İsrailin ərəb ölkələrinə qarşı "Altıgünlük savaş" apardığı dönəmdə yəhudi ordusunda ən yüksək postlardan birində əslən Rəmalla şəhərindən olan fələstinli ərəbin çalışması mümkün idimi? Və yaxud İkinci Dünya Müharibəsi illərində sovet ordusunun Baş qərargahındakı önəmli rütbələrdən birinin daşıyıcısının Köniqsberq şəhərində doğulmuş almanın olması nə qədər realdır?
Sadəcə, mümkün deyildi.
Amma belə sürrealizm Azərbaycanda reallaşmışdı və həmin yanlışlığın, səhvin, bəlkə də qəsdən, bilərəkdən qəbul edilmiş qərarın əks-sədası indi də duyulur.
Bir düşünün: 1931-ci ildə İsmayıllı rayonunda doğulmuş Seyfulla Əbdüləhəd oğlu Yunusov atasını erkən yaşlarında itirir, erməni ailəsində böyüyür, tərbiyə olunur. Elə həmin erməni tərbiyəsinin nəticəsində o, 1952-ci ilin martın 24-də erməni Arşaluys Arsenovna Barseqyanla evlənir.

A.Yunusov və A.Barseqyanın nikahında isə Ramiz və Arif Yunus qardaşları doğulur.
İllər keçir, Arif və Ramiz qardaşları Azərbaycanda Xalq Cəbhəsi dönəmində önəmli dövlət vəzifələrində çalışmağa başladılar.
Onların erməni qohumları indi də Ermənistanda, Rusiyada, habelə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayırlar. Məsələn, Arif və Ramiz Yunusov qardaşlarının dayıları Suren Barseqyanın övladları Arsen, Erik və Armen, habelə Kamilə Şuşada yaşayırlar. Ramiz Yunusun bibiləri Nadya Gevorqyan və Siran Barseqyan isə Rusiyanın Krasnodar diyarında məskunlaşmışdılar.
Ermənilərlə bu qədər bağlı olan Yunuslar ailəsinin mənsubu, hazırda ABŞ-da yaşayan Ramiz Yunusun indi Azərbaycana və xüsusilə də rəsmi Bakıya düşmən kəsilməsinin səbəblərini anlamaq, fikrimizcə, çətin deyil.
Onun fəaliyyət prinsipi çox sadə, primitivdir: "Azərbaycan xalqına və hakimiyyətinin maraqlarına zidd olan nə varsa, mənə yaxşıdır".
Eyni zamanda Ramiz Yunusun "Azərbaycan saatı" proqramında peyda olaraq bu verilişi tərifləməsi də təsadüf deyil.
Parçalanmış AXCP-nin sədri Əli Kərimlinin birbaşa nəzarətində olan, "çəkiliş qrupu və aparıcılar"ının tam əksəriyyətinin AXCP-nin üzvləri, yaxud da bu partiyaya "çox böyük rəğbət bəsləyən" adamlardan ibarət proqram Ramiz Yunusla Skype vasitəsilə əlaqə saxlayaraq onu danışdırıb.
R.Yunus da Birləşmiş Ştatlarda yaşamasına rəğmən, özünü Azərbaycanda baş verən olayların dərin bilicisi, situativ ekspert kimi göstərməyə çalışıb.
Dağlıq Qarabağ münaqişəsi zonasında "dördgünlük müharibə" zamanı Ermənistanın işğalçı qüvvələri ilə qarabağlı erməni separatçılarının birləşmələrinin hücumunun qarşısını alan, əks-hücuma keçərək strateji yüksəklikləri düşməndən azad edən ordumuzun bu qələbəsi AXCP-nin "zits" sədri Əli Kərimlidə az qala isteriya yaratmışdı.

O, Facebook-da ordumuzun şəninə təriflər yağdırsa da, hakimiyyətin "yanlış siyasət" yürütdüyünü və hərbi əməliyyatların perspektivsiz olduğunu yazırdı. Lakin aprelin 5-də atəşkəs elan olunanda Əli Kərimli mövqeyini diametral dəyişdi və hakimiyyətin "uğursuz siyasəti"ndən bəhs etməyə başladı, hərbi əməliyyatların mütləq şəkildə davam etdirilməsinin gərəkdiyini vurğuladı.
AXCP sədrinin belə mimikriyası, sırf öz maraqlarını nəzərə alaraq siyasi buqələmunluq etməsini partiyanın sıravi üzvləri də anlamadılar.
Amma ermənilər anlamışdılar, çünki Ə.Kərimlinin Facebook-dakı səhifəsində yazılan və əslində, Azərbaycana qarşı yönələn bütün "status"ları çox qısa müddətdən sonra Ermənistanın kütləvi informasiya vasitələrində dərc olunur, iqtibas gətirilirdi.
Belədirsə, Ə.Kərimlinin təsirində və kontrolundakı "Azərbaycan saatı"nda Ramiz Yunusun Azərbaycana qarşı yönələn, ordumuzun apardığı hərbi əməliyyatların aşağılanmasına xidmət edən açıqlamaları qətiyyən təəccüblü deyil.
Sərsəm açıqlamalar verərək Bakıya olan nifrətini gizlədə bilməyən Ramiz Yunus "dördgünlük müharibə"ni Azərbaycanın "cinayət"i kimi dəyərləndirir.
Ləyaqət və şərəf kimi anlamlarla bağlı amneziyaya qapılmaq olar, unutqanlıq etmək mümkündür, amma xalqın işğalçılara qarşı apardığı mübarizəni "cinayət" kimi qələmə vermək, erməni işğalında olan ərazilərimizin düşməndən təmizlənməsinə yönəlmiş siyasəti "uğursuzluq" saymaq, sadəcə, mənəviyyatın bilərəkdən kor, əxlaqın da zəlil edilməsidir.
Hər millət özünün ümdə dəyərlərini qoruyur, hər dövlət immun sistemi olan sərhəd toxunulmazlığı və ərazi bütövlüyünü göz bəbəyi sayır. Sərhəd pozulursa, işğalçı dövlətin ərazisinə yeriyirsə, bununla barışmaq mümkün deyil və olmaz.
Əksi xəyanət, mənəviyyatsızlıqdır və düşmənə xidmət etməkdir.
"Azərbaycan saatı"nda Azərbaycan hakimiyyətini tənqid etmək pərdəsi altında xalqı aşağılamaq, cəbhədə şəhid olan əsgərlərin hələ qurumamış qanlarına bihörmətlik etmək, fərd təki özünün mənhus maraqlarını ulusun və dövlətin mənafelərindən dəfələrlə üstün tutmaq, daha sonra da həmin absurd açıqlamaların erməni mediasında peyda olub elə düşmənin yararlandığı vəsiləyə çevrilməsindən xəbərsiz kimi davranmaq üçün insan özünü adını daşıdığı xalqdan tam kənar saymalı, imbisil səviyyəsində kosmopolit, yaxud manqurtlaşmış nihilist olmalıdır.
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin "Din və maarifçilik" mərkəzinin rəhbəri Əntiqə Qurbanova hələ üç il əvvəl, 2013-cü ildə demişdi: "Ramiz Yunus anasının erməni olması faktını irəli çəkərək ABŞ-da siyasi sığınacaq aldı. Özünü azərbaycanlı, müsavatçı, hüquq müdafiəçisi adlandıran bir şəxs niyə həmişə Azərbaycana düşmən kəsilənləri müdafiə edir?! Məsələn, Əlikram Hümbətovu müdafiə edən adam bu addımına və mövqeyinə necə izah verir?!"
Suallar hələ də cavabsız qalıb.
Ramiz Yunusun bir açıqlaması da diqqət çəkir: "Bakı söz başa düşmür və buna görə də Qərb Azərbaycana qarşı ən sərt sanksiyalar tətbiq etməlidir. Bu addım mütləq atılmalıdır".
Erməni İnqilabi Federasiyası-Daşnaksutyun da tam eyni məzmunlu açıqlama vermiş, ABŞ və Avropa Birliyindən "Azərbaycanın cəzalandırılması"nı istəmişdi.
Lakin Ramiz Yunus daşnaklardan da artıq daşnaklıq sevdasına düşdüyündən, bunca ümid bağladığı Qərbə sanksiyalarla kifayətlənməməyə, hakimiyyət dəyişikliyinə nail olmağa çağırır. Yəni faktiki olaraq Ramiz Yunus dövlət çevrilişinə can atdığını gizlətmir.

Ramiz Yunus 2014-cü ilin oktyabrın 28-də "Amerikanın səsi"nə verdiyi müsahibəsində isə kimliyini, məqsədlərini tam ortaya qoyur: "Qardaşımı və onun arvadını tutdular, mən buraya gəldim. Bəs yaxşı, Qərbdəki məlum dairələr düşünmürlər ki, belədə onların maraqlarını Azərbaycanda kim müdafiə edəcək?! Mənimlə görüşən, danışan insanlar düşünmürlər ki, Azərbaycanda onların mənafelərini qoruyanları bax belə incidirlər?!"
AXCP sədri Əli Kərimli "Qərb bizi müdafiə edir" deməklə yalan danışdığını bilsə də, bu ifadədən az qala indulgensiya kimi istifadə edirsə; "Azərbaycan saatı" haradan və kimlər tərəfindən maliyyələşdiyini açıqlamayıb bu barədə suallara "vətəndaşların hesabımıza köçürdükləri ianələr hesabına fəaliyyət göstəririk" deyirsə, Ramiz Yunus da az qala bütün açıqlamalarının dərhal erməni mediasında yayılmasının, hətta manşet xəbərlər edilməsinin səbəblərini demir.
Daha doğrusu, ABŞ-da "görüşdüyü, danışdığı insanlar" arasında Birləşmiş Ştatlardakı erməni diaspor təşkilatlarının rəhbərlərinin, erməni lobbi strukturlarının mənsublarının, ermənipərəst senator və konqresmenlərin olduğunu demək istəmir.
Çünki o, ermənilərin işğalçılıq və terrora yönəlmiş mövqelərini onlardan artıq müdafiə etdiyini etiraf etməkdən çəkinir, son vaxtlar AXCP sədri Əli Kərimlinin siyasi marazmlarından bixəbər olduğunu göstərmək istəyir.
Bütün yalançıların xisləti belədir, nə edəsən...