Eldar İbrahimov: "Ermənilər və havadarları son hadisələrdən ibrət dərsi götürməlidirlər"
7 Aprel 2016 16:00 Siyasət"Azərbaycan ordusunun son uğurlu hərbi əməliyyatları hamı kimi, heç şübhəsiz məni də ürəkdən sevindirir. Azərbaycan Ordusu öz qüdrətini, öz rəşadətini, öz yüksək döyüş qabiliyyətini, öz gücünü bir daha ortaya qoydu, nəyə qadir olduğunu bütün hər kəsə, düşmənlərimizə də, dostlarımıza da nümayiş etdirdi". Bunu deyən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun sözlərinə görə, belə bir ordu ilə fəxr etməmək, qürurlanmamaq mümkün deyil: "Eyni zamanda, Təhlükəsizlik Şurasının iclasında ölkə Prezidenti cənab İlham Əliyevin də bildirdiyi kimi, nə qədər ki, Ermənistan bu təxribatçı əməllərdən əl çəkməyəcək, Azərbaycan ordusu bundan sonra da onları cəzalandıracaq". Millət vəkili bildirib ki, bundan sonra da düşmənin, işğalçı Ermənistanın silahlı birləşmələrinin hücumları qətiyyətlə dəf olunacaq və onlara layiq olduqları cavab veriləcək: "Bildiyiniz kimi, aprelin 1-dən 2-nə keçən gecə işğalçı erməni hərbi birləşmələrinin növbəti dəfə atəşkəsi pozması nəticəsində cəbhə xəttində vəziyyət yenidən gərginləşdi. Ancaq Azərbaycan xalqı, Azərbaycanlı Silahlı Qüvvələri, Milli Ordumuz düşmən qarşısında öz gücünü, öz qüdrətini bir daha nümayiş etdirdi. Ordumuz nəinki erməni hərbi birləşmələrinin hücumlarının qarşısını qətiyyətlə dəf etdi, hətta, işğal altındakı bir neçə çox əhəmiyyətli strateji yüksəkliyi düşmən tapdağından azad etdi. Eyni zamanda, qana susamış yüzdən çox erməni silahlısını məhv etdi, xeyli sayda erməni hərbi texnikasını sıradan çıxardı və bununla bir daha sübut etdi ki, heç kim Azərbaycan Ordusu, Azərbaycan dövləti və xalqı ilə "zarafat" edə, onu qorxuda, öz mövqeyindən geri çəkindirə bilməz. Həmçinin, heç bir qüvvə Azərbaycan dövləti, Azərbaycan xalqı və Azərbaycan Ordusunun iradəsini, əzmini sındıra, qıra bilməz və buna yönəlik bütün cəhdlər də anındaca məhvə məhkum olacaq". Son hadisələrin cəmiyyətdə böyük ruh yüksəkliyi yaratdığını xüsusilə vurğulayan E. İbrahimov bu baxımdan hesab edir ki, Azərbaycan ərazilərinin 20 faizi düşmən tapdağı alıtında olsa da, Azərbaycan dövləti, Azərbaycan xalqı heç zaman bu işğalı qəbul etməyib və etməyəcək: "Dövlət başçımızın da hər zaman bəyan etdiyi kimi, Azərbaycan bir qarış torpağını belə heç kimə güzəştə getməyək və bütün siyasi-hərbi vasitələrlə öz torpaqlarını işğaldan azad, ərazi bütövlyünü, sərhədlərinin toxunulmazlığını tam təmin edəcək. Bir sözlə, Ali Baş Komandanımızın rəhbərliyi altından ildən-ilə güclənən, qüdrətlənən Azərbaycan Ordusu son günlərdə olduğu kimi, hər zaman düşmənə layiqli cavabını verəcək. Buna heç kimin şübhəsi olmasın!" Ermənilərin, işğalçı Ermənistan rəhbərliyinin atəşkəs, kompromis çağırışlarının da Azərbaycan ordusunun gücünün etirafı sayan millət vəkili bildirib ki, artıq son hadisələrdən erməni işğalçıları və onların himayədarları ciddi nəticə çıxarmalı, ibrət dərsi götürməlidirlər: "Hazırda atəşkəsdir, danışıqlar prosesi davam edir. Erməni işğalçıları bunu yaxşı dəyərləndirməli, nəhayət, ağılları başlarına gəlməlidir. Onlar əgər Azərbaycan dövləti və ordusunun yenidən sərt reaksiyası ilə üzləşmək, sərt üzü ilə qarşılaşmaq istəmirlərsə, danışıqlar prosesində konstruktiv mövqe tutmalı, Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsinə razı olmalıdırlar. Əks təqdirdə, bu, onlara daha baha başa gələcək".