halda ictimai fikirdə hakimiyyətə qarşı yaranmış etibarsızlıq daha da inkişaf edər və Qarabağda məskunlaşdırılan ermənilər təhlükəsizliklərini qorumaq üçün buranı kütləvi surətdə tərk edə bilərlər. Yəqin ki, bunu Sərkisyan hökuməti də dərk edir. Ona görə də Sərkisyan Dağlıq Qarabağa səfər etməklə burada yaşayan ermənilərə mənəvi dəstək verməyə çalışıb. Bir növ onlara göstərmək istəyir ki, narahat olmağa dəyməz, Ermənistan dövləti sizin yanınızdadır. Ancaq düşünmürəm ki, Ermənistan rəhbərliyi cəbhədə itirilmiş mövqelərini qaytarmaq üçün hərbi əməliyyatlara başlasın. Çünki onlar ordumuzun gücünü gördülər və buna cəsarət etməzlər. Lakin xalqın hakimiyyətə qarşı zəifləyən inamını qaytarmaq üçün erməni xislətinə uyğun olaraq atəşkəsi tez-tez pozmağa və Azərbaycan tərəfinin maksimum itki verməsinə çalışacaqlar. Bunun qarşısını almaq üçün ordumuz düşmənin snayperlərindən, minamyot və digər ağır artilleriyasından müdafiəyə hazır olmalıdır".
Politoloq Nurəddin İsmayılov deyib ki, Ermənistan prezidenti Serj Sərkisiyanın işğal altında olan Azərbaycan ərazilərinə gəlişi onun panik vəziyyətdə olmasından, 3 gün ərzində aldığı zərbənin kompensasiya etmək istəyindən irəli gəlir: "Həmçinin Sərkisyan bununla yenidən öz ictimaiyyətini aldatmaq istəyir. Hesab edirəm ki, bu bir dejurnu gedişdir". Bundan sonra cəbhədə gərginliyin artacağının mümkünlüyünıə gəlincə Nurəddin İsmayılov bildirib ki, gərginlik Ermənistanın ağası Rusiyanın ona verdiyi icazə səviyyəsində ola bilər: "Buna baxmayaraq Azərbaycan yarana biləcək gərginliklərə hazır olmalıdır".
Füzuli