Kiyevdə Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Bu gün Ukraynada fəaliyyət göstərən Azərbaycan gənclər təşkilatlarının fəal üzvlərinin təşəbbüsü ilə Ermənistanın Ukraynadakı səfirliyi qarşısında etiraz aksiyası təşkil olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, aksiyanın məqsədi son günlər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən hərbi təxribatlara etiraz etmək olub.Aksiya iştirakçıları "Qarabağ Azərbaycanındır" , "Qarabağ bizimdir" "Ermənilər, Qarabağdan rədd olun!" kimi şüarlar səsləndiriblər. Həmçinin əllərində 3 dildə (Azərbaycan, Ukrayna və ingilis) "Erməni aqressiyasına son!", "Mən Qarabağa - evimə qayıtmaq istəyirəm!" plakatları tutublar. Mitinqdə çıxış edən gənclər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitlərinə dəstəklərini ifadə ediblər. Onlar 1-5 aprel tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulmasını və dinc əhalinin öldürülməsini qətiyyətlə pisləyib, Ermənistan dövlətindən Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməyi tələb ediblər. Nümayişçilər Ermənistan səfirliyi binasının giriş qapısının qarşısında üzərində "Artıq işğal olunmuş torpaqlardan qaçmağın vaxtıdır" sözləri yazılmış çantalar qoyublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31