Siyasi cırtdanın yeni xəyanəti: o, sakitləşmək bilmir

Əyyami-qədimdə Buxarada bir alim yaşayırdı, adı da Əbubəkir Məhəmməd ibn Cəfər Nərşahi idi. Günlərin birində o, hamını tənqid edən, əmirin qərarlarını və əməllərini bəyənməyən şagirdini yanına çağırıb deyir: "Yaşlısan, artıq gənc deyilsən və bu səbəbdən də əməllərini anlamaq çətindir. Məntiq, mükəmməllik axtarırsansa, ilk əvvəl başqalarını yox, özünü dəyişməyə çalış. Bütün yeri xalça ilə örtməkdənsə, özünün səndəl geyinməyin daha asan deyilmi?!"AXCP sədri Əli Kərimlinin son günlərdə fəallığını görəndə o müdrik buxaralı alimin deyimini xatırladım.Əslində, Əli Kərimlinin fəallığı siyasi müstəvidə, kütləvi informasiya vasitələrində, ictimai-siyasi məkanda, aksiyalarda və ya illah da ki, xarici ölkələrin mediasında deyil. Siyasi potensialını çoxdan itirmiş AXCP-ni əvvəlcə "klassiklər" və "yurdçular"a bölən, daha sonra da partiyanı radioaktiv parçalanmaya məruz qalmış izotopa döndərən bu adam, sadəcə, sosial şəbəkədə, bir də "Azadlıq" qəzetində fəallıq edir.AXCP barədə bir zamanlar "monolit partiya" iddiası vardı. Fəqət, "cəbhəçilər" elə hakimiyyətdə olduğu illərdə başlanmış təşkilati deqradasiya, maraqların toqquşmasının doğurduğu didişmələr, intriqalar və aşkar boğuşmalar bu partiyanın zahiri "vəhdət"inin efemerliyini göstərdi. Struktur parçalandı, bölündü, sonra yenidən parçalandı və indi AXCP, sanki, Mədain xərabələrinin yeni, antiutopik versiyasıdır.Sosial şəbəkələrdə o daim, fasiləsiz olaraq hakimiyyəti tənqid edirsə, "Azadlıq" qəzetində onun "mövqe"lərini paylaşmayan digər müxalifət təşkilatlarını və siyasətçilərini də hədəfə alır.Dağlıq Qarabağ münaqişəsi zonasında aprelin 2-də hərbi əməliyyatlar başlayıb aprelin 5-dək davam edəndə Əli Kərimli hiperaktivləşdi. Çünki o, məqam tapmışdı, əlinə girəvə düşdüyünü sayırdı.Hərbi əməliyyatların ilk günündən etibarən Əli Kərimli Azərbaycan ordusuna lağ etməyə, hakimiyyətlə xalqı ayıraraq "bu döyüşlər yalnız iqtidarın maraqlarına xidmət edir və hərbçilər də, əslində, vətənpərvər olduqlarından özləri irəli atılırlar" ruhlu statuslarını paylaşırdı.AXCP-nin Feysbuk-dakı saxta profil "usta"ları da dərhal bu statusları "like" edir, siyasət meydanında çoxdan fantoma, xəyuləyə dönmüş və hadisələr bir yana - partiyasındakı proseslərə belə, real təsir imkanlarını çoxdan itirmiş "lider"lərinin cəmiyyət tərəfindən dəstəklənməsi təki illüzor görüntü yaratmaq üçün canfəşanlıq edirdilər.Proses hələ də davam edir: Əli Kərimli siyasətdə tam passiv olsa da, sosial şəbəkələrdə bunun əvəzini çıxmağa çalışır, sanki.Azərbaycan və azərbaycançılıqdan bəhs etməyi sevən Ə.Kərimli, əslində, dərk etmir ki, son günlərdəki mövqeyi, sözləri, bəyanatları və çağırışları ilə yalnız formal olaraq azərbaycanlı adlandırıla biləcəyini göstərdi.

Dağlıq Qarabağdakı "dördgünlük müharibə"dən sonra Əli Kərimli, sanki, konkret sifariş almış qarson təki himayədarlarının masaları arasında vurnuxur və Azərbaycan əsgərinin düşmən üzərindəki qələbəsinin miqyası ilə önəmini azaltmaq üçün giziltili arzularını nümayiş etdirir.

Əli Kərimli Vətəndən, vətənpərvərlikdən yazır. Fəqət, əfsuslar olsun ki, onun son günlərdəki açıqlamalarında vətənpərvərlikdən əsər-əlamət yoxdur. Əksinə, AXCP sədri həddən ziyadə dar düşüncəli, hadisələri adekvat dəyərləndirmək imkanlarından məhrum, psixoloji sindromlar və komplekslərə mübtəla olmuş insan kimi ortaya çıxdı.
Məsələn, o yazır ki, Azərbaycan ordusuna sidq-ürəkdən inanır, amma müdafiə nazirinə və ölkə prezidentinə, Ali Baş Komandana inanmır.
Təhtəlşüur səviyyəsində anlam ziddiyyəti müşahidə olunur ki, psixoanalitiklər də buna koqnitiv dissonans deyirlər.

AXCP sədri nədənsə, yalnız onun alatoranlı şüurunun izah edə biləcəyi səbəblərdən anlamaq istəmir ki, onun inamı və ya etibarı Müdafiə Nazirliyinin rəhbərliyinin, Anadolu türkləri demişkən, "umrunda deyil". Müdafiə naziri Zakir Həsənov döyüş bölgəsindəki şəxsi heyət qarşısında erməni işğalçılarına layiqli cavabın verilməsi tapşırığını qoyub və bu tapşırıq Ali Baş Komandan, ölkə prezidenti İlham Əliyevin müvafiq əmrindən qaynaqlanır.
Hərbçilərimizin bu əmri yerinə yetirdikləri hətta ermənilər tərəfindən etiraf olunub və Ermənistan itkilərinin sayını rəsmi açıqlamaları ilə saatbasaat artırmaqla, əslində, Azərbaycan Silahlı Qüvvələrindən dağıdıcı zərbələr aldıqlarını dolayı yolla bəyan edir.

Əli Kərimlinin qürub etmiş intellektindən doğan məntiqinə görəsə, Azərbaycan ordusunun hərbçiləri döyüşdə heç bir əmr olmadan hərəkət ediblər, döyüşlərə özbaşına atılıblar, strateji yüksəkliklər də sırf təsadüf nəticəsində işğalçılardan azad olunub.

AXCP sədri son günlərdəki əməliyyatların "effektiv olmadığını" vurğulayır, Redyard Kiplinqin "banderloqlar" təki səciyyələndirdiyi bir sıra "həmişəhazıram" məntiqli tərəfdarları da onu dəstəkləyirlər.

Gərçi belədirsə, onda 22 ildən sonra Goranboydakı Tapqaraqoyunlu, Cəbrayıldakı Cocuq Mərcanlı, Ağdərədə isə üç kəndin sakinləri nəyin və kimlərin səyləri nəticəsində erməni işğalçılarının hədəfindən qurtuldular? Necə oldu ki, Ağdərənin Madagis və Talış kəndlərini faktiki olaraq tərk ediblər, həmin məkanlar indi postapokaliptik filmlərin çəkiliş meydançalarını xatırladır? Əli Kərimli "haqlı"dırsa, onda 2 erməni generalı və onlarla yüksək rütbəli erməni zabiti, bəlkə, mətbəxdə yaralanıblar, yoxsa intihar etməyə çalışaraq özlərinə atəş açıblar?!

Təsadüfi deyil ki, Azərbaycandakı müxalifətin ən radikal mənsubları, "Hakimiyyət günahkardır!" idiomasını gündəlik yaşam mantrasına çevirmiş şəxslər belə Qarabağdakı döyüş günlərində verilən qərarları, görülən işləri tam dəstəklədilər və sağlam məntiqdən bilmərrə məhrum olmadıqlarını göstərdilər.

Nə yazıq ki, bu sözləri özünü hamıya və hər kəsə ağıl öyrətməyə məsul "lider" sayan, irreallıq hissinin qurbanına çevrilmiş Əli Kərimli barədə demək mümkün deyil.

Nədən ki, onun davranışı, sözləri, istəkləri və niyyətləri siyasətçi təki tamamilə uğursuz insanın natamamlıq kompleksindən doğan, heç bir real motivi olmayan ifadələrlə zəifliyini, AXCP sədri kimi tam fiaskoya uğramasını göstərdi.

Əsla təsadüf deyil ki, Azərbaycanın cəbhə xəttində və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönəlmiş danışıqlarda mühüm üstünlük əldə etdiyi indiki məqamda Ə.Kərimli və onun yaxın ətrafı daxildə vəziyyəti gərginləşdirməyə xidmət edən çağırışlar irəli sürməyə başlayıblar.

AXCP sədrinin məqsədi ictimai rəyi yanlış istiqamətə yönətməyə, xalqın vətənpərvərlik ruhunu, xalqla hakimiyyət arasında birliyi sarsıtmağa və bununla da dövlətimizin əldə etdiyi mühüm nailiyyətin əhəmiyyətini heçə endirməyə cəhd göstərməkdir.

Xalqın Azərbaycan prezidentinin yürütdüyü siyasətə etimadının və dəstəyinin daha da yüksəldiyi, cəmiyyətlə hakimiyyət arasında birliyin daha da sıxlaşdığı, milli ordumuzun zəfərinin xalqda yüksək əhval-ruhiyyə və Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə, ölkəmizin  ərazi bütövlüyü çərçivəsində həll olunacağına böyük inam yaratdığı bir vaxtda, Əli Kərimli əsl düşmən xislətini bir daha açıq şəkildə ortaya qoydu.
Əli Kərimli əsl düşmən kimi uğurumuzu uğursuzluq, qələbəmizi məğlubiyyət kimi qələmə verir və hakimiyyəti ittiham hədəfinə çevirməyə səy göstərir.

O, guya hərbi əməliyyatların tam qələbəyədək davam etdirilməsini istəyir və əsl vətənpərvər olduğunu, kiçik qələbələrlə yetinmək niyyətində olmadığını, erməni işğalındakı bütün ərazilərimizin azad olunmasını istədiyini nümayiş etdirməyə can atır.

Fəqət, belə deyil. Daha doğrusu, heç belə deyil. Əli Kərimli populist, ura-patriot çıxışlar edir, köpüklü vətənpərvərliyini əqli faciə həddinə çatdırır və bu minvalla ölkə daxilində vəziyyəti gərginləşdirməyə, məntiqi yekuna yaxınlaşan münaqişənin ədalətli şəkildə, sülh yolu ilə həllinə zərbə vurmağa çalışır.

Müharibə tələb edən Əli Kərimli hələ AXCP hakimiyyəti dönəmində, dövlət katibi vəzifəsini icra etdiyi dönəmlərdə taktika, strategiya və hərb elmindən bixəbər adam kimi tanınmışdı.
İndi bu adam müharibə çağırışları edirsə, deməli, onillər əvvəl olduğu kimi, minlərlə azərbaycanlının qanına susadığını gizlətmir.

Əli Kərimli üçün hakimiyyət yanğısı, revanş istəyi Azərbaycanın maraqlarından, xalqımızın mənafeyindən üstün olduğu üçün o, yeni Herostrat olmaq atəşi ilə qovrulur, əslində ermənilərin və Ermənistanın mövqelərini dəstəkləmiş olur.

AXCP sədri siyasi imitasiyalar ustası, şəraitdən və sifarişlərdən asılı olaraq ani mimikriyanı bacaran təcrübəli "siyasi buqələmun"dur. Onun "Biz sonadək müharibə istəyirik!" isteriyasına aldananlar isə tarixi oxusalar, pis olmaz.
Tarix belə adamların yaramaz əməllərinə çox şahid olub və ən bariz misal 1905-ci ildə ona inananları pərişan etmiş keşiş Qapondur.

Əli Kərimli keşiş deyil, çünki onun imanı, sadəcə, hakimiyyət yanğısıdır və heç bir halda səmavi dinlərdən birinin mənsubu təki insan həyatını öz maraqlarından üstün tutmaz. Əksinə, AXCP sədri viran qoyduğu partiyasının taleyini Azərbaycana yaşatmaq istəyini gizlətmir və əslində, onun mənəvi ölümü də elə budur.

Belədirsə, Ermənistan mediasının son günlərdə dəfələrlə Əli Kərimlinin çağırışlarını və açıqlamalarını böyük həvəslə, məmnuniyyətlə, tirajlamasına niyə təəccülənməliyik ki?!

AXCP sədri Əli Kərimlinin ciddi psixoloji reabilitasiyaya ehtiyacı var və bu olmazsa, o, düşüncəsinin zülmətinin yaratdığı xəyulələrdən çətin qurtula.

Orxan Hun
Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31