Gənclərimizdən antimilli mövqeyə etiraz
11 Aprel 2016 17:30 SiyasətAzərbaycan gənclərinin AXCP sədri Əli Kərimlinin evi qarşısında aksiyaları davam edir. Belə ki, aprelin 11-də bir qrup gənc, gənclər təşkilatlarının fəalları AXCP sədri Əli Kərimlinin evi qarşısında aksiya keçiriblər. Məlumata görə, aksiya iştirakçıları Ə.Kərimlinin sosial şəbəkədə qeyd etdiyi antiazərbaycan fikirlərinə etirazlarını ifadə edərək müxtəlif şüarlar səsləndiriblər. Aksiyada gənclər "Əli Kərimli Azərbaycan üçün qara ləkədir", "Gəncləri uçuruma sürükləmə", "Bizə birlik lazımdır, xalqı qarşıdurmaya səsləmə", "Rəhbərinə xəyanət etmiş flüger", "Ya adam ol, ya da vətəndaşlıqdan çıx" kimi şüarlar səsləndiriblər. Qeyd edək ki, ötən gün də analoji aksiya keçirilib və aksiya iştirakçıları Ə.Kərimlinin sosial şəbəkədə qeyd etdiyi antiazərbaycan fikirlərinə etirazlarını ifadə edərək müxtəlif şüarlar səsləndiriblər. Aksiyada gənclər "Rədd ol Azərbaycandan", "Vətən xaininin yeri zindandır", "Əli Kərimli ilə eyni ölkənin vətəndaşı olmaq istəmirik!", "Ordumuzun uğuru Əli Kərimlinin faciəsidir", "Bizə birlik lazımdır, xalqı qarşıdurmaya səsləmə!" kimi şüarlar səsləndiriblər. Xatırladaq ki, AXCP sədri Əli Kərimlinin sosial şəbəkədə müharibə çağırışları Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılanıb. Xüsusən onun bəyənatının erməni mətbuatının manşet yazısına çevrilməsi və bundan ölkəmizə qarşı istifadə edilməsi gənclərin əsəblərini tarıma çəkib. Etirazçılar hesab edirlər ki, Əli Kərimli Azərbaycanda mövcud olan cəmiyyətlə hakimiyyət arasındakı birliyi parçalamaq siyasəti aparır. Xalqın Azərbaycan Prezidentinin yürütdüyü siyasətə etimadından xoflanan, burnunun ucundan uzağı görməyən Əli Kərimlini antimilli mövqeyi başa düşülən deyil. Milli Ordunun zəfər çaldığı, xalqın əhval-ruhiyyəsinin ölkənin ərazi bütövlüyünün təmin olunmasına kökləndiyi bir məqamda belə əks mövqe nümayiş etdirməyin bir adı var-milli satqın. "Qaradan artıq boya olmaz". Əli Kərimli düşmən mövqeyini dəfələrlə ortaya qoyub. Bu üzdəniraq siyasətçi ən taleyüklü məqamlarda belə düşmənin informasiya təxribatına dəstək, stimul və bəhanə verib.