Dünya ictimaiyyəti Azərbaycan xalqına bu problemi həll etməkdə yardımçı olmalıdır
7 Aprel 2016 16:17 SiyasətBelarusun birinci qəzeti olan "Naşa Niva"-nın rəsmi internet səhifəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Belarusda yaşayan azərbaycanlı, Belarus Azərbaycanlıları İcmaları Konqresinin sədri Natiq Bağırov və erməni caz musiqiçisi Pavel Arakelyanın açıqlaması dərc edilib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, Natiq Bağırov qəzetə verdiyi açıqlamasında qeyd edib ki, bütün hərbi əməliyyatlar Azərbaycan ərazisində baş verir. Azərbaycanın heç bir özgə torpağa iddiası olmadığını bildirən Azərbaycan İcmasının sədri vurğulayıb ki, Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etmələri ilə bağlı Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsi var. Natiq Bağırov açıqlamasında həmçinin bildirib ki, dünya ictimaiyyəti Azərbaycan xalqına bu problemi həll etməkdə yardımçı olmalıdır: "Biz hər zaman bu münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarı olmuşuq, ancaq Azərbaycan Respublikası Prezidentinin qeyd etdiyi kimi bizim torpaqlarımızı qaytarmaq üçün gücümüz və imkanlarımız böyükdür. Qarabağdan bizim 1 milyondan çox məcburi köçkünümüz var".