Kopenhagendə Ermənistan səfirliyi qarşsında etiraz aksiyası keçirilib
8 Aprel 2016 11:12 SiyasətDanimarkada yaşayan azərbaycanlılar son günlər Ermənistan ordusu tərəfindən atəşkəsin pozulması və cəbhədə törətdikləri hərbi təxribatlara etiraz etmək məqsədi ilə Ermənistanın Danimarkadakı səfirliyi qarşısında aksiya keçirib. "OLAYLAR"-a daxil olan məlumata görə, etiraz aksiyasında türk və türkmən diaspor təşkilatlarının nümayəndələri də iştirak edib. Mitinqdə çıxış edənlər aprelin 1-dən 2-ə keçən gecədən başlayaraq Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulmasını, dinc Azərbaycan əhalisinin atəşə tutulmasını qəti şəkildə pisləyib. Çıxışçılar həmçinin, Ermənistan dövlətini BMT Təhlükəsizlik Şurasının 4 müvafiq qətnaməsini yerinə yetirməyə, Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməyə çağırıb. Mitinqin sonunda Ermənistan səfirliyinə əməkdaşlarına mitinqin bəyannaməsi təqdim edilsə də, səfirlik əməkdaşları bəyannaməni qəbul etməkdən imtina ediblər. Səfirliyin qarşısındakı poçt qutusu bağlı olduğundan aksiya iştirakçıları bəyannaməni poçt vasitəsi ilə göndəriblər.