Millət vəkili: “Hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır”
18 Aprel 2016 11:52 SiyasətMilli Məclisin deputatı Qənirə Paşayeva Zonquldak Türk Ocaqları ilə görüşüb və onları erməni yalanları ilə mübarizədə daha aktiv olmağa çağırıb. "Olaylar" xəbər verir ki, Zonquldağda Türk Ocaqları rəhbərliyi və üzvləri ilə görüşdə Q.Paşayeva topluma örnək olaraq bu günkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib: "Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq". Bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlər, Azərbaycanın işğal olunmuş ərazilərindəki son vəziyyət, son hadisələr barədə geniş məlumatlar verən deputat deyib ki, güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik. Q.Paşayeva qardaşlıq yaxşı gündə də çətin gündə də birlikdə olmaqdır deyib və Azərbaycan xaqının hər zaman qardaş Türkiyənin yanında olduğunu xüsusi vurğulayıb və bütün türk dünyasını, harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk insanını da buna çağırıb:"Bizim dədələrimiz, Azərbaycan türkləri Çanakkalada canlarını qurban verməklə, Nuru Paşanın rəhbərliyi ilə Azərbaycanın ağır günlərində köməyə gələn Anadolu türkləri şəhid olaraq bizə gerçək qardaşlığın necə olduğunu hələ 100 il öncə bir daha yenidən öyrədiblər. Bundan sonra da belə olacaq. Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə də buradakı insanımız qədər sizin, bizim, sizin yaşadığınız o gözəl yurdlarımız da sizin olduğu qədər də bizimdir, bizim də Vətənizmidir. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar". Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür düşüncəsini xüsusi vurğulayan deputat Zonquldağ Türk Ocaqlarındakı çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından da danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə dədələrimizin 100 il əvvəl qurduğu Türk Ocaqlarının üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan Q.Paşayeva onları daha fəal olmağa çağırıb. Q. Paşayeva Zonquldağ Türk Ocaqları rəhbərliyi və üzvlərini Azərbaycana dəvət edib və onların suallarını geniş cavablandırıb. Görüşün sonunda millət vəkili Q.Paşayeva və araşdırmaçı-yazar İmdat Avşar birlikdə hazırladıqları "Karabağ hikayeleri" kitabını imzalayaraq Zonquldağ Türk Ocaqlarının rəhbərliyinə və üzvlərinə hədiyyə ediblər.