Neft hasilatçıları razılığa gələ biləcəkmi?

Doha görüşü dünya bazarlarındakı qiymətlərə necə təsir göstərəcək?

Hazırda bütün diqqətlər aprelin 17-də Qətərin paytaxtı Dohada keçiriləcək neft hasilatçılarının görüşünə yönəlib. Məhz bu görüşün nəticəsi olaraq dünya bazarlarında neftin yeni qiymətinin müəyyənləşəcəyi bildirilir. Azərbaycanın da qatılacağı Doha görüşü 16 fevral 2016-cı il tarixində sözügedən şəhərində Qətər dövləti, Səudiyyə Ərəbistanı, Rusiya Federasiyası və Venesuela Bolivar Respublikası arasında baş tutmuş görüşün davamı olaraq keçirilir. Həmin görüş zamanı ölkələr neft hasilatının bu ilin yanvar ayındakı səviyyədə dondurulması ilə bağlı təklif irəli sürmüş və digər neft ölkələrini də bu təklifə qoşulmağa çağırmışdılar. Bəs görəsən Doha görüşündən gözləntilər nədir və neft ixracatçıları razılığa gələ biləcəklərmi?

İqtisadçı Natiq Cəfərli deyir ki, Rusiya 2 ay öncə neft hasilatının dondurulması ilə bağlı təkliflə çıxış etdi. Fevral ayında isə Doha şəhərində Səudiyyə Ərəbistanı, Rusiya və Venesuella toplaşdılar: "Həmin iclasda hasilatın 12 yanvar səviyyəsində dondurula biləcəyi haqqında ilkin razılığa gəldilər. Məlumat üçün qeyd edək ki, 12 yanvar günü həm Rusiyada, həm də Səudiyyədə hasilat pik nöqtədə olub. Təxminıən -10,5 milyon barelə yaxın. Sonra bu məsələyə daha 10 ölkə razı ola biləcəyi haqqında xəbərlər çıxdı. Bazara verbal müdaxilələr, bəyanatlar qiyməti 44 dollar səviyyəsinə çatdırdı. Neft bazarında real neft gündə 93-95 milyon barel satılır". İqtisadçı deyir ki, bu razılaşma sənədinin imzalanması artıq 2 dəfə təxirə düşüb, indi son tarix kimi 17 aprel gstərilir: "İran bu anlaşmanı "gülünc" adlandırdı və məlum oldu ki, qoşulmayacaq. Hətta hasilatı yaxın 6 ayda əlavə olaraq 1 milyon barel artıracağını bəyan etdi. Səudiyyə Ərəbistanının neft naziri isə deyib ki, hasilatın azalması məsələsini unudun, biz bazarlarımızı itirməyəcəyik". Natiq Cəfərlinin sözlərinə görə, son 1 həftədə həm Dünya Bankı, həm də Beynəlxalq Valyuta Fondu 2016-cı il üçün neftin ortalama qiymət proqnozlarını açıqladılar: "Onlar 35-37 dollar arası qiymət gözləyirlər. Orta və uzun vadəli bütün trendlər də neftin qiymətinin uzun zaman 30-40 dollar arası olma ehtimalını gücləndirir. Düşünürəm ki, 17 aprel Doha görüşü bazarın gözləntilərini qarşılaya bilməyəcək, bununla da qiymətin kəskin enməsini müşahidə edəcəyik. Çox güman, qiymət 18 apreldən sonra 10-15 faiz aşağı düşəcək. Son günlərin qiymət artımım arxasınca sözlü müdaxilələrdən başqa heç bir fundamental səbəb dayanmır".

İqtisadçı Pərviz Heydərov isə deyib ki, aprelin 17-də baş tutacaq Doha görüşündə OPEC ilə ona üzv olmayan ölkələrin neft hasilatını dondurmaq haqda yekdil qərara gələ biləcəkləri bir qədər çətin görünür: "Bəri başdan qeyd edək ki, buna çox az sayda ekspert inanır. Belə ki, adı çəkilən təşkilata həm üzv, həm də üzv olmayan sayca 15 ölkə arasında keçiriləcək görüşdə "atəşfəşanlıq" üçün heç bir nəticə gözləməmək lazım gəldiyi bildirilir. Hərçənd, bu ilin fevral ayının 16-da keçirilən görüş nəticəsində neftin dünya bazar qiymətləri 27 ABŞ dollarından hazırki 40 dollar həndəvərinə qalxdı. Və hələ də məhz bu ətrafda rəqs etməkdədir. Əvvəla,

ona görə ki, hasilatı dondurmaq haqda qərar qəbul edilsə belə, əksər OPEC, o cümlədən məsələn, Rusiya Federasiyası kimi ölkədə mövcud neft hasilatı nəinki az deyil, proqnozlaşdırılan ən mümkün maksimal səviyyədədir. Üstəlik, tələbatın da genişlənəcəyi heç bir halda gözlənilmir. Ən azı o səbəbdən ki, Çin iqtisadiyyatı üzrə mövcud vəziyyət hələ də qeyri-müəyyəndir". İqtisadçı deyir ki, digər tərəfdən, OPEC-in indiyədək hasilatı nəyə görə azaltmadığı səbəbi də əsla yaddan çıxarılmalı deyil: "Belə ki, adı çəkilən təşkilat hələ 2014-cü ilin noyabrında bu haqda qərar qəbul etsə idi, neft bu qədər ucuzlaşmayacaqdı. Məsələ bundadır ki, buna OPEC-ə daxil olmayan ABŞ-da slans nefti mane oldu. Hansı ki, dünyada ən ucuz neft hasilt edən Səudiyyə Ərəbistanı hələ də buna qalib gələ bilməyib. Əvvəl deyilirdi ki, slans neftinin maya dəyəri 60 dollardır. Lakin uzun müddətdir qiymət 40 dollar ətrafında rəqs etsə də və hətta bir arada bundan aşağı səviyyədə olsa da, adı çəkilən hasilat növü "pis-yaxşı" davam gətirə bilir. Sual olunur ki, Ər-Riyad qiymətlərin yüksəlməsi üçün əsas yaranmasında maraqlı ola bilərmi? Sözsüz ki, yox. Daha bir səbəb isə İranla bağlıdır. Belə ki, Səudiyyə Ərəbistanı ilə bu ölkə arasında münasibətlər məlum olduğu kimi yaxşı deyil". Hər halda bütün ümidlər həftə sonuna yönəlib. Aprelin 17-də baş tutacaq Doha görüşü dünya iqtisadiyyatına yeni nəfəs gətirə və ya onu daha da sarsılda bilər.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31