Yeni anti-NATO koalisiyası formalaşır?
Hərbi Alyans adekvat addımlar ata bilər
8 Aprel 2016 13:05 SiyasətSuriyadakı prosesləri artıq kənardan izləməyə üstünlük verən Rusiya hazırda Cınubi Qafqaz regionu, xüsusilə postsovet ölkələrində maraqlarının maksimum dərəcədə təmin olunması, orada möhkəmlənməsi istiqamətində çalışır. Hər halda Kremlin Dağlıq Qarabağ probleminin həllində artan fəallığı, postsovet ölkələri ilə hərbi əməkdaşlıqda yeni bir mərhələnin başlanması belə deməyə əsas verir. Elə bir müddət əvvəl Belarusun paytaxtı Minskdə MDB Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin toplantısı və həmin toplantıda qəbul edilən qərarlar da bundan xəbər verir. Məlumat üçün qeyd edək ki, sözügedən toplantıda Rusiya ilə yanaşı Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın nümayəndə heyətləri də iştirak edib. Azərbaycandan tədbirə Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov qatılıb. Təsadüfi deyil ki, bir çox hərbi ekspertlər Minsk görüşünü Rusiyanın növbəti anti-NATO toplantısı kimi də dəyərləndirirlər. "Xəzər" Hərbi Tədqiqatlar İnstitutunun hazırladığı hesavatda qeyd olunur ki, bu görüşü faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) + Azərbaycan formatlı görüş də hesab etmək olar. Ona görə ki, Azərbaycan istisna olmaqla qalan ölkələrin hamısı Rusiyanın rəhbərlik etdiyi KTMT-nın üzvləridir. Rusiya Müdafiə Nazirliyi bildirir ki, iclasda əsas diqqət MDB ölkələrinin 2020-ci ilədək hərbi əməkdaşlığını nəzərdə tutan konsepsiyanın gerçəkləşməsi yollarının və 2017-ci ildə Birlik dövlətlərinin Silahlı Qüvvələrinin keçirəcəyi birgə tədbirlərin keçirilməsi məsələlərinin müzakirəsinə yönəldilib. Rusiya 2020 Konsepsiyasını əslində NATO-2020 Strateji Konsepsiyasına alternativ olaraq düşünüb. NATO-2020 Strateji Konsepsiyası 2009-cu il qızğın müzakirələrindən sonra növbəti ildə təsdiqlənmişdi və 10 il ərzində dünyada təhlükəsizlik mühitinin təmin olunması istiqamətində üzv və tərəfdaş ölkələrin birgə əməkdaşlıq müxanizmlərinin nəzəri və təcrübi qaydalarını əks etdirir. Bunun ardınca Rusiya da 2010-cu ildə ildə oxşar sənəd hazırlamaq qərarı verdi və 2015-ci ilə qədər dövrü nəzərdə tutan sənəd daha sonra Konsepsiya 2020 ilə əvəzləndi. Sözügedən sənəddə MDB ölkələrinin və ümumilikdə regionda təhlükəsizliyin təminatı, təhdid və təcavüzlərə qarşı birgə fəaliyyət, mübarizə qaydaları və s. əksini tapıb.
Qeyd edək ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Qerasimovun sədrliyi ilə keçirilən iclasda MDB iştirakçıları olan ölkələrin müdafiə nazirlərinin hərbi əməkdaşlığının müxtəlif istiqamətlərinə dair 11 məsələ müzakirəyə çıxarılıb. İclasda MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektləri də müzakirə olunub. Nümayəndə heyətlərinin rəhbərləri iclasda müdafiə sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar. Görüşlərdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb.
Xəzər Hərbi Tədqiqatlar İnstitutuna daxil olan məlumata görə, Qərargah rəislərinin toplantısında "tərəfdaşlıq münasibətlərinin əsasında birgə hərbi təhlükəsizliyin təmin edilməsi istiqamətində hərbi əməkdaşlığın konseptual tərəfləri" müzakirə də olunub.Diqqət mərkəzində olan məsələlər hərbi əməkdaşlıqda konkret perspektiv istiqamətlərin müəyyənləşdirilməsi, 2017-ci ildə birgə quru, hava və dəniz təlim-tədbirlərinin keçirilməsi: üzv ölkələrin Hava Hücumundan Müdafiə Qoşunlarının Birləşmiş Sisteminin "Döyüş Birliyi" adlı birgə komanda-qərargah təlimləri, MDB ölkələri Silahlı Qüvvələri arasında əlaqələrin güclənməsi məqsədi üçün bütün növ rəhbər heyətin, mütəxəssislərin təlim-metodik toplanışları, mühəndis-istehkam birləşmələrinin toplanışları və s. olub. Hərbi təhsil-tədris, kadrların təminatı, Müdafiə Sənayesi sahəsində əməkdaşlıq, silah və hərbi texnikaların təchizatı və təmiri sahəsində məsləhətləşmələr də müzakirələrdə yer alıb. Faktiki olaraq Azərbaycan tərəfi Rusiya Müdafiə Nazirliyinin təklif etdiyi və müzakirə proqramına daxil edilən bütün məsələlərə razılıq verib və ekspertlərin fikrincə, ümumilikdə bu, Azərbaycan Respublikasının hazırkı və gələcək milli təhlükəsizlik maraqlarına ziddir və Avroatlantik məkana inteqrasiyasını ciddi sual altına salır.
Maraqlıdır ki, bir neçə gün öncə Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Amerikada Pentaqon nümayəndələri ilə əməkdaşlığın gələcək perspektivlərini müzakirə edib.
Füzuli