Zaman Azərbaycanın xeyrinə işləyir
Razi Nurullayev: “Rusiya ilə Ermənistan arasında yaranan soyuq münasibətlər Azərbaycan-Rusiya münasibətlərinin yaxşılaşmasına səbəb olacaq”
18 Aprel 2016 12:30 SiyasətAzərbaycan-Rusiya münasibətlərinin daha da istiləşməsi Qarabağ münaqişəsinin həlli prosesini sürətləndirəcək
Aprel əməliyyatlarından sonra Rusiyanın Dağlıq Qarabağ probleminin həllinə aktivliyinin artması belə bir fikir formalaşdırıb ki, Kreml artıq mövcud status-kvonun saxlanılmasında maraqlı deyil və münaqişənin tezliklə həlli tərəfdarıdır. Bu ərəfədə işğal olunmuş rayonlarla bağlı 5, yaxud 5+2 varinatının da məhz Rusiya tərəfindən səsləndirilməsi kifayət qədər ciddi məqamlardan xəbər verir. Bəs görəsən Rusiya indiki məqamda doğurdanmı Qarabağ probleminin həllinə maraqlıdır? Təsadüfi deyil ki, bu məsələ ilə əlaqədar fikirlər də birmənalı deyil. Bir çoxları Rusiyanın səmimiliyinə inandığı halda, bir başqaları Moskvanın Dağlıq Qarabağ probleminin həllində öz maraqlarının olduğu qənaətindədir. Azərbaycan Xalq Cəbhəsi və "Region" Analitik Mərkəzinin sədri, politoloq Razi Nurullayev deyib ki, Rusiya Qarabağ münaqişəsinin tezliklə həllində maraqlı deyil. Onun sözlərinə görə, rəsmi Moskva bu münaqişədən tərəflərə qarşı təzyiq kimi istifadə edir: "Düşünmürəm ki, hansısa bəyanatların verilməsindən asılı olmayaraq, Ermənistanın siyasi elitası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxsın. Rusiya buna göz yuma bilməz. Ermənistanda bu cür bəyanatların verilməsinə, anti-Rusiya təbliğatının artımasına səbəb bir növ Rusiyaya qarşı təzyiq məqsədi daşıyır". Razi Nurullayev hesab edir ki, hazırda Ermənistandakı anti-Rusiya meylləri Serj Sərkisyanın da maraqlarına cavab verir: "Bununla Serj Sərkisyan Rusiyaya öz mesajını çatdırmaq istəyir ki, hakimiyyətdə olmasam, başqası məni əvəzləsə, anti-Rusiya meylləri sənin maraqlarının üstündən xətt çəkə bilər. Hazırkı situasiya Sərkisyanın həm şəxsi, həm də hakimiyyət maraqlarına tam cavab verir. Amma düşünürəm ki, Rusiyanın köməyi olmadan Ermənistan yaşaya bilməz. Əgər Rusiya Ermənistanın arxasından çəkilsə, Azərbaycan ordusu İrəvana qədər gedər. Düşmən ölkə bunu anlamırsa, demək burunlarından uzağı görmürlər. Bu arada düşmən və irticaçı Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) və Avrasiya İttifaqından çıxmaqla bağlı çağırışlar da səsləndirilir. Düşmən ölkədə bu cür fikirlər, xüsusilə, anti-Rusiya təbliğatı aprelin 2-5-i arası Azərbaycanla baş verən döyüşlərdən sonra daha da artıb. 4 günlük savaş Ermənistanın Rusiyadan gözləntilərinin təsəvvür etdiyimizdən daha çox olduğunu göstərdi. 4 günlük müharibədə Ermənistan Rusiyanın bütün gücü ilə ona kömək etməsini, Azərbaycana müharibə bəyan etməsini gözləyirmiş. Təbii ki, bu yolverilməz olardı - özü də Azərbaycanla müttəfiq olan, Minsk Qrupunun həmsədri olan bir ölkə tərəfindən". Razi Nurullayev bildirib ki, Ermənistanda Avrasiya İttifaqından çıxmaqla bağlı səslənən tələblər populizmdir: "Bunlar müəyyən kütlə, siyasi elita tərəfindən səsləndirilən tələblərdir. Amma ermənilərin əsas siyasi elitası bu fikirləri bölüşmür. Rusiya tərəfi bunu yaxşı bilir. Erməni hakimiyyəti tərəfindən bu cür tələblər səsləndirilsə, o zaman Rusiyanın qəti addımlar atacağı istisna olunmur. Bu qəti addımlara hakimiyyət dəyişikliyindən tutmuş, sanksiyalara qədər hər şey daxildir. Amma hazırda tələblər tələb şəklində də qalır". Partiya sədri onu da qeyd edib ki, hazırkı situasiyada zaman Azərbaycanın xeyrinə işləyir. Rusiya ilə Ermənistan arasında yaranan soyuq münasibətlər Azərbaycan-Rusiya münasibətlərinin yaxşılaşmasına səbəb olacaq. 4 günlük savaşa qədər belə hesab olunurdu ki, zaman ermənilərin xeyrinə işləyir. Amma artıq beynəlxalq təşkilatlar tərəfindən Ermənistana qarşı tələblər artıb, düşmən ölkənin dəstəkçiləri getdikcə azalmaqdadır". Razi Nurullayevin qənaətincə, Azərbaycan-Rusiya münasibətlərinin daha da istiləşməsi Qarabağ münaqişəsinin həlli prosesini sürətləndirəcək: "Çünki söhbət artıq ilin sonuna qədər 5 rayonun qaytarılmasından gedir. Azərbaycanın davamlı və dönməz olması prosesi daha da sürətləndirə bilər".
Füzuli