Gənclik İlham Əliyevin rəhbərliyi ilə Azərbaycana çox böyük uğurlar, qələbələr nəsib edəcək

Fuad Muradov: “Bunun bəhrəsini görməkdəyik”

Aprelin ilk günlərindən cəbhə xəttində baş verən proseslər və Azərbaycan Silahlı Qüvvələrinin qazandığı uğurlar ölkə gəncləri arasında böyük ruh yüksəkliyinə gətirib çıxardı və gənbclər arasında vətənpərvərlik ruhu bir qədər də artdı. Təsadüfi deyil ki, həmin günlər ərzində hətta hərbi çağırış yaşı çatmayan gənclər belə Müdafiə Nazirliyinə müraciət edərək cəbhəyə getmək arzusunu ifadə etdilər. Heç şübhəsiz ki, bu da ölkədə dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsindən asılıdır. Elə Milli Məclisin Gənclər və idman komitəsinin sədri, millət vəkili Fuad Muradov da bu qənaətdədir. O, deyir ki, indiki gənclik Sovet İttifaqı dövründə olan Azərbaycan gəncliyi ilə müqayisəyə gəlməz: " Bəlkə də dövrün, zamanın diqtəsi də burada rol oynayır. Ancaq birmənalı şəkildə deyə bilərəm ki, Prezident İlham Əliyev dövrünün gəncliyi Azərbaycan tarixi dövründə ölkəsinə, millətinə, dövlətinə daha sıx bağlı olan nəsildir. Milli düşüncədə olan bir gənclikdir. Əminəm ki, bu gənclik İlham Əliyevin rəhbərliyi ilə Azərbaycana çox böyük uğurlar, qələbələr nəsib edəcək. Çünki bu nəslin formalaşması siyasətinin təməli Umummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyev ideyaları indi İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Biz indi bunun bəhrəsini görməkdəyik. Elə cəbhədə son hadisələr zamanı gəncliyin tutduğu mövqe hamımızın gözü qarşısnda oldu. Məncə əlavə şərhə heç bir ehtiyac yoxdur". Fuad Muradov bildirib ki, burada şəxsi nümunə böyük rol oynayır və Azərbaycan Prezidenti cənab İlham Əliyev bu mənada bir örnəkdir: "Onun rəhbərliyi ilə tarixə həkk olunan kifayət qədər hadisələr baş verib. Çox da uzağa getməyək. Martın 15-də Azərbaycan Prezidentinin Türkiyə səfərini xatırlamaq dediklərimin sübutu üçün kifayət edir. Tarixdə saysız dövlət başçıları olub. Ancaq tarix yazmaq hər dövlət başçısına qismət olmur. Azərbaycan Prezidenti bu ilin martın 15-də hansı geosituasiyada Anakaraya səfər etdiyini xatırlayın. Belə bir lideri olan gəncliyin, belə bir prezidenti olan millətin başqa yol seçmək haqqı da yoxdur. Müstəqilliyimiz üçün hər şeyə hazır olan gəncliyimiz var. Azərbaycanı xaricdə təmsil edən gənc və güclü insanlarımız var. Elmi, biliyi ilə dünya səviyyəli gənclərimiz var. Bu gün Azərbaycanda idmana xüsusi diqqət var. Bu, Prezidentimizin xüsusilə nəzarətindədir. Baxın, döyüşdə Şəhid olanlarımız ən azı 10 düşməni məhv edib. Bu fiziki gücün, sağlam ruhun, milli təəssübkeşliyin, müstəqillik eşqi ilə yanmağın bariz nümunəsidir". Millət vəkili aprelin əvvəllərində təmas xəttində baş verən hadisələrdən də danışıb. Bildirib ki, hər şey cəmiyyətimizin gözü qarşısında baş verdi: "İşğalçı Ermənistan yenidən hücuma keçdi, mülki azərbaycanlıları hədəf aldı. Məktəblərimizi dağıtdılar. Məktəblilərimiz bir daha erməni gülləsinin qurbanı oldu. Azərbaycan əsgəri ermənilərin bu vandal addımına cavab vermək məcburiyyətndə qaldı. Bu zaman Ermənistan çox böyük itkilərlə üzləşdi. Təxminən 25 ilə yaxındır ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Görünür uzun bir zamanın keçməsi Ermənistan tərəfdə başqa fikirlər yaradıb. Ona görə də yenidən hücuma keçiblər. Ancaq son hadisələr Ermənistana böyük bir dərs oldu. Bunun nəticəsidir ki, işğal edilmiş Azərbaycan torpaqlarında süni məskunlaşdırılan və son hadisələr zamanı oradan qaçan erməniləri Ermənistan hakimiyyəti geri qaytara bilmir. Artıq ermənilər yaxşı anlayırlar ki, Azərbaycan öz dədə-baba torpaqlarını mütləq şəkildə işğaldan azad edəcək. Azərbaycan xalqının bu istiqamətdə əzmi, Azərbaycan ordusunun gücü və onların Ali Baş Komandanımız ətrafında sıx birliyi Ermənistanı və onun havadarlarını ciddi narahat edir. Fikir verdinizsə, Ermənistan az qala yalvararaq, danışıqlara hazır olduğunu bəyan etdi. Ümumən demək istəyirəm ki, son hadisələr cəbhədə dönüş nöqtəsidir. Qələbənin başlanğıcıdır. Bir neçə istiqamətdə strateji yuksəkliklər Ermənistandan geri alındı. Düzdür, Ermənistan bizlə müqayisədə 10 dəfə çox itki verdi. Çox təəssüf edirəm ki, bu zaman biz də xeyli sayda Şəhid verdik. 2016-cı ilin aprelin 1-5 də Şəhidlərimiz çox böyük və şanlı tarix yazdılar. Bir daha qeyd etmək istəyirəm ki, bu son hadisələr böyük qələbənin, torpaqlarımızın işğaldan azad edilməsinin başlanğıc mərhələsidir". Son vaxtlar "Şəhid ailələri ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi zəruridir" kimi fikirlərin gündəmə gəlməsinə münasibət bildirən millət vəkili deyib ki, Şəhid ailələri üçün nələr edilsə, yenə də azdır: "Çünki bir ailədə insan itkisini heç nə ilə əvəzləmək mümkün deyil. Bu, məsələnin başqa tərəfidir. Ancaq onu da bilməliyik ki, Şəhidlik elə yüksək bir zirvədir ki, o zirvədə bir ailənin övladı olmur. Şəhid bütöv bir millətin, xalqın övladı olur. Bütöv bir millət onunla fəxr edir, onunla qürur duyur, onu yad edir, anır. Hər bir Şəhid bizim üçün əzizdir. Bizim üçün müqəddəsdir. Bu məsələ hər zaman dövlət başçı İlham Əliyevin diqqətində olub. Bir neçə gün öncə Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban Əliyeva Şəhid anaları ilə görüşdü. Bir ana kimi onları dinlədi, dərdlərinə şərik çıxdı. Müdafiə naziri Zakir Həsənov yaralı əsgərin əlini öpdü. Budur Azərbaycan dövlətinin şəhidə, şəhid ailəsinə, əsgərə münasibəti. Qaldı qanunvericiliklə bağlı məsələyə, bu birbaşa bizim komitəyə aid olmasa da, yeni təkliflər verəcəyik".


S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31