Azərbaycan prezidenti: “Neftin qiymətinin düşməsi islahatlarla bağlı daha çox iş görülməsini aktuallaşdırıb”

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbul edib. Məlumata görə, prezident İlham Əliyev Palatanın üzvü olan şirkətlərin ölkəmizdə uzun illərdir fəaliyyət göstərdiklərini və Azərbaycanın iqtisadi inkişafına böyük töhfələr verdiklərini vurğulayıb. Azərbaycandakı Amerika Ticarət Palatasının 20 il bundan əvvəl yaradıldığını deyən dövlət başçısı bunun ölkəmizdə sürətli iqtisadi artımın başladığı dövrə təsadüf etdiyini bildirib. Bu yaxınlarda ABŞ-a uğurlu səfərini xatırladan prezident İlham Əliyev Nüvə Təhlükəsizliyi Sammitində iştirak etdiyini, Birləşmiş Ştatların siyasi rəhbərliyi, vitse-prezidenti, dövlət katibi ilə görüşdüyünü, bu görüşlərdə siyasi, iqtisadi, enerji təhlükəsizliyi, həmçinin Amerika Ticarət Palatasının Azərbaycandakı fəaliyyəti ilə bağlı məsələlərin müzakirə olunduğunu qeyd edib. Qarşıda duran planlar barədə danışan dövlət başçısı Azərbaycanın biznes ictimaiyyəti ilə mütəmadi görüşlər keçirdiyini vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi islahatlarla bağlı daha çox işlərin görülməsini aktuallaşdırıb. "İnkişaf etmiş ölkələrin heç biri neft və qaz ilə zəngin deyil. Lakin innovasiya, biznes mühiti, texnologiya sayəsində bu ölkələr inkişaf edərək dünyanın aparıcı qüvvəsinə çevrilə biliblər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31