Erməni lobbisindən sifariş alanlar

Radikal düşərgə yenə öz mahiyyətini ortaya qoydu

Daim hakimiyyət iddiasında olan, bunun üçün hətta Azərbaycana düşmən kəsilən erməni lobbisi ilə müntəzəm olaraq işbirliyinə girən müxalifətin radikal qanadı yenə də öz məkrli fəaliyyətini davam etdirməkdədir.  Xüsusilə, Əli Kərimlinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası özünün ənənəvi dövlətçilik maraqlarına zidd fəaliyyətini hərəkətə gətirib.  Nə qədər qəribə və təccüblü olsa da, Əli Kərimli və onun yaxın ətrafı aprelin ilk günlərində təmas xəttində baş verən hadisələr fonunda da özlərinin dövlətçilik əleyhinə çalışdıqlarını ortaya qoymuş oldular.
Təmas xəttində baş verən erməni təxribatı və bu təxribata qarşı Azərbaycan Silahlı Qüvvələrinin sarsıdıcı zərbələr endirməsi  7-dən 77-yə qədər hər bir Azərbaycan vətəndaşında qürur, sevinc hissi formalaşdırdı, ruh yüksəkliyi yaratdısa, Əli Kərimli və onun komandasını bir o qədər məyus etdi. İlk günlərdən etibarən Əli Kərimli və onun yaxın ətrafının sosial şəbəkələrdə şərti adlarla Azərbaycan Ordusunun uğurlarına kölgə salan statuslar paylaşması, onlara xidmət edən mətbu orqanlarda təxribat xarakterli materialların dərc edilməsi bunu açıq şəkildə sübuta yetirirdi. Birmənalı olaraq bu kimi addımlar, hərəkətlər Azərbaycan xalqında ruh düşkünlüyü yaratmağa, Ali Baş Komandan və Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi uğurlara kölgə salmağa hesablanmışdı. Lakin xalqın belə bir həssas məqamlarda həmrəylik nümayiş etdirməsi erməni maraqlarına xidmət edən Əli Kərimli və onun yaxın ətrafının pozuculuq fəaliyyətinin reallaşmasına imkan vermədi.
Təmas xəttində atəşkəs barədə razılıq əldə olunandan sonra isə antiAzərbaycan şəbəkə yeni bir təxribata, pozuculuq fəaliyyətinə əl atdı. Belə ki, atəşkəsin əldə olunmasını Azərbaycanın məğlubiyyəti kimi qələnə verməyə çalışan Əli Kərimli və onun tərəfdarları bu dəfə "hakimiyyət müharibə etməyi bacarmadı" kimi məntiqsiz, mənasız ifadələr dövriyyəyə gətirdi.  Dağlıq Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq vasitəçilərin fəallığının artdığı bir ərəfədə isə Əli Kərimli və onun ətrafı müharibənin davam etməsi kimi cəfəng fikirlər səsləndirməyə başladılar. Halbuki həmin fikirlərlər çıxış edənlərin ya özləri, ya da övladları Azərbaycanı "siyasi mühacir" kimi tərk etmiş şəxslərdir.
Hazırda isə erməni maraqlarına xidmət edən bu dairələr Azərbaycanın nailiyyətlərinə, Silahlı Qüvvələrimizin əldə etdiyi uğurlara kölgə salmaq üçün yeni bir addıma əl atıb. Belə ki, Əli Kərimli və onun nəzarətində olan mətbu orqanlar maliyyə dəstəyi aldıqları erməni lobbisi və onlara xidmət edən erməni saytlarında gedən Azərbaycan əleyhinə materialları dərc edərək Azərbaycan oxucusu, xalqını bu cür yalan məlumatlarla aldatmağa, ictimai rəyi çaşdırmağa çalışır. Gəh cəbhədə gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin göstərilən rəsmi rəqəmlərdən daha çox itgi verdiyi iddia olunur, gah da ordumuzun ermənilərlə döyüşdə məğlub duruma düşdüyü xəbəri yayılır. Təbii ki, bütün bunlarda məqsəd Azərbaycan ictimaiyyətində çaşqınlıq yaratmaq, onun ruh yüksəkliyini azaltmaqdır.
Ancaq hazırda ortaya olan mənzərə ondan ibarətdir ki, hər zaman olduğu kimi bu dəfə də erməni dairələrinin maraqlarına xidmət edən, erməni lobbisinin maliyyə dəstəyi ilə öz fəaliyyətini  quran Əli Kərimli və onun yaxın ətrafına Azərbaycan cəmiyyəti inanmır, onun təxribatçılıq əməllərinə uymur. Son günlər istər paytaxt, istərsə də respublikanın müxtəlif regionlarında əhalinin kütləvi şəkildə küçələrə çıxaraq Azərbaycan Silahlı Qüvvələrinə, onun Ali Baş Komandanına dəstək nümayiş etdirməsi deyilənləri təsdiqləyir.  Bununla Azərbaycan xalqı həmçinin o iradəni, tələbi ortaya qoymuş olur ki, Azərbaycanın milli maraqlarına zidd fəaliyyət göstərən, erməni dairələrinə qulluq edən ictimai-siyasi qurumların, onların rəhbərləri nəhayət ki, antiAzərbaycan mövqelərinə görə öz layiqli cəzalarını almalı, mıəsuliyyətə cəlb edilıməlidirlər. Yaxud erməni lobbisinə xidmət edən həmin dairələr Azərbaycanı tərk edərək gedib öz ağalarının yanında yaşamalıdırlar.


Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31