Dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
Məhəmməd Əsədullazadə: “Cəbhə bölgəsində işğalçı ordu daima mülki şəxsləri hədəf alır”
8 Aprel 2016 14:41 SiyasətSon günlər regionda bir diplomatik hərəkətlilik müşahidə edilir. Xüsusilə təmas xəttində qeydə alınan erməni təxribatından sonra başlanan hərbi əməliyyatlar sözügedən diplomatik hərəkətliliyin artmasına gətirib çıxarıb. Artıq Dağlıq Qarabağ probleminin həlli varinatı üzərində iş getdiyi də bildirilir. Hətta Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş 5 rayonunun işğaldan azad edilməsi kimi təşəbbüslər də gündəmə gəlməkdədir. Bəs görəsən regionda diplomatik hərəkətliliyin artmasının başlca səbəbi nədir? 20 ildən artıq müddətdə Dağlıq Qarabağ probleminin həlli istiqamətində cüzi bir addım atmayan vasitəçilər və onların təmsil etdiyi dövlətlərin hazırkı situasiyada münaqişənin həlli ilə bağlı müşahidə edilən aktivliyinin arxasında nə dayanır?
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə deyir ki, Azərbaycanın hərbi qüdrəti və ortaya qoyduğu qətiyyətli mövqe beynəlxalq güclərin Qarabağ probleminin həllində ciddi addımlar atmasını zəruri etdi: "Həmçinin Azərbaycanın hərbi qüdrəti sübut etdi ki, biz məğlub dovlet deyilik. Bunu həzm edə bilməyən güclər isə təbii ki, belə bir məqamda hərəkətə keçməli idilər. Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını 20 ildən artıqdır ki, işğalda saxlayır. Təbii ki, bu Ermənistanın öz gücü ilə deyil, forpostu olduğu dövlətin gücü hesabına baş verib. Təssüflər olsun ki, Ermənistan bu işğalı günümüzdə də davam etdirir". İnstitut rəhbərinin sözlərinə görə, munaqişənin həlli üzrə ixtisaslaşmış ATƏT-in Minsk qrupu isə bu illərdə əhəmiyyətli şəkildə irəliləyişə nail olmaq əvəzinə status-kvonun saxlanması istiqamətində işlər aparırdı: "Təbii ki, bunu ölkəmiz çox narahatlıqla qarşılayır və öz iradlarını ciddi şəkildə dilə gətirirdi. Eyni zamanda ölkəmiz öz haqq səsinin beynəlxalq aləmə çatdırılması istiqamətində də çalışırdı". Məhəmməd Əsədullazadənin sözlərinə görə, bu illər ərzində aparılan danışıqların müsbət nəticə ilə sonuclanmaması Azərbaycanın ordu quruculuğuna ciddi hazırlaşması, güc yolu ilə danışıqlarda irəliləyişə nail olmağımızı şərtləndirirdi: "Cəbhə bölgəsində işğalçı ordu daima mülki şəxsləri hədəf alır və ordumuzun mövqelərini artilleriya silahlarından atəşə məruz qoyurdu. Buna cavab olaraq aprelin 2-dən ordumuz düşmənə ilk həmlədə sarsıdıcı zərbələr vurdu. Hətta erməniləri gözləmədiyi şəkildə ciddi itkilərə məruz qoyaraq üstünlüyü ələ aldı, məğlubiyyət sindromunu məhv etdi. Aprelin 5-nə kimi çəkən müharibədə düşmənə və onun havadarlarına ciddi mesaj verildi və ordumuz tam üstünlüyü ələ aldı. Ordu və xalqın birliyi düşmən və onun havadarlarını ciddi şəkildə pat vəziyyətinə qoydu". İnstitut rəhbəri deyir ki, məhz Azərbaycan ordusunun qüdrəti diplomatiyanı işə saldı: "Rusiya və ATƏT-in Minsk qrupu təcili şəkildə ölkəmizə təşrif buyuraraq ermənilərin məğlubiyyətinin qarşısını aldılar". Məhəmməd Əsədullazadə hesab edir ki, Azərbaycan güclü ordusu ilə danışıqlarda artıq güclü tərəfdir: "ATƏT və Rusiya Qarabağ münaqişəsinin həlli variantını artıq dilə gətirir. Hətta, Rusiya işğal altında olan 5 rayonun azad edilməsini açıq şəkildə bəyan edir. Azərbaycan güzəş edərək atəşkəsi dayandırdı, indi də münaqişənin tez bir zamanda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olmasını gözləyir. Ermənistanın havadarları, eləcə də Rusiya vasitəçiliyi boynuna götürüb və aparılacaq danışıqlarda irəlləyişin olacağını vurğulayır. Şərtlər necə olacaq və Azərbaycanın hansı güzəştlərə gedə biləcəyi isə hələlik məlum deyil. Ancaq bütün halda bizim milli təhlükəsizliyimizə xələl gəlməməlidir". Məhəmməd Əsədullazadənin sözlərinə görə, Rusiya çalışacaq ki, sülhməramlı qüvvələri yenidən regiona yeridilsin: " Bu isə ölkəmiz üçün arzuolunan variant deyil. Bütün bunlara rəğmən onu deyə bilərəm ki, son on gündə münaqişənin həlli istiqamətində hər hansı irəliləyişin olacağı istisna edilmir. Yenə danışıqlar imitasiya xarakteri olarsa, Ermənistana vaxt uzatmaq kimi hesablanarsa, ordumuz güc yolu ilə yarıda qoyduğu uğurlu əməliyyatı gerçəkləşdırəcək. Təbii ki, Rusiya ciddi şəkildə münaqişə tərəflərinə ciddi təzyiq edir. Amma buna baxmayaraq Azərbaycanı dəstəkləyən qüvvələr yetərincədi. Azərbaycan bu haqq savaşında tək deyil. Danışıqlar yolu ilə torpaqlarımızın geri alınması ciddi məsələ olaraq qalır. Amma, güc yolu ilə bu il ərzində ərazi bütövlüyümüzü təmin edə bilərik. Artıq, dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Və son dörd gündə aparılan əməliyyatlar bunu sübut etdi. Avropa və ABŞ susqunluq göstərərək, ərazi bütövlyümüzü dəstəklədi".
Füzuli