Nalbandyan: Ermənistan və Rusiya yalnız sözdə müttəfiq deyil...
14 Aprel 2016 13:19 SiyasətErmənistan və Rusiya yalnız sözdə müttəfiq deyil, bununla yanaşı hüquq-müqavilə əsasları da mövcuddur. RİA Novosti xəbər verir ki, bu barədə Ermənistan XİN rəhbəri Edvard Nalbandyan ölkənin İctimai televiziyasına dünən verdiyi müsahibəsində bəyan edib. "Cəmiyyətdə silah satışı qızğın müzakirələrin mövzusuna çevrilib. Bunun bir biznes olması fikri də var... Əslində erməni-Rusiya münasibətləri biznesə söykənmir. Ermənistan və Rusiya yalnız sözdə müttəfiq deyil, bununla yanaşı, hüquq-müqavilə əsasları da mövcuddur. Bu, Azərbaycan üçün də sirr deyil", - Nalbandyan bildirib. Moskvanın son bəyanatlarında Rusiyanın Ermənistan ilə münasibətlərini Azərbaycanla olan münasibətlərlə eyni tutmasına dair suala cavab verərkən nazir deyib ki, "Rusiya bazası Azərbaycanda yerləşmir, KTMT-nın üzvü Azərbaycan deyil... Rusiyanın müdafiə və hərbi-sənaye sahələrində onlarla sazişi Azərbaycan ilə deyil, Ermənistanladır". Daha öncə Rusiya baş nazirinin müavini Dmitri Roqozin Rusiyanın həm Yerevana, həm də Bakıya silah sataraq maraqların tarazlığına riayət etdiyini bildirmişdi. Bununla yanaşı o, Rusiyanın bu ölkələrdən birinə silah satmağı dayandırdığı halda, onun yerinin ABŞ-ın və ya digər ölkənin tutacağını da vurğulamışdı.