ABŞ-ın daha bir ştatında Xocalı soyqırımıyla bağlı qətnamə qəbul edilib
8 Aprel 2016 11:44 SiyasətABŞ-ın Minnesota ştatının Nümayəndələr Palatası Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar qətnamə qəbul edib. AZƏRTAC bildrir ki, qətnamədə deyilir ki, Xocalı soyqırımı Ermənistanın Azərbaycana hərbi təcavüzü və ona qarşı apardığı etnik təmizləmə çərçivəsində keçmiş SSRİ qoşunlarının 366-cı motoatıcı alayının köməyi ilə erməni silahlı birləşmələri tərəfindən törədilib. İşğal edilmiş zonanı tərk etməyə çalışan dinc əhali qırğına məruz qalıb. 613 adam, o cümlədən 106 qadın, 83 uşaq və 70 qoca erməni hərbçiləri tərəfindən qətlə yetirilib. Sənəddə qeyd edilir ki, bəzi ekspertlər Xocalını Azərbaycanın "Srebrenitsası" adlandırıblar. Sonra BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 844 nömrəli qətnamələri sadalanıb. Qətnamədə bildirilir ki, Minnesota ştatının Nümayəndələr Palatasının Qaydalar və inzibati orqanlar komitəsi bütün bu faktları nəzərə alaraq, 2016-cı il fevralın 26-nı Xocalı qırğını qurbanlarının Anım günü elan edib. Qətnaməni Nümayəndələr Palatasının üzvü Pol Rozental, Qaydalar və inzibati orqanlar komitəsinin sədri Coys Peppin və Nümayəndələr Palatasının sədri Kört Daud imzalayıblar. Qətnamə ABŞ Azərbaycanlıları Şəbəkəsinin Xocalıda törədilən hərbi cinayətlər barədə Amerika ictimaiyyətini məlumatlandıran illik kampaniyası çərçivəsində qəbul edilib.